Elçin Mirzəbəyli: Onlar siyasi rəqiblərinin “like”larını saymaqla xoşbəxt olurlar

Bir müddət əvvəl Demokratik Qüvvələrin Milli Şurasının videokonfransında Milli Şuranın üzvü Eldəniz Quliyev cinsi azlıqlara qarşı təhqiredici və alçaldıcı ifadələr işlətmişdi.
Dünən isə Milli Şuranın onlayn konfransında qurumun digər üzvləri Gültəkin Hacıbəyli və Rafiq Manaflı da onu dəstəkləyən çıxış ediblər və cinsi azlıqlara qarşı dözümsüz münasibət göstərilməsi ilə bağlı çağırışlar səsləndiriblər.
Məsələ ilə bağlı 1news.az-a danışan siyasi ekspert Elçin Mirzəbəyli bildirib ki, Milli Şuranın keçirdiyi videokonfrans deyil, Gültəkin Hacıbəylinin və digərlərinin videoqeybətidir.
“Cinsi azlıqlıqlarla bağlı məsələyə gəldikdə isə, həmin toplantıda Gültəkin Hacıbəyli də qeyd edir ki, Qərb bu məsələlərə həssas yanaşır. Əslində bundan öncə onların cinsi azlıqları müdafiə etməsilə bağlı səsləndirdiyi fikirlər, açıqlamaları məqsədli idi. Onların burada məqsədləri bəzi dairələrə xoş görünmək olub.
Ümumiyyətlə onların elan etdiyi prinsipləri heç bir standarta, heç bir ölçüyə uyğun deyil, üzdə bir, arxada başqa münasibət sərgiləyirlər. Bu videoqeybətin ən acınacaqlı tərəfi ondan ibarətdir ki, bu insanların gündəmində olan məsələlərin nə qədər bəsit olduğunun şahidi olduq. Eyni zamanda şahidi olduq ki, bu insanlar onlarla eyni fikirdə olmayan şəxslərə qarşı ən amansız münasibət bəsləyirlər. Kimliyindən aslı olaraq bir insanın həyatı ilə bağlı səsləndirilən fikirlər və faşist Almaniyasının qaniçən lideri Adolf Hitlerin timsalında nümunə gətirilməsi, bütün bəşəriyyəti qana boyayan bir insanın əməllərinə hansısa formada haqq qazandırılması bu insanların neofaşist təfəkküründə olmasını göstərir. Bu acınacaqlı durumdur”.
E.Mirzəbəyli bildirib ki, həmin videoqeybətdə Gültəkin Hacıbəyli digər siyasi təşkilatların fəaliyyətinin rüsvayçı olduğunu bildirir.
“Bunu araşdırmaq fikrində deyiləm, amma insanların arxasınca danışmaq və fəqli düşündüklərinə görə ən aşağı səviyyəli ifadələrlə təhqir etmək ən aşağı düşüncə tərzidir. Onlar o qədər cılız insanlardılar ki, hətta özlərinin siyasi rəqiblərinin “like”lərini saymaqla xoşbəxt olurlar. Bunların proqnozlaşdırması, təhlilləri sosial şəbəkələrdəki bəyənmələri saymaqdan ibarətdir. Bütün bunlar faciədir. Bu olanlardan sonra özünə hörmət edən istənilən siyasət adamı insanlardan, vətəndaşlardan üzr istəyib siyasi səhnəni tərk etməli idi. Təəssüflər olsun ki, buna da onların cəsarəti çatmadı”.
Qafar Ağayev