SOCAR istiqrazlarının növbəti faizi ödənildi
Bu gün SOCAR istiqrazlarının 15-ci faiz ödənişi həyata keçirilib və 1,25 mln dollar məbləğində vəsait ödənilib.
“SOCAR Capital” şirkətindən 1news.az-a verilən məlumata əsasən, istiqraz sahiblərinin ümumi qazancı hazırda 18,750 mln dollar təşkil edir. Bildirilib ki, nominal qiyməti 1000 ABŞ dolları, tədavül müddəti 5 il, illik gəlirliliyi 5% olan və faizləri hər 3 aydan bir ödənilən SOCAR istiqrazlarının 1,25 mln dollarlıq rüblük faiz ödənişi artıq istiqraz sahiblərinin hesablarına köçürülüb:
“Təkrar bazar əməliyyatları həcminin 190 mln dolları ötməsi, bağlanmış əqd sayının 2 200–ə çatması, buraxıldığı tarixdən indiyədək Bakı Fond Birjasında ən çox tədavül edilən korporativ maliyyə aləti olması və REPO əməliyyatlarının 36 mln dolları aşması SOCAR istiqrazlarına olan böyük tələbatdan xəbər verir.
SOCAR istiqrazı sahibləri əlverişli şərtlərdə REPO əməliyyatı vasitəsilə qısamüddətli kredit götürə, eyni zamanda istiqraz(lar)ı müvafiq bankda girov qoymaqla, 15–16% faizlə Manat krediti cəlb edə bilərlər. Bu halda, istiqraz sahibləri 5%-lik gəlirlərini itirmir və götürdükləri kreditin faktik faiz dərəcəsi 9–10%-ə qədər enmiş olur. 1 və 5 saylı “ASAN Xidmət” mərkəzlərindən də əldə edilməsi mümkün olan SOCAR İstiqrazlarının növbəti faiz ödənişi 2020-ci ilin 17 oktyabr tarixində baş tutacaq. Ətraflı məlumat üçün *19 99 nömrəsi investorların xidmətindədir”.
S.Xankişiyeva