UNİCEF-in Azərbaycandakı səfiri: “Mən də sevdiyim bütün insanları yenidən qucaqlamaq istəyirəm” – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

UNİCEF-in Azərbaycandakı səfiri: “Mən də sevdiyim bütün insanları yenidən qucaqlamaq istəyirəm” – FOTO

17:50 - 21 / 06 / 2020
UNİCEF-in Azərbaycandakı səfiri: “Mən də sevdiyim bütün insanları yenidən qucaqlamaq istəyirəm” – FOTO

Azərbaycan rəhbərliyinin koronavirusun yayılmasını azaltmaq üçün daha iki həftəlik karantin rejiminin tətbiqi barədə qərarı fonunda, UNİCEF-in Azərbaycandakı səfiri Edvard Karvardin bu çətin dövrdə Azərbaycan ictimaiyyətinə dəstək sözləri və birlik çağırışı ilə müraciət ediB.

Səfirin məqaləsini olduğu kimi sizə təqdim edirik:

Gələn həftə mən və UNICEF Azərbaycandan olan həmkarlarım “teleiş”-in dördüncü ayına qədəm qoyuruq. “Teleiş” sözü, evlərimizdə və mənzillərimizdə mətbəx masasının, qonaq otağının, divanın və işləmək üçün bir az yer tapa biləcəyimiz hər məkanın necə ofisə çevrildiyini yaxşı təsvir edir.

Biz evdən işləməyə davam etdikcə, Azərbaycanda bir çox digər insanlar bir sıra şəhər və rayonlarda tətbiq olunan yeni karantin tədbirlərinin təsirinə hazırlaşırlar. Yeni karantin xəbəri bəzi insanlarda məyusluğa səbəb oldu, digərlərində isə qaçılmazlıq hissi yaratdı. Yeni məhdudiyyətlərə necə yanaşdığımızdan asılı olmayaraq, bir şey tam əminliklə demək ola - koronavirus hələ də bizimlədir. Gün ərzində qeydə alınmış xəstəlik hallarının sayı azalmır. UNICEF tərəfindən aparılan sorğulardan bizə məlum olur ki, insanların çox hissəsi hələ də virusun onlara təsir etməyəcəyinə inanır və infeksiyanın ötürülməsini dayandırmaq üçün sosial məsafənin vacib olduğunu danır.

Bəlkə də indi virusa qarşı mübarizədə öz seçimimiz haqqında düşünməyin əsl vaxtıdır. Şəxsən mən, hətta bir neçə həftə öncə, əvvəlki məhdudiyyətlərin zəiflədilməsinə baxmayaraq, ictimai yerlərdə hərəkətlərimi məhdudlaşdırmağa qərar verdim, çünki səmimi olaraq inanıram ki, insanları ümumi təhlükəsizliyimiz naminə digərləri ilə təmasları minimuma endirməyə çağırıramsa, buna özüm də əməl etməliyəm.

Eyni zamanda, mən bir çox başqaları ilə müqayisədə daha şanslı olduğumu bilirəm – hələ də çalışa biləcəyim işim və rahat evim var. Ailəli olmadığım üçün ailədə uşaqlara və ya qohumlara qayğı göstərmək zərurətim yoxdur. Lakin, bunun da, əks tərəfi var – mənim on iki həftə ərzində insanlarla müntəzəm təmasım olmayıb və pişiyimlə söhbət üçün mövzular tükənmək üzrədir.

Bu məsələlər cəmiyyətdə başqaları üçün daha da mürəkkəbdir - uşaq bağçaları və ya məktəblər olmadan uşaqları ev şəraitində alternativ həyat tərzi ilə təmin edib, onların fəallığı və xoşbəxtliyi uğrunda mübarizə aparmaq; özünü riskə məruz qoymadan, pul qazanmağa cəhd etmək; karantin tədbirlərinə görə işin artıq bir seçim variantı olmadığı şəraitdə, maliyyə məsələlərini idarə etməyə çalışmaq; günəşin göz oxşadığı və uşaqların dəlicəsinə həyətə çıxmaq istədiyi zaman həftə sonlarını təcrid rejimində yaşayaraq keçirmək. Mən, bir çox insanların hər gün necə böyük çətinliklər ilə üzləşdiyini bilirəm.

Lakin, bir halda ki, biz bir neçə həftədən sonra yeni məhdudiyyətlərin növbəti dəfə zəiflədilməsinə ümid edirik, özümüzə bir neçə çətin sual verə bilərik.

