Ödəmə kartlarının perspektivləri və istifadə təhlükəsizliyi | 1news.az | Xəbərlər
Müsahibə

Ödəmə kartlarının perspektivləri və istifadə təhlükəsizliyi

11:38 - 30 / 11 / 2020
Ödəmə kartlarının perspektivləri və istifadə təhlükəsizliyi

...bu gün şəxsi məlumatları oğurlamaq əvvəllər olduğundan 4000 dəfə asandır...

Frank Abiqneyl

Müasir həyatı bank ödəmə kartları olmadan təsəvvür etmək çətindir. Banklar üçün ödəmə kartlarının emissiyası bir imic və kommersiya layihəsinin qarışığı, istifadəçilər üçün isə nağd pula nisbətən bir sıra üstünlüklərə malik olan rahat bir hesablaşmalar üsuludur. Bu bank məhsulunun perspektivləri və xüsusiyyətləri, habelə ödəmə kartlarının təhlükəsiz istifadəsi məsələləri haqqında biz “SOCAR PETROLEUM” QSC-nin Baş direktorunun İnnovasiyalar üzrə müavini Elnur Mustafayevlə söhbət apardıq.

Ödəmə kartları bank biznesində hansı rol oynayır, banklar üçün bu seqment nə dərəcədə əhəmiyyətlidir? Çox vaxt kartlar müştərilərə rəmzi bir ödənişlə, hətta pulsuz olaraq da təklif olunur. Sanki ödəniş kartlarının emissiyası kommersiya layihəsindən çox imic üçün atılan bir addımdır. Bu, belədirmi?

Ödəmə kartları kifayət qədər uzun bir tarixi olan ənənəvi bank məhsuludur. Ödəmə kartlarının ilk prototipləri XX əsrin 20-ci illərində ABŞ-da meydana gələn və mağazalar tərəfindən buraxılan müştəri loyallığı kartları oldu. Ötən əsrin 50-ci illərində isə ilk ödəmə kartları və ilk ödəmə sistemi meydana gələn Diners Club şirkəti oldu. Bu gün dünyada onlarla ödəmə sistemi fəaliyyət göstərir, banklar müxtəlif ödəmə kartlarını emissiya edir, "plastik" isə bank biznesinin əhəmiyyətli bir seqmentinə çevrilmişdir. Dünyada emissiya edilən ödəmə kartlarının ümumi sayı 22 milyardı[1], əməliyyatların illik həcmi isə 40 trilyon ABŞ dolları ötür[2]. Planetin hər sakininin payına orta hesabla üç kart düşür. Məsələn, ABŞ-da təkcə dövriyyədə olan kredit kartlarının sayı bir milyarddan çoxdur, yəni bir sakinin payına orta hesabla üç və ya dünya kredit kartlarının həcminin təxminən üçdə biri düşür[3].

Ödəmə kartları bazarında fəaliyyət göstərən kredit təşkilatlarının rəhbərliyi perspektivləri real olaraq qiymətləndirməli, digər emitentlər, habelə alternativ ödəmə üsullarının (“AÖÜ”) provayderləri tərəfindən artan rəqabəti nəzərə almalıdır. Bir tərəfdən "plastik" əməliyyatların azalmaqda olan marjinallığı, digər tərəfdən də texnoloji həllərə və heyətin səriştəliliyinə mütəmadi investisiya qoymaq zərurəti emitentlər üçün biznes şəraitini çətinləşdirir.

2019-cu ildə «Bank of America»-nın kartlarla aparılan əməliyyatlarından əldə etdiyi gəlir 5,8 milyard dollar və ya vergidən əvvəl mənfəətinin 18%-ni təşkil etmişdir[4]. Rusiyada ödəmə kartları bazarında lider olan «Сбербанк Росии» 2019-cu il üzrə “plastik”lə aparılan əməliyyatlardan təxminən 2,7 milyard dollar və ya vergidən əvvəl mənfəətinin 16%-ni qazanmışdı[5]. Azərbaycanın ödəmə kartları bazarında lider olan "Kapital Bank"ın müvafiq gəlirləri təxminən 35 milyon dollar və ya vergidən əvvəl mənfəətinin 24%-ni təşkil etmişdi[6]. Azərbaycan bank bazarının müşahidəsi göstərir ki, bir sıra emitent banklar kart əməliyyatlarında qazandıqlarından çox xərcləyirlər, xüsusi ilə reklam xərclərini nəzərə alaraq. Həqiqətən də, ödəmə kartının emissiyası müəyyən dərəcədə imic üçün atılan addımdır, amma bu, hər şeydən əvvəl, loyallığı kart məhsulunun strateji pozisiyalanmasının məhsuldarlığından və xidmət keyfiyyətinin səviyyəsindən asılı olan müştərilərə xidmət göstərilməsi üçün bir biznes layihəsidir.

Bu biznesin məhsuldarlığı birbaşa əməliyyatların həcmindən asılıdır, buna görə də perspektivlər məhsulun miqyası ilə müəyyən edilir. Strateji pozisiyalanmanın və kart məhsulunun hədəf auditoriyasının qiymətləndirilməsinin dəqiqliyi, marketinq hərəkətlərinin və əməliyyat işinin səmərəliliyi kart layihələrinin uğurlu olmasının əsas amillərindəndir.

Nağd pulla müqayisədə ödəmə kartlarının istifadəçilər üçün üstünlükləri və çatışmazlıqları nədən ibarətdir?

Ödəmə kartlarının üstünlüklərinə hesablaşmaların rahatlığı və sürəti, “xırda qaytarmaq” amilinin olmaması aid edilməlidir. Mükafat və bonus qazanmaq imkanı da mühüm üstünlüklərdəndir. Mobil bankçılıq ödəmə kartlarının funksionalını genişləndirərək onları daha rahat bir ödəmə və hesablaşma üsuluna çevirmişdir. Çatışmamazlıqlara istifadəçilər tərəfindən pul vəsaitləri itkisi risklərini yetərincə qiymətləndirilməməsi aid edilməlidir. Həmçinin alış-verişi kartlarla ödəyərkən "pullarla vidalaşma" effekti olmur ki, bu da həddindən artıq xərclərə səbəb ola bilir.

Ödəmə kartları seqmentində mövcud trendlər, innovativ həllər və rəqabət edən təkliflər barədə nə deyə bilərsiniz?

İstifadəçilərə güzəşt və üstünlüklər verən, yığım, bonus və keş-bek funksiyalarına malik olan kart məhsulları da müəyyən potensiala malikdir. Qeyd etmək lazımdır ki, antipandemiya karantini şəraitində və pandemiyasonrası dövrdə pərakəndə obyektlərin marjası hesabına bu cür kart məhsullarının maliyyələşdirilməsi imkanları xeyli məhdudlaşacaq.

Bütövlükdə regional bazarda kredit kartlarının potensialı kifayət qədər məhdud dərəcədə reallaşdırılmışdır. Bu növ ödəmə kartları Azərbaycanda emissiya edilən ümumi kartların yalnız 11%-ni[7] (Gürcüstanda - 8%-ni[8], Rusiyada və Qazaxıstanda - 13%-ni[9], Ukraynada - 28%-ni[10]) təşkil edir, yəni respublikanın 100 sakininə cəmisi doqquz kredit kartı düşür. Eyni zamanda dünyada ortalaması hər yüz sakin üçün 37[11] kredit kartı təşkil edir. 2019-cu ilin birinci yarısında qlobal ödəmə bazarında kart əməliyyatlarının ümumi həcminin 56%-i kredit kartları ilə ödənilmiş, bu əməliyyatlarda artım isə 13%[12] təşkil etmişdir. Bu qlobal trendin kontekstində regional bazarda kredit kartlarının emissiyasında artım gözləmək ağlabatandır.

Prossesinq texnologiyası baxımından daha çox çip kartları kimi tanınan EMV kartlarının bəzi əhəmiyyətli üstünlükləri var. Çip kartlar antipandemiya karantin dövründə daha da aktuallaşmış təmassız ödəməni mümkün etdilər. EMV kartlarının təhlükəsizlik səviyyəsi yüksəkdir, lakin bu kartlar onlarda olan maqnit zolağına görə icazəsiz kopyalamadan ("klonlaşdırmadan") tam qorunmuş hesab edilə bilməz.

Səs, üz, göz və ya barmaq izi kimi biometrik məlumatlarının köməyi ilə şəxsiyyətin identifikasiyası ödəmə kartı ilə aparılan əməliyyatların təhlükəsizliyini artırmağa kömək edən innovativ həllərdəndir. Rəqəmsal fərdi məlumatları rahat üsulla qoruyan və dünya ödəniş bazarında daha bir tendensiyanı təşkil edən biometrik autentifikasiya ödəmələr zamanı getdikcə daha da populyarlaşır.

İnternet bankçılığı, elektron pul kisələri və sair bu kimi AÖÜ ayrıca diqqətə layiqdir. Bu rəqabətli təkliflər ödəmə kartları seqmentinə ciddi təzyiq göstərir. Prossesinqin tam rəqəmsal formatı, əlçatanlığı, istifadədə rahatlığı və dəyərinin aşağı olması AÖÜ-nün əsas üstünlüklərindəndir. Mütəxəssislərin qiymətləndirmələrinə görə, artıq 2021-ci ildə onlayn ödəmələrin 50%-dən[13] çoxu AÖÜ vasitəsi ilə həyata keçiriləcəkdir. AÖÜ bazarının inkişafı qlobal ödəmə sənayesinin davamlı tendensiyası olmaqla emissiyanın, əməliyyatların dinamikasına və yenə də nağdsız ödənişlərin əsas vasitəsi olaraq qalan ödəmə kartlarının prosessinqinin dəyərinə birbaşa təsir göstərir.

Bölgəmizdə kart biznesinin inkişaf perspektivləri barədə nə deyə bilərsiniz?

World Cash Report 2018-a görə, Cənubi Koreyada bir sakinə beşdən çox kart (5,1), Çində və Paraqvayda təxminən beş kart (4,4), ABŞ-da dörddən çox kart (4,1) düşürsə, dünya ortalama səviyyəsi üç kart təşkl edir[14]. Eyni zamanda, inkişaf etməkdə olan ölkələrin bazarlarında emitentlərin daha böyük artım perspektivləri vardır. Məsələn, bu gün Rusiyada dövriyyədə təxminən 290 milyon ödəmə kartı var, yəni bir sakinə təxminən iki kart (1,97)[15] düşür. Gürcüstanda bu göstəriciyə görə bir sakinə təxminən iki kart düşür (1,81)[16], Qazaxıstanda isə bu göstərici həmin səviyyəni aşmışdır (2,20)[17]. 2020-ci ildə Azərbaycanda plastik kartların sayı səkkiz milyon yarımdan çox olmuş, yəni bir sakinə bir kartdan az düşmüşdür (0,87)[18]. Orta dünya səviyyəsinə əsasən yaxın gələcəkdə Azərbaycanda ödəmə kartlarının əlavə emissiyası perspektivlərinin 20 milyon (Gürcüstanda - 4 milyon, Qazaxıstanda - 15 milyon, Rusiyada - 150 milyon)[19] kart təşkil edə biləcəyini güman etmək olar.

Azərbaycanın bank bazarının kart seqmentindəki vəziyyəti necə xarakterizə edərdiniz?

Son 10 ildə ödəmə kartları seqmentinin uzun bir yol keçdiyini söyləmək olar: dövriyyədə olan kartların sayı iki dəfə artaraq 2020-ci ilin iyun ayında 8.7 milyona çatmış, əməliyyatların sayı isə 3,5 dəfə artaraq 2019-cu ildə təxminən 162 milyon təşkil etmişdir[20]. Kart əməliyyatının orta çeki 46[21] manata düşmüşdür ki, bu da vətəndaşların gündəlik xərclərində kartlardan daha çox istifadə olunduğunu göstərir. Elektron ticarətdə kart ödəmələri