BDYPİ: “Təmiz hava” aylığı çərçivəsində nəzarət tədbirləri davam etdirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

BDYPİ: “Təmiz hava” aylığı çərçivəsində nəzarət tədbirləri davam etdirilir

Qafar Ağayev10:33 - Bu gün
BDYPİ: “Təmiz hava” aylığı çərçivəsində nəzarət tədbirləri davam etdirilir

Respublika ərazisində keçirilən “Təmiz hava” aylığı çərçivəsində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarət tədbirləri davam etdirilir.

Qurumdan 1news.az-a verilən məlumata görə, bu istiqamətdə Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün stasionar postunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə nəzarət-profilaktik tədbir təşkil olunub.

Tədbir zamanı nəqliyyat vasitələrinin texniki vəziyyəti yoxlanılıb, atmosferə normadan artıq zərərli maddələrin atılmasına səbəb olan nasazlıqların aradan qaldırılmasının vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda sürücülərlə, eləcə də sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərlə profilaktik söhbətlər aparılıb, nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanılmasının ətraf mühitin qorunması və insanların sağlamlığı baxımından əhəmiyyəti izah olunub.

Həyata keçirilən nəzarət-profilaktik tədbirlər çərçivəsində əsas diqqət yol hərəkəti iştirakçıları arasında məsuliyyətli davranışın formalaşdırılmasına, nəqliyyat vasitələrinin texniki sazlığının təmin olunmasına və ətraf mühitin mühafizəsinə yönəldilib.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır ki, nəqliyyat vasitələrinin texniki sazlığına nəzarət olunması, ətraf mühitin qorunmasına həssas yanaşılması hər bir hərəkət iştirakçısının birbaşa məsuliyyətidir.

Paylaş:
42

Son xəbərlər

Bütün xəbərlər