AZƏRTAC: KTMT-nin işğalçı dövləti müdafiə etməsi üçün hüquqi əsası yoxdur
AZƏRTAC-da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Azərbaycanla Ermənistan arasındakı münaqişəyə dair mövqeyi ilə bağlı məqalə dərc olunub. Həmin məqaləni təqdim edirik.
Əgər hər hansı ölkə KTMT-nin üzvü olan dövlətlərdən birinə hücum edərsə, nə baş verər? İlk baxışda cavab göz qabağındadır. Bu təşkilatın Nizamnaməsinə görə belə hərəkətlər eyni vaxtda həmin bloka daxil olan bütün ölkələrə qarşı təcavüz hesab edilir. Bu, təşkilatın adından da görünür.
Məsələn, hamıdan çox və tez-tez KTMT-də üzv olmasını xatırladan Ermənistan həmin blokun arxasında “qoçaqcasına” yumruqlarını silkələyir (xatırladaq ki, 1914-1918-ci illərdə Anadolunun işğal edilmiş hissəsində rus əsgərlərinin arxasında türk və kürd qadınlara və uşaqlara qarşı “igidliklə” döyüşən ermənilər də layiqli cavablarını alana qədər eyni hərəkətlə məşğul idilər). Erməni siyasi texnoloqları uzun illər boyu inandırmağa çalışırdılar ki, əgər Azərbaycan “öz müqəddəratını təyin etmiş Arsaxa qarşı təcavüz edərsə” KTMT üzrə müttəfiqlər erməni xalqının köməyinə gələcək. Həmin müttəfiqlərin isə bundan heç xəbəri də yox idi. Təbii ki, tarixdə belə səfehliyin analoqlarını tapmaq çətindir! Azərbaycan tərəfi adətən buna belə cavab verirdi ki, Bakı Ermənistana hücum etməyə hazırlaşmır, KTMT-nin öhdəlikləri isə Qarabağın işğal edilmiş ərazisinə şamil olunmur.
Lakin son günlərin hadisələri bütün dünyaya göstərdi ki, münaqişə Qarabağda hərbi əməliyyatlar meydanından uzaqda da baş verə bilər. Bundan sonra KTMT mövzusu yenidən gündəliyə qayıtdı. Ermənistanda yenidən Moskvaya və təşkilatın digər üzvlərinə onların “öhdəliklərini” xatırlatmağa başladılar. İş o yerə çatdı ki, Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyan hadisələrin elə ilk günündə bu təşkilatın baş katibi ilə əlaqə yaradaraq ondan kömək istədi. Lakin bu məsələ belə sadədirmi? Müttəfiq ölkələr bütün hallarda hərbi kömək göstərməyə borcludurlarmı?
Əslində KTMT-nin Nizamnaməsində yazılmasa da BMT-nin Nizamnaməsindən, daha dəqiq desək, bu sənədin 51-ci maddəsindən irəli gələn istisnalar var.
Məlum olduğu kimi Ermənistanın dörd qonşusu var. Bu qonşulardan birinin ərazisini Ermənistan silahlı qüvvələri işğal edirlər – indi bu faktı hətta erməni lobbisinin üstünlük təşkil etdiyi ABŞ Konqresi də tanıyıb. Ermənistana İran, Türkiyə və ya Gürcüstan tərəfindən hipotetik hücum ediləcəyi halda KTMT həqiqətən Ermənistanın köməyinə gəlməyə və onu müdafiə etməyə borcludur (köməyə gəlib-gəlməyəcəyi başqa məsələdir).
Lakin Ermənistan ilə Azərbaycan arasında müharibə halında bu qayda işləmir, çünki Ermənistanın silahlı qüvvələri ARTIQ Azərbaycanın ərazisindədir. Mnatsakanyanın bu yaxınlarda KTMT-dən aldığı rədd cavabı buna sübutdur. Onun ölkəsinin çağırışı səhrada fəryad kimi cavabsız qaldı. Hətta Azərbaycan Ermənistan-Azərbaycan sərhədinin hər hansı hissəsində əks-hücuma deyil, təhrik edilməmiş adi hücuma keçəcəyi halda belə “hamıya qarşı hücum” konsepsiyası qüvvədə olmayacaq və KTMT-dən Ermənistana kömək gəlməyəcək, çünki Azərbaycan ərazisi özü müttəfiqlərindən köməyə gəlmələrini xahiş edən blok üzvü tərəfindən təcavüzə və işğala məruz qalıb. Axı Ermənistan Azərbaycanın sərhədlərini tanımırsa, hətta onun ərazisinin bir hissəsini işğal edirsə, onda Azərbaycan nə üçün Ermənistanın sərhədlərini tanımalı və hər hansı başqa sahədə Ermənistanın bir hissəsini işğal etmək niyyətindən çəkinməlidir?
