Azərenerji: “Azərbaycan” İES ekoloji cəhətdən sağlamlaşdırılıb, milyonlarla manatın qənaətinə nail olunub - FOTO
“Azərbaycan” İstilik Elektrik Stansiyası yenidən qurulandan sonra ekoloji cəhətdən çirkab sularının təmizlənməsi sistemi yaradılıb.
Bunu 1news.az-a "Azərenerji" ASC-nin vitse-prezidentinin müavini Vüqar Şahmuradov deyib.
V.Şahmuradovun sözlərinə görə, əvvəllər mazut qarışmış sularının təmizlənməsində ciddi çətinliklər olurdu və bu da ekoloji cəhətdən problemlər yaradırdı:
“Bu problemləri aradan qaldırmaq, çirkab suların təmizlənməsi üçün böyük çökdürücülər qurulurdu. Bu gün isə mazut qarışan suların təmizlənməsi üçün ciddi sistem qurulub. Həmin sistem mazutlu və yağlı suları tam şəkildə təmizləyərək suyu kanala buraxmağa imkan yaradır”.
V.Şahmuradov yenidən qurma işləri çərçivəsində qazanlarda və turbinlərdə işçi kürəklərinin də dəyişdirildiyini diqqətə çatdırıb:
“Qazanın hava qızdırıcıları, daxili boruları, eyni zamanda boruların hava yolları dəyişdirilib. Bunun faydalılıq dərəcəsinə nəzər yetirsək, İstilik Elektrik Stansiyasının (İES) ümumi faydalılığını təxminən 10-12 qr şərti yanacaqla aşağı saldıq. 2018-ci ilə qədər bu stansiya blokları 340-350 qr yanacaqla işləyirdisə, biz bu göstəricələri 330qr-dan aşağı saldıq. Nəzərə alsaü ki, stansiyanın illik enerji istehsalı təxminən 8 milyard kV saatdan artıqdı, bu isə milyonlarla vəsait deməkdir”.