Paşinyan Ermənistanda nasizmi qəhrəmanlaşdırmaqda davam edir | 1news.az | Xəbərlər
Siyasət

Paşinyan Ermənistanda nasizmi qəhrəmanlaşdırmaqda davam edir

16:30 - 13 / 05 / 2020
Paşinyan Ermənistanda nasizmi qəhrəmanlaşdırmaqda davam edir

Mayın 9-da nasist Almaniyasının və müttəfiqlərinin məğlubiyyətinə əvəzsiz töhfələr verən milyonlarla insanın cəsarəti və qəhrəmanlığı sayəsində qazanılmış Böyük Vətən Müharibəsindəki Qələbənin 75 illiyini qeyd etdik.

Azərbaycanda da Qələbənin 75 illiyi yüksək emosional səviyyədə qeyd olundu.

Azərbaycan Prezidenti İlham Əliyev Vladimir Putinə zəng edərək Rusiya liderini və bütün Rusiya xalqını Qələbənin 75 illiyi münasibətilə təbrik etdi. Prezident Vladimir Putin cavab olaraq təbriklərə görə minnətdarlığını bildirdi və Qələbə günü münasibətilə Azərbaycan Prezidentinə və xalqına təbriklərini çatdırdı.

Prezident İlham Əliyev həmçinin Rusiya mətbuatında ətraflı müsahibə verərək 9 may tarixinin “ümumi Böyük Qələbəmizin günü” olaraq qaldığını vurğuladı.

Dövlət başçısı müsahibəsində MDB məkanında nasizmin qəhrəmanlaşdırılması ilə bağlı təhlükəli cərəyanlara da diqqət çəkdi:

“Bu gün tarixi yenidən yazmaq, faşistləri qəhrəmanlaşdırmaq, tarixi həqiqəti təhrif etmək kimi təhlükəli meyillər müşahidə edirik. Biz buna çox ciddi yanaşmalıyıq. İstər tarixin yenidən yazılması, istərsə də faşizmin qəhrəmanlaşdırılması qətiyyən yolverilməzdir.

Təəssüf ki, MDB məkanında, o cümlədən Ermənistanda da faşizmin qəhrəmanlaşdırılması baş verir. Ermənistanın əvvəlki hakimiyyəti Yerevanın mərkəzində faşist cəllad və satqın, alman faşistlərinə Qaregin Njde ləqəbi ilə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub”.

Qələbə günündə postsovet məkanının bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da sosial şəbəkələrdə “Ölümsüz alay”, “Qələbəni və qələbə gününü xatırla” adlı aksiyalar həyata keçirildi, nasizm ideologiyasına qarşı vuruşan və Qələbə uğrunda canlarını fəda edənlərin əziz xatirəsi anıldı.

Yalnız Ermənistanda Qələbənin 75 illiyinin qeyd olunması ilə bağlı vəziyyət bir az fərqli oldu. Hələ Qələbənin 75 illiyi ərəfəsində mətbuatda rəsmi İrəvanın keçmiş SSRİ xalqları üçün müqəddəs olan bayramı qeyd etməkdən imtina etmək niyyətində olduğu bildirildi. Faşizm ideologiyasına xidmət etmiş və faşistlərin tərkibində SSRİ-yə qarşı döyüşmüş Qaregin Njdeyə Ermənistan paytaxtının mərkəzində abidə ucaldılması, kitablarının bir neçə dəfə nəşr edilməsi, onun xatirəsinə sikkələrn zərb edilməsi, sənədli və bədii filmlərin çəkilməsi, adına medalın təsis olunması artıq hətta çaşqınlıq belə yaratmır.

Düzdür, sonradan, bir çox digər sosial şəbəkə istifadəçiləri kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan da Böyük Qələbənin 75 illiyi münasibətilə babasının şəklini yayımlamaq qərarına gəldi. Ancaq bu qalmaqala səbəb oldu: məlum oldu ki, baba Paşinyan düşmən tərəfinə keçib və nasistlər üçün vuruşub.

Bu barədə məlumatlar erməni jurnalistlərin Ermənistan baş nazirinin babasına çoxsaylı məqalələr həsr etməsindən sonra üçə çıxdı. Xüsusilə, Iravunk.com saytında bu barədə getmiş “Düşmənlə əməkdaşlıq etdi, öldü”: baba Nikol Paşinyan haqqında məlumatlar” başlıqlı məqalə daha çox diqqət çəkdi.

Mayın 9-da oxşar məqalə Yerevan.today saytında yayımlandı.

Ermənistanın Baş naziri babası Nikol Paşinyanın şəklini dərc edən zaman aşağıdakı qeydi yazdı: “Nikol Paşinyan, 1913-1943. 138-ci piyada diviziyasının 554-cü piyada alayında xidmət edib. Vətən uğrunda həlak olanlara əbədi eşq olsun”.

Ancaq baş nazirin paylaşımından az sonra baba Nikol Paşinyanın nasist ordusunun sıralarında, yəni Qaregin Njdenin rəhbərlik etdiyi legionda döyüşməsi ilə bağlı şərhlər yazıldı.

Baba Paşinyanın düşmənlə əməkdaşlığını təsdiq edən sənədlər sosial şəbəkənin diqqətli istifadəçiləri tərəfindən də aşkar edilib.

Belə ki, 2007-ci ildə Rusiya Federasiyası Müdafiə Nazirliyinin təşəbbüsü ilə yaradılmış “Xatirə” adlı veb saytda (www.obd-memorial.ru) Böyük Vətən Müharibəsi və müharibədən sonrakı dövrdə həlak olmuş, itkin düşmüş Vətən müdafiəçiləri haqqında məlumatlar yer alıb. Həmin saytda Nikola Paşinyan haqqında da məlumatlar yer alır, bu da Ermənistan mediasının yaydığı məlumatlarla tamamilə üst-üstə düşür.

Mövzu ilə bağlı oxuyun:

Media: Nikol Paşinyanın babası nasistlərin xidmətçisi imiş - FOTO

“Ermənistanda nasizm ideyalarına bağlılıq bu gün dövlət siyasətinə çevrilib. Bununla bağlı çoxsaylı faktlar var. Faşizm rejiminin xidmətçisi, Üçüncü Reyxlə yaxından əməkdaşlıq etmiş Qaregin Njdenin qəhrəmanlaşdırılması bunun bariz nümunəsidir”- deyə, siyasi şərhçi İlqar Vəlizadə 1news.az-a bildirib.

Njdenin əsir düşmüş erməniləri SSRİ-yə qarşı silahlı mübarizəyə qoşulmağa təşviq etməsi barədə təkzibedilməz faktlar var. Gestaponun dəstəyi ilə Vermaxtın “erməni legionu”nda könüllülərin işə cəlb edilməsi ilə şəxsən məşğul olub. Nasist Almaniyası rəhbərliyi ilə əlaqələr quran Njde 1942-ci ildə nasistlərin yaratdığı “Erməni milli şurası”nın yeddi üzvündən biri olub. Almaniyada Qaregin Njde və başqa bir erməni nasist Drastamat Kanayanın (Dro) rəhbərliyi ilə qurulan erməni hərbi birləşmələri Krım yarımadasını işğalı və Qafqaza hücumda yaxından iştirak ediblər...

“Son illərdə Ermənistan rəhbərliyi Njde, Dro və başqalarını təmizə çıxartmaq üçün çox səy göstərir, bu nasist xidmətçilərini qəhrəmanlaşdırmaq, onları əzabkeş kimi qələmə vermək üçün məqsədyönlü siyasət yürüdür”- deyə, İ.Vəlizadə bildirib.

Lakin Njdenin sovet xalqına qarşı törətdiyi konkret cinayətlərə görə məhkum edildiyi, SSRİ Baş Prokurorluğunun qərarı ilə həbs olunduğu və cəzasını ölənə qədər həbsxanada çəkməsi danılmaz faktdır.

“Məlumdur ki, fəaliyyətləri Ermənistanın hazırkı rəhbərliyi tərəfindən təmizə çıxarılan “erməni legionu” Azərbaycan, Gürcüstan və Türkiyənin işğal olunmuş ərazilərində böyük bir Ermənistan dövləti - “böyük Ermənistan” yaratmağı hədəfləmişdi. Onun rəhbərləri bütün Sovet İttifaqını ələ keçirmək siyasətini yürüdən Vermaxtla əməkdaşlıq edirdilər. Bu tarixi faktlar danılmazdır.

Ermənistanın indiki hakimiyyəti Azərbaycana qarşı işğalçılıq siyasəti yürütməklə “erməni legionu”nun işini davam etdirir. Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki hərbi xunta rejimi də Vermaxtın “erməni legionu” eyni hədəfə sahibdir - işğal altındakı ərazilərdə “böyük Ermənistan” yaratmaq”- deyə, politoloq qeyd edib.

Onun sözlərinə görə, bu gün Ermənistan hakimiyyəti milli üstünlük ideyalarını təbliğ etməkdə davam edir - işğal olunmuş Dağlıq Qarabağda və ətraf ərazilərdə ermənilərdən başqa heç kim yaşamır, etnik təmizləmə aparılıb, monoetnik “dövlət” yaradılıb:

“Ermənistanın ərazisində digər millətlərin nümayəndələrindən çox az adam qalıb ki, bu da mono-dövlət yaratmaq ideyalarının həyata keçirilməsindən xəbər verir.

Nasistlərə xidmət edən Paşinyanın babası ilə əlaqəli olan son faktlar hazırkı Ermənistan rəhbərliyinin Vermaxtın “erməni legionu”na rəğbətini göstərir. Vermaxtın “erməni legionu”nun ən yaxşı ənənələrinin daşıyıcısı kimi bu gün baş nazir Paşinyanın oğlu Dağlıq Qarabağdakı işğalçı qüvvələrin sıralarında xidmət edir.

Ermənistanın mövcud rəhbərliyinin faşistlərin xidmətçilərinə olan rəğbətinin köklərini onların şəxsi tərcümeyi-hallarında tapmaq olar. Ermənistanda faşizmin dövlət səviyyəsinə qəhrəmanlaşdırılması bölgəmizdə sülh və təhlükəsizlik üçün bir təhdiddir”.

1news.az

Paylaş:
1093

Son xəbərlər

Bütün xəbərlər