QDF-in təşkilatçılığı ilə “Qalib Azərbaycan: beş ildə Zəfərdən Zirvəyə” mövzusunda donor və tərəfdaşlarla görüş keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

QDF-in təşkilatçılığı ilə “Qalib Azərbaycan: beş ildə Zəfərdən Zirvəyə” mövzusunda donor və tərəfdaşlarla görüş keçirilib - FOTO

14:12 - Bu gün
QDF-in təşkilatçılığı ilə “Qalib Azərbaycan: beş ildə Zəfərdən Zirvəyə” mövzusunda donor və tərəfdaşlarla görüş keçirilib - FOTO

6 noyabr 2025-ci il tarixində Zəfər Gününün beşinci ildönümü münasibətilə “Qalib Azərbaycan: beş ildə Zəfərdən Zirvəyə” mövzusuna həsr olunan tədbir keçirilib.

1news.az xəbər verir ki, Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə “#KarabakhTalks” müzakirələr platforması çərçivəsində keçirilən tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatları, dövlət və hökumət rəsmiləri, Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin ailə üzvləri, qazilər, Fondun donor və tərəfdaşları, eləcə də ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

İlk olaraq Dövlət Himni səsləndirilib, daha sonra Vətənin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin əvvəlində işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərinə həsr olunmuş “Faciədən Zəfərə” adlı videoçarx nümayiş olunub.

Açılış nitqi ilə çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev bildirib ki, hər il böyük qürur və iftixar hissi ilə qeyd etdiyimiz bu tarixi gün xalqımızın milli birliyinin, əzminin və qətiyyətinin rəmzidir. Onun sözlərinə görə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun əldə etdiyi bu Qələbə təkcə torpaqlarımızın azad olunması deyil, həm də milli ruhun, ədalətin və suverenliyin təntənəsidir.

“Tarixə nəzər salsaq görərik ki, ümumi dəyərlər ətrafında birləşməyimiz, həmrəylik nümayiş etdirməyimiz bizi məqsədlərimizə daha da yaxınlaşdırır. Bu gün cəmiyyətin bütün nümayəndələri həmrəylik nümayiş etdirərək Qarabağın bərpasında yaxından iştirak edirlər. Bu da bizim bir xalq olaraq həmrəyliyimizdən, ən çətin anlarda bir yumruq kimi birləşməyimizdən irəli gəlir”.

Rəhman Hacıyev qeyd edib ki, Zəfərdən keçən beş il ərzində Qarabağ və Şərqi Zəngəzur bölgələri ölkəmizin ən genişmiqyaslı bərpa və yenidənqurma proseslərinin mərkəzinə çevrilib:

“Bu gün Qarabağda həyat yenidən canlanır. Şəhərlərimiz, kəndlərimiz dirçəlir, müasir infrastruktur qurulur, elm, təhsil, mədəniyyət və sosial həyatın bərpası istiqamətində böyük layihələr həyata keçirilir. Qarabağ Dirçəliş Fondu olaraq biz bu prosesdə yaxından iştirak etməkdən böyük qürur duyuruq və bundan sonra da bu işə öz töhfəmizi verməyə davam edəcəyik”.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Ədalət Muradov çıxış edərək Qarabağın azad edilməsinin son 200 ildə türk dünyasının əldə etdiyi ən böyük nailiyyətlərdən biri olduğunu bildirib.

“Biz Vətən müharibəsində qazandığımız qələbə ilə yalnız torpaqlarımızı işğaldan azad etmədik, həm də ləyaqətimizi, qürurumuzu bərpa etdik. Bu gün Azərbaycan Cənubi Qafqazın gələcəyini müəyyən edən lider dövlətdir. Regionda həyata keçirilən iri layihələr məhz Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılır”- deyə, Ədalət Muradov vurğulayıb.

Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və kommunikasiya şöbəsinin müdiri Pərvin Bağırovanın moderatorluğu ilə keçən tədbirdə çıxış edən Milli Məclisin deputatı Ceyhun Məmmədov, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən İlqar Bayramlı, Vəkillər Kollegiyasının sədr müavini Şahmar Məmmədov, “Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri Rey Kərimoğlu, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova, şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Orucova, müharibə iştirakçısı Alik Yusifov və digər natiqlər Zəfər Gününün Azərbaycan xalqı üçün daşıdığı mənəvi və siyasi əhəmiyyəti xüsusi vurğulamaqla yanaşı, əldə olunan Zəfərin Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı olduğunu qeyd ediblər.

Qeyd edək ki, bu əlamətdar tarix ərəfəsində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) işğaldan azad edilmiş ərazilərin bərpasına dəstək məqsədilə Qarabağ Dirçəliş Fonduna 200 min manat məbləğində ianə edib.

Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev, göstərilən bu dəyərli dəstəyə görə universitetin rektoru Ədalət Muradova “İanə Sertifikatı” təqdim edib və onun rəhbərliyi altında kollektivin Qarabağın yenidən qurulması prosesinə verdiyi töhfəni yüksək dəyərləndirib.

Tədbir iştirakçıları işğaldan azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işlərini əks etdirən “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi ilə də tanış olublar.

Britaniyalı yazıçı Qrem Vilsonun eyniadlı kitabında yer alan təsirli fotolar əsasında təşkil olunan sərginin məqsədi işğaldan azad edilmiş ərazilərdə aparılan irimiqyaslı bərpa-quruculuq işləri ilə bağlı həm ölkə ictimaiyyətini, həm də ölkəmizə gələn xarici qonaqları məlumatlandırmaq, günü-gündən dirçələn və inkişaf edən doğma Qarabağın yeni simasını fotoşəkillər vasitəsilə əyani şəkildə nümayiş etdirməkdir.

Onu da bildirək ki, britaniyalı yazıçı Qrem Vilsonun müəllifi olduğu “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” kitabının tezliklə təqdimatı keçiriləcək.

Paylaş:
121

Son xəbərlər

Bütün xəbərlər