Prezident İlham Əliyev: Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın ikinci ölkə tapmaq mümkün deyil
Dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın ikinci ölkə tapmaq mümkün deyil.
1news.az xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 19-da Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Dövlət başçısı bildirib:
"Türkiyə dövlətinin və xalqının dəstəyi xüsusi önəm daşıyır. Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir. Dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın ikinci ölkə tapmaq mümkün deyil. Hər zaman bir-birimizin yanındayıq. Bundan sonra da belə olacaq. Həm Türkiyə Böyük Millət Məclisinin açıqlamaları, Sizin, hörmətli cənab Sədr, açıqlamalarınız, nazirlərin açıqlamaları, Türkiyədən adi vətəndaşlardan mənə gələn məktublar böyük həmrəyliyin təzahürüdür.
Bu mövqeyə, qardaşlıq mövqeyinə görə və gəldiyiniz üçün bir daha Sizə təşəkkürümü bildirirəm. Əminəm ki, səfəriniz bizim qardaşlıq əlaqələrimizin tarixində yeni gözəl səhifə olacaqdır".
1news.az