Yenidən sərbəst hərəkət etmək imkanı yarandıqda, koronavirus tutmaq riski ilə parkları, ticarət mərkəzlərini və ya çimərliyi ziyarət etmək kimi başa düşülən istəyinizi necə tarazlayacaqsınız? Bu səfərləri etdikdə, bilavasitə ailənizdən kənarda insanlarla təması necə minimuma endirəcəksiniz? Bu riskə məruz qalaraq küçədə nə qədər vaxt keçirməyə hazırsınız? Qorunma tədbirlərinin təmin olunmadığı və tələblərə açıq-aşkar riayət edilmədiyi yerlərdən uzaqlaşmağa hazırsınızmı? Səfərinizin yubanma riskini nəzərə alaraq, başqalarının maska geyinmədiyi, avtobusu, taksini və ya metro vaqonunu tərk edəcəksinizmi? Sərnişinin yalnız sürücünün yanından keçmək xətrinə maska taxdığını və oturduqdan dərhal sonra onu çıxardığını gördükdə, müdaxilə edəcəksinizmi?

Eyni zamanda, hökumətdəki tərəfdaşlarımız da virusun ən həssas ev təsərrüfatlarına maliyyə təsirini azaltmaq üçün, daha çox tədbir görmək mümkünlüyü haqqında düşünüb, özlərinə sual verməlidirlər. Karantin tədbirləri, zəruri olsa da, vəziyyətləri onsuz da həssas olanlar üçün çətinliklər yaradır.

Mən bir çox digər insanlar kimi eyni çətinlikləri yaşadığımı iddia edə bilmərəm  - hesab-fakturaları ödəmək, güzəranımı təmin etmək kimi qayğıları və ya maskanı isti metro qatarında geyinmək narahatlığını yaşamıram. Lakin, bu problemlərlə üzləşən insanların aqibəti məni narahat edir və düzgün qərarlar qəbul etməsək, bir çoxlarının çəkəcəyi potensial itkilər məni də düşündürür. Daha çox insan xəstəlikdən əziyyət çəkərək işləmək və qazanmaq iqtidarında olmayacaq. Digər qohumlar karantinə yerləşdirilə bilər və ya xəstə olan insanların ailələrinə qayğı göstərmək üçün insanlar işlərini tərk etmək məcburiyyətində qala bilərlər. Əlavə məhdudiyyətlər tətbiq edilərsə, biz dostlarımızla restoranlara getmək, dənizdə gün keçirmək, parklarda gəzmək, yay aylarında rayonlara və ya xaricə səfər etmək imkanını da itirə bilərik. Sərhədlər yenidən bağlansa, turizm azala bilər ki, bu da dolanışığı ölkəyə gələn ziyarətçilərdən asılı olan bütün insanlara təsir göstərəcək. Təhlükəsizlik tədbirlərinə riayət etməyən müəssisələr, cərimələnmə və ya bağlanma riskinə məruz qalacaqlar, bu isə, illərdir sahiblərinin sərf etdiyi sərmayəni və zəhməti heçə endirə bilər. Hətta müəllimlərin alternativ tədris formalarının yaradılması üzərində yorulmadan çalışmasına baxmayaraq, məktəblər yenidən açılmasa, bu, uşaqların təhsilinin tərəqqisinə mənfi təsir edəcək və dəhşətli uzunmüddətli fəsadlara səbəb olacaq.

Mən çox istəyirəm ki, həyat normal məcraya qayıtsın. Mən dostlarım ilə birlikdə asudə vaxtımdan zövq almaq istəyirəm. Həmkarlarımı yalnız kiçik bir video ekranda deyil, üz-üzə görmək istəyirəm. Bu ecazkar ölkənin gözəlliyini səyahət edərək dəyərləndirmək istəyirəm. Yenidən sevdiklərimi qucaqlamaq istəyirəm.

Bu gün bizim üzərimizi almış bu dəhşətli virus buludunun altında yaşamağın nə qədər çətin olduğunu başa düşürəm və ən çox ehtiyacı olanlar bu böhranı atlatmaq üçün bütün mümkün dəstəyi almalıdırlar. Birlikdə daha güclü olmağımız bu gün hər birimizin bir şəxsiyyət kimi etdiyimiz seçim ilə müəyyən edilir.

Edvard Karvardin, UNICEF-in Azərbaycandakı nümayəndəsi

18 iyun, 2020-ci il

 

Paylaş:
1088

Son xəbərlər

Bütün xəbərlər