Bu ilin I yarısında AÇG-dan 12 milyon tondan artıq neft hasil edilib
AÇG-də iştirak payları: BP (30,37%), SOCAR (25,0%), MOL (16 aprel 2020-ci il tarixindən Şevron şirkətini əvəz edib (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGC Videş Limited (OVL) (2,31%).
1news.az-ın bp.com-a istinadla verdiyi xəbərə görə, AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.
2020-ci ilin birinci yarısı ərzində AÇG üzrə fəaliyyətlərə təxminən 268 milyon dollar əməliyyat məsrəfləri və 947 milyon dollardan çox əsaslı məsrəflər xərclənmişdir.
İkinci rüb ərzində Azəri Mərkəzi Şərqi (ACE) layihəsi çərçivəsində platformanın üst modullarının və qazma modulunun inşası Bibiheybətdəki tikinti-quraşdırma sahəsində, dayaq blokunun inşası isə Heydər Əliyev adına Dərin Özüllər Zavodunda sosial məsafə saxlama tədbirləri ilə və sahədə işçi sayını azaltmaqla davam etmişdir. İlk iri qaldırma əməliyyatı kimi qazma dəstək modulunun aşağı göyərtəsi qaldırılmış və ilkin iri avadanlıq rüb ərzində Bakıya gətirilmişdir. Növbəti üst modul qaldırma əməliyyatı iyul ayında başa çatdırılmışdır.
Yaşayış blokunun inşası İsveçdə davam etmiş, həmçinin sualtı qurğuların inşası Dərin Özüllər Zavodunun tikinti sahəsində, sualtı boruların örtüklənməsi işləri isə
Xəzər Boru Örtüklənməsi (Caspian Pipe Coating (CPC)) müəssisəsində davam etmişdir.
COVİD-19 pandemiyasının ölkədə və dünyada yaratdığı məhdudiyyətlər materialların və iri avadanlıqların çatdırılmasında gecikmələrə səbəb olmağa davam edir. Buna baxmayaraq layihə komandası layihə çərçivəsində ən yaxşı nəticələr əldə etmək üçün bütün tərəflərlə yaxından işləməyə davam edir və bu ilin üçüncü rübündə dayaq bloku payalarının dənizdə quraşdırılması planı qüvvədədir.
Hasilat
İkinci rübdə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir.
Yarım il üçün AÇG-dən ümumi hasilat – Çıraq (38 000), Mərkəzi Azəri (123 000), Qərbi Azəri (122 000), Şərqi Azəri (66 000), Dərinsulu Günəşli (96 000) və Qərbi Çıraq (53 000) platformalarından birlikdə – gündə orta hesabla 498 000 barel və ya ümumilikdə təxminən 91 milyon barel, yəni 12 milyon tondan artıq olub.
Rübün sonunda AÇG-də ümumilikdə 129 neft hasilat quyusu, 42 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub.
AÇG üzrə qazma və tamamlama fəaliyyətləri
2020-ci ilin birinci yarısında AÇG-də 8 neft hasilat quyusu qazılmışdır.
Səmt qazı
2020-ci ilin birinci yarısında AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 6,9 milyon kubmetr, ümumilikdə isə 1,3 milyard kubmetr səmt qazı verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.
S.Xankişiyeva