Polad Bülbüloğlu Rusiyadakı soydaşlarımıza müraciət etdi
Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Rusiyada yaşayan azərbaycanlılara müraciət edib.
Səfirliyin mətbuat xidmətindən verilən məlumata görə, səfir müraciətində bildirib:
"Azərbaycanın Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva bütün azərbaycanlılara müraciət edib, bu günlərdə öz səsini və Azərbaycan bayrağını qaldıran hər kəsə təşəkkür edib. Onun müraciəti baş verən vandalizm aktlarına görə ağrı, Azərbaycanı təmsil edənlərə qayğı, zorakılığın qəzəblə pislənməsi və ağıla çağırışla doludur.
Qadının, ananın, dövlət xadiminin bu müraciəti ilə diqqətlə tanış olmaq, sözlərinin mənasını dərindən öyrənmək xahişi ilə Rusiyada yaşayan soydaşlarımıza müraciət edirəm.
Mehriban xanım Əliyeva son hadisələrə siyasi qiymət verərək, qeyd edib ki, baş verənlər Ermənistanın təcavüzkar siyasətinin dinc Azərbaycan əhalisi üçün nə qədər ciddi təhlükə olduğunu və bu həqiqətin dünya birliyinə çatdırmağın bizim borcumuz olduğunu əyani şəkildə göstərir.
Müraciətdə qeyd edildiyi kimi, bu gün bizim əsas vəzifəmiz birləşmək və zorakılıq aktlarının ədalətli araşdırılmasını və günahkarların məsuliyyətə cəlb olunmasını tələb etməkdir. O, xüsusi ilə vurğulayıb ki, heç bir təxribat bizi həqiqət yolundan döndərməyə məcbur edə bilməz.
Təxribatlara layiqli cavab vermək üçün, eyni zamanda küçə döyüşlərinin səviyyəsinə düşməmək üçün biz bir yerdə olmalıyıq. Mübarizəmiz istisnasız olaraq qanun çərçivəsində aparılmalıdır.
Siz Rusiyada yaşayırsınız, çoxunuz bu Böyük ölkənin vətəndaşısınız. Sizdən xahiş edirəm ki, buradakı qanunlara və qaydalara riayət edin. Pandemiya şəraitində ədalətli mübarizəmiz üçün özünüzü qoruyun. Xoşagəlməz vəziyyətə düşməmək üçün qanunları pozmayın, ona görə ki, bizim sizinlə bir məqsədimiz var – bu, Vətəni müdafiə etmək, onun ərazi bütövlüyünü və tarixi həqiqətləri bərpa etməkdir.
Biz soydaşlarımızın vətənpərvər əhval-ruhiyyəsi ilə fəxr edirik. Ədalət bizim tərəfimizdədir və o, mütləq zəfər çalacaq!!!
Mən Sizinləyəm!”.
1news.az