Əlillərin avtomobillə təmin edilməsinə vəsait ayrıldı - SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı il 20 Yanvar hadisələri ilə əlaqədar, habelə Çernobıl AES-də qəza nəticələrinin aradan qaldırması ilə əlaqədar əlilliyi olan şəxslərin, İkinci Dünya müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillə təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
1news.az-ın ölkə başçısının rəsmi saytına istinadla xəbərinə görə, Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı il 20 Yanvar hadisələri ilə əlaqədar, habelə Çernobıl AES-də qəza nəticələrinin aradan qaldırılması ilə əlaqədar əlilliyi olan şəxslərin, İkinci Dünya müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin tibbi göstərişlər üzrə avtomobillə təminatının yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2 878 020 manat ayrılsın.
Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.
1news.az