Unibank səhmdarlarının siyahısında dəyişiklik edilib
“Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin iri səhmdarları arasında bağlanan alqı-satqı əqdi nəticəsində Eldar Qəribovun Bankın Nizamnamə kapitalında iştirak payı artaraq 86,3839 %-ə qaldırılıb.
Bu artım Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) iştirak paynın alınması hesabına baş verib.
“Unibank” KB İdarə Heyətinin sədri Faiq Hüseynov “Unibank”ın AYİB-in ilk investisya etdiyi Azərbaycan bankı olduğunu və 2003-cü ildən bu yana birgə fəaliyyətin çox uğurlu əməkdaşlıq nümunəsi olduğunu bildirib: “Uzun illər “Unibank”ın səhmdarı kimi AYİB-in bankın fəaliyyətində xüsusi iştirakı və mühüm rolu olub. AYİB öz uğurlu korporativ idarəçilik təcrübəsini gətirməklə yanaşı, daha mürəkkəb illərdə Bankın kapitalının artırılmasında iştirak edib və dəstəyini göstərib. AYİB-in də dəstəyi nəticəsində Unibank bu dəyişiklik mərhələsindən uğurla keçib. Bütün səhmdarlarımız adından indiyədək “Unibank”ın inkişafına verdiyi töhfəyə görə, AYİB rəhbərliyinə təşəkkürümüzü bildiririk”.
AYİB-in Bakı Ofisinin rəhbəri xanım İvana Duartenin fikrincə də “Unibank”la əməkdaşlıq təmsil etdiyi qurumun Azərbaycan bank sektorunda fəaliyyətinin çox uğurlu nümunəsidir. “Unibank”ın AYİB-in ilk investisiya etdiyi Azərbaycan bankı olduğunu xatırladan xanım Duarte vurğulayıb ki, AYİB “Unibank”la birgə bir çox uğurlu layihələrə imza atıb və bankın kapitalının gücləndirilməsində iştirak edərək dəstək göstərib. 2003-cü ildən AYİB və Unibank birlikdə uzun və səmərəli bir yol keçiblər və gələcəkdə də müxtəlif sahələrdə bankla əməkdaşlıq davam etdiriləcək.
Qeyd edək ki, maliyyə inkişafı institutu olaraq, AYİB-in əsas rolu özəl sektorda olan şirkətləri maliyyələşdirmək, kapitalında payçı kimi çıxış edib, onların instusional inkişafında iştirak etmək və dəstək olmaqdan ibarətdir. Qoyulmuş hədəflərə çatdıqdan sonra AYİB-in mandatı şirkət və bankların səhmdarları sırasından mərhələli çıxışını nəzərdə tutur.
AYİB-lə olan bu əməkdaşlıq “Unibank”a böyük təcrübə qazandırıb və bu təcrübə qarşıdakı illərdə də bankın inkişafında özünü göstərəcək.
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. 28 illik mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və korporativ sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.
Reklam hüququnda