Qələbələrin bayrağı - üçrəngli qibləgahım! | 1news.az | Xəbərlər
Cəmiyyət

Qələbələrin bayrağı - üçrəngli qibləgahım!

09:54 - 09 / 11 / 2020
Qələbələrin bayrağı - üçrəngli qibləgahım!

Hər bir dövlətin bayrağı onun milli kimliyinin və milli ideologiyasının ifadəsidir.

Bayraq elə bir atributdur ki, o, özündə millətin dilini, mədəniyyətini, dini-mənəvi əxlaqını təcəssüm etdirir. Bu ali dəyərdə xalq öz tarixini yaşadır , bu gününü görür, gələcəyini müəyyənləşdirir. Dünənini, bu gününü, sabahını bilən xalq kimi bizim də simvolumuz, and yerimiz üçrəngli bayrağımızdır. Azərbaycan bayrağı! Hansı ki, bu şanlı bayraq ilk dəfə 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilib. Daha sonra bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri,  ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edildi. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan etdi.

Bəziləri üçün bayraq sadəcə üç rəngdən ibarət dövlət rəmzi olsa da, milli bayrağın müqəddəsliyi, aliliyi, mənəvi yükü, mahiyyəti onun rənglərindəki mənəvi-ideoloji mənası ilə bağlıdır. Ona görə də, bayrağa sıradan rənglərin təsadüfi birləşimi kimi baxmaq doğru deyil. Bayrağın mavi rəngi türkçülüyü, qırmızı rəngi müasir cəmiyyəti, demokratiyanı, yaşıl rəngi isə İslamı tərənnüm edir. Qırmız üzərindəki ay-ulduz isə bayrağa Osmanlı İmperatorluğunun bayrağından keçdiyi, yaxud 8 oğuz tayfasının birləşməsindən yarandığı bildirilir. Bir dövlət rəmzi olan bayraq öz simasında bu qədər mənanın harmoniyasını daşıyıb canlandırır.

And yerimiz bayrağımızda yer alan göy rəngin türklüyü ifadə etməsinin həm ideoloji, həm də böyük mənəvi anlamı var. Bu rəng qədim türklərdə mövcud olan Tanrıçılıq ( tək Allahlılıq) dini ilə bağlıdır. Bildiyiniz kimi, qədim türklər Tanrıya “Göy Tanrı”  deyə müraciət edirdilər. Ulu babalarımız olan bu türklər səmanın rəngini bildirdiyi üçün göy rəngi müqəddəs hesab edirdilər. Ona görə də, mavi rəng türklüyümüzün rəmzi kimi bayrağımıza daxil edilib.

Dalğalandığı hər yerdə qürur mənbəyimiz olan bayrağımızdakı boyaların mənəvi-ideoloji mənası ilə bağlı Azərbaycanın istiqlal şairi Əhməd Cavadın yazdığı “Azərbaycan bayrağına” şeiri dövrünün ən gözəl əsərlərindən hesab edilə bilər. O, bu şeirində üç rəngli Türk bayrağından, Türküstandan, Turandan, türklərin soykökündən, birliyindən söz açır:

Gedərkən Turana çıxdın qarşıma,

Kölgən Dövlət quşu, qondu başıma!

İzn ver gözümdə coşan yaşıma -

Dinlətsin dərdini aha, bayrağım!

Üç­rəngli bay­ra­ğımız  Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti İl­ham Əli­ye­vin 2009-cu il no­yab­rın 17-də “Azər­bay­can Res­pub­li­ka­sı­nın Döv­lət bay­ra­ğı gü­nü­nün tə­sis edil­mə­si haq­qın­da” sə­rən­ca­mı ilə hər il 9 no­yabr ta­ri­xi Döv­lət Bay­ra­ğı Gü­nü ki­mi qeyd olu­nur.

Hazırda İkinci Vətən müharibəsi kimi şanlı tarixi günlər yaşadığımız günlərdə üç rəngli bayrağımız qəlbində vətən sevdası olan hər bir azərbaycanlının canından bir parçası kimidir. Azərbaycan Ordusunun qələbə xəbərlərini duyan azərbaycanlılar sevinc hislərini müqəddəs saydıqları bayrağa sarılaraq, onu başları üzərində gəzdirərək qeyd edirlər. Bayraq hər zaman olduğu kimi, bir Türk övladı üçün müqəddəs olaraq qalır. Döyüşə gedən hər bir əsgər onu ürəyinin başında daşıyır, hər bir azərbaycanlı onu evinin ən gözəl guşəsində saxlayır, canını Vətəninə qurban verən şəhidlər bu müqəddəs dəyərə sarılıb gəlir.

Artıq uzun illərin nisgilindən, ayrılığından sonra şanlı Azərbaycan bayrağı bu gün Suqovuşanda, Qubadlıda, Zəngilanda, Qarabağın incisi Şuşada dalğalanır. Bayraq evinə qayıdıb, bayraq aid olduğu yerlərin aydın səmalarında öz əzəməti ilə dalğalanır. Düşmənə göz dağı, dosta fəxarət olur! Bu baxımdan biz bayrağımızı artıq qələbə bayrağı, qələbə simvolu kimi də dəyərləndirə bilərik.  Artıq sənə yalnız qələbələr yaraşır, ey əzəmətli bayrağım! Bayramın mübarək, üç rəngli qibləgahım!

Üçrəngli bayrağın kölgəsində mən

Qaraca torpağı vətən görmüşəm.

Zəfər güllərini dövri-qədimdən

Bayraq işığında bitən görmüşəm.

Bayraq mənliyimdir, bayraq kimliyim,

Bayraq-öz yurduma öz hakimliyim.

Aydın Tağıyev

Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri

Paylaş:
1204

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər