Norveçdə yaşayan Arzu Rzayeva: “Məktəbimizdə “Xarıbülbül” adlı rəqs qrupu yaradacayıq” - FOTO - MÜSAHİBƏ
Ana dilimizə bağlılıq həyatımızın əsasını təşkil edir. Bu bağlılıq biz doğulandan ana laylası ilə başlayır. Həm musiqi, həm də anamızın laylası bizi ana dilimizə daha da yaxınlaşdırır.
Həyatımızın bütün anlarında bizi müşayiət edən musiqinin ana dilimizlə birləşməsi gözəl bir harmoniya yaradır. Bu harmoniya həyatımızın bütün pillələrində bizimlə birgə addımlayır. Hər bir xalqın öz milli dili və musiqisi var. Bu iki mədəni vasitə xalqların birləşməsi və qarşılıqlı əlaqədə olması üçün çox vacibdir.
Budəfəki, müsahibimiz on bir ildir Norveçin paytaxtı Osloda yaşayan, ana dilimizi musiqi ilə birləşdirərək uşaqlarımıza tədris edən Arzu Rzayevadır. Musiqiçi və pedaqoq Arzu xanım Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib və uzun illərdir ki, pedaqoji fəaliyyətlə məşğul olur. Hazırda Osloda fəaliyyət göstərən Nizami Gəncəvi adına həftəsonu məktəbinin müəlliməsidir. Norveçdə doğulan azərbaycanlı uşaqlara ana dilimizi öyrətməyi şərəfli bir vəzifə hesab edən Arzu xanımla məktəbin yaranması və gələcək planları haqqında söhbət etdik.
- Osloda həftəsonu məktəbinin açılması ideyası neçə yarandı?
- Həftəsonu məktəbinin yaranması ideyası çox-çox əvvəllərdən başlayıb. Bir neçə ildir ki, bu layihəni həyata keçirməyi düşünürdük. Bu il sentyabr ayında “Azərbaycan evi”nin rəhbəri Ramil Əliyevlə birgə bu layihəni həyata keçirdik. Təbii ki, bu məktəbin açılması üçün öncədən bir sıra tədbirlər görülüb. Belə ki, sinif otağı, tədris üçün lazım olan dərs vəsaitləri hazırlanıb.
- Necə oldu ki, məktəbinizə dahi şairimiz Nizami Gəncəvinin adını verdiniz?
- Həftəsonu məktəbimizin dahi şairimiz Nizami Gəncəvinin adını daşıması heç də təsadüfi deyil. Belə ki, mən Xankəndində təhsil aldığım məktəb də N.Gəncəvinin adını daşıyırdı. Eyni zamanda, N.Gəncəvi həm Azərbaycan ədəbiyyatı tarixində, həm də bütün Şərqdə yeni bir əbədi məktəbin əsasını qoyub. Bunlara görə də məktəbimizin vətəndən uzaq olan Osloda dahi şairimizin adını daşıması çox şərəfli və qürurvericidir.
- Siz musiqiçisini. Musiqinin pedaqoji fəaliyyətinizə təsiri haqqında nə deyə bilərsiniz?
- Bəli, mən musiqiçiyəm və musiqi fəaliyyətim birbaşa pedaqoji fəaliyyətlə bağlıdır. Azərbaycanda yaşadığım illərdə musiqi texnikumunda və Şuşa mədəni-maarif məktəbində uzun illər dərs demişəm. Pedaqoji fəaliyyətimlə yanaşı yaradıcılıq işləri ilə də məşğul olmuşam və 20-yə yaxın bəstəm var. Norveçdə uşaq festivalında norveç dilində mahnım səslənib.
Dərslərimizdə şagirdlərimiz Azərbaycan uşaq mahnılarına qulaq asır. Hesab edirəm ki, şagirdlərimizə ana dilimizi öyrətmək üçün mahnılarımızın tədrisə daxil edilməsi ən yaxşı dərs metodu sayıla bilər. Uşaqlar ritmlə öyrədilən mahnıların mətinlərini daha tez yadda saxlaya bilirlər. Belə ki, bu həm effektivdir, həm də uşaqların sevdiyi və yorucu olmayan metoddur.
- Yeni layihələriniz haqqında nə deyə bilərsiniz?
- Norveçdə keçirilmiş böyük festivallarda bir neçə musiqi layihəmiz gerçəkləşib. Bunlardan biri “Cücələrim” rəqs və mahnısıdır ki, bir neçə səhnədə nümayiş olunub. Bir neçə yeni layihəmiz var və artıq həmin layihələr üzərində işləməyə başlamışıq. Bunlardan biri həftəsonu məktəbinin nəznində “Xarıbülbül” adlı rəqs qrupu yaratmaqdır. Bu rəqs qrupunu yaratmaqda məqsədimiz odur ki, şagirdlərimiz milli rəqslərimizi və musiqimizi həm öyrənsinlər, həm də Norveçdə layiqincə təbliğ etsinlər.
- Şagirdləriniz ana dilimizi öyrənməyə həvəs göstərirmi?
- Uşaqlarımızda ana dilimizi öyrənməyə böyük həvəs və maraq var. Biz hazırda ibtidai təhsil prosesində əsasən əlifbanın öyrənilməsi, oxu və yazı texnikasının, lüğət ehtiyatının zənginləşdirilməsi və sözlərin öyrənilməsi üzərində çalışırıq. Xaricdə yaşayan , doğulub boya-başa çatan uşaqların öz ana dillərində yazıb oxumaları və danışmaları bizim üçün ən mühüm vəzifələrdən biridir. Bunun üçün də bütün imkanlarımızdan istifadə edərək uşaqlarımıza ana dilimizi sevdirməyə və layiqincə öyrətməyə səy göstəririk.
- Vətəndən uzaqda xalqımızın bu möhtəşəm qələbəsini bir qarabağlı kimi necə qeyd etdiniz?
- Bizim ailə Xankəndində yaşayıb. Bildiyiniz kimi, Şuşa Qafqazın konservatoriyasıdır. Bu şəhərdə bir çox görkəmli şəxsiyyətlər yetişib və öz töhfələrini milli musiqimizə veriblər. Bunlardan Ü.Hacıbəyov, Niyazi, S.Hacıbəyov, X.Natəvan və başqalarının adını çəkmək olar. Mənim dayım, xalq artistimiz, görkəmli xanəndə, tanınmış muğam ustadı, opera müğənnisi Əbülfət Əliyev də şuşalıdır.
Mən Şuşanın alınmasını, qələbə sevincimi dərs günümüzdə sinif otağında şagirdlərimlə birgə yaşadım. Sevincimi uşaqlarla bölüşdüm və onların gözlərindəki sevinci də görə bildim. Bu münasibətlə həftəsonu məktəbində uşaqlarımızla birgə “Xarıbülbül”, “Qarabağ bizimdir” adlı sərgilər təşkil etdik. Qarabağın simvolu olan “Xarıbülbül”ü uşaqlarımız çox gözəl çəkmişdilər.
Məktəbimizin Facebook səhifəsi də var, tədrislə bağlı informasiyaları və fotoları orda yerləşdiririk.
1news.az