Bu dünyada hər şey qarşılıqlıdır. KTMT-nin kollektiv təhlükəsizlik barədə öhdəlikləri hərəkətin birtərəfli olduğu küçə deyil. Müttəfiqlər tərəfindən köməyə ümid bəsləmək üçün ölkə özü beynəlxalq hüquqa riayət etməli və başqa dövlətin ərazisini işğal etməməlidir, halbuki o, blok üzvlərindən məhz həmin başqa dövlətin təcavüzündən onu müdafiə etmələrini xahiş edir. Kömək yalnız o halda gələ bilər və bəlkə də gələr ki, məsələn, Azərbaycan qoşunları ermənilər Qarabağı azad edənə qədər deyil, bütün dövlət sərhədi bərpa olunandan sonra Ermənistana hücum etsin və Vedibasarı, Göyçəni və ya Qərbi Qazaxı tutsun. Belə halda bəli, Yerevan KTMT-dən kömək istəyə bilər. Lakin bu ölkə özü Qarabağı işğal etdiyi şəraitdə BMT-nin Nizamnaməsinə görə Azərbaycanın işğalçı dövlətin istənilən nöqtəsinə, onun paytaxtını tutana qədər zərbə endirmək üçün hər cür hüququ var. İkinci Dünya müharibəsi illərində müttəfiqlər məhz belə edir, Almaniya şəhərlərini bombalayırdı. KTMT öz üzvünü – başqa dövlətin ərazisini işğal edən təcavüzkar dövləti müdafiə edə bilməz və etməməlidir, həmin başqa dövlət, öz növbəsində, bütün tədbirləri görür, KTMT üzvünü çoxillik işğala son qoymağa məcbur etmək məqsədilə onun ərazisinə cavab hücumu da edə bilər.
Azərbaycanın Dağlıq Qarabağ regionunun ərazisi Ermənistan silahlı qüvvələrinin işğalı altında qaldıqca Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə görə Ermənistan ərazisinin istənilən hissəsinə cavab zərbələri və onun ərazisinin hər hansı hissəsini taktiki baxımdan tutmaq, o cümlədən hazırda işğal altında olan Aşağı Əskipara, Yuxarı Əskipara, Barxudarlı, Bağanis-Ayrım və Kərki kəndlərinin Azərbaycan ordusu tərəfindən tamamilə qanuni şəkildə azad edilməsi də daxil olmaqla özünümüdafiə hüququna malikdir. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunun işğalına son qoymayınca onun KTMT tərəfindən hər hansı köməyə ümid bəsləməyə haqqı yoxdur, çünki əks halda bu, artıq Ermənistanın bütün ölkələr tərəfindən kollektiv müdafiəsi deyil, Ermənistanın Azərbaycana qarşı təcavüzündə onların kollektiv iştirakı hesab ediləcək və onların heç biri Qarabağın işğalını uzatmaqda ona köməkçi rolunda çıxış etməyi arzulamır və arzu etməyəcək, onlardan heç biri heç vaxt belə bir sənədi “imzalamayıb”.
“Hamıya qarşı hücum” prinsipi yalnız o halda qüvvəyə minir ki, Ermənistan Qarabağı azad etsin və bir müddətdən sonra Azərbaycan birdən-birə, gözlənilmədən Ermənistana hücum etməyi qərara alsın. Lakin Ermənistan qonşusunun ərazisini artıq işğal etdiyi vəziyyətdə qarşı tərəfin onun ərazisinə taktiki hücum edəcəyi halda müttəfiqlərin köməyə gələcəyinə ümid etməyə dəyməz.
Bizdən müdafiə olunmaq istəyirsənsə, özünü yaxşı apar. Ermənistan kömək üçün müraciət edəndən sonra KTMT ona məhz belə ismarıc göndərib. Buna görə də əgər Azərbaycan Vanadzoru tutarsa və bu ölkənin şimalında həyati əhəmiyyətli bütün, o cümlədən dəmir yolu, avtomobil və enerji kommunikasiyalarını kəsərsə, qoy Ermənistan isterikaya düşməsin. İşğaldan əziyyət çəkən Bakı BMT Nizamnaməsinə əsasən cavab tədbirləri görmək üçün bütün hüquqlara malikdir və Yerevan Qarabağın işğalını davam etdirərsə qonşusuna qarşı təcavüzdə müttəfiqlərin kollektiv şəkildə iştirak edəcəyinə ümid bəsləməsə yaxşıdır.
Beləliklə, bizi hər saat və hər yerdə gözləyin və sonra atılmış məşuqə kimi şivən qaldırmayın!
1news.az