Ali təhsilin maliyyələşməsi: güzəştli və güzəştsiz təhsil - “Çıxışa doğru”-da MÜZAKİRƏ

Azərbaycanda universitetlərin maliyyələşməsi dövlət sifarişli yerlərə ayrılan vəsaitlər və tələbələrin ödədiyi təhsil haqqı hesabına təmin olunur.
Hazırda ali təhsil müəssisələri öz maliyyə-təsərrüfat fəaliyyətlərini müvafiq olaraq dövlət sifarişi və ödənişli əsaslarla kadr hazırlığından, eləcə də qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən əldə olunan büdcə və büdcədənkənar vəsaitlər hesabına təmin edir və bu vəsaitlərin xərc istiqamətlərini sərbəst müəyyənləşdirir.
Koronavirus pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirini azaltmaq məqsədilə Nazirlər Kabineti tərəfindən qəbul edilən qərarda müəyyən sosial qruplara daxil olan tələbələrin təhsil haqqının dövlət vəsaiti hesabına ödənilməsi nəzərdə tutulur. Belə ki, sadəcə ünvanlı dövlət sosial yardımı alanlar, hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri I və II dərəcə əlilliyi olan, işsiz kimi qeydiyyatda olan, yaşa görə əmək pensiyası və ya sosial müavinət alan tələbələr bu yardımdan yararlana bilər.
1News-un məlumatına görə, AzTV-nin “Çıxışa doğru” verilişində “Ali təhsilin maliyyələşməsi: güzəştli və güzəştsiz təhsil” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları İqtisad elmləri doktoru, professor Zahid Məmmədov, AzMİU -nun strateji inkişaf üzrə prorektoru, texnika elmləri doktoru Ülkər Səttarova, Təhsil eksperti Kamran Əsədov, "Gənclər üçün Təhsil Mərkəzi" İB-nin sədri Fəxrəddin Həsənzadə mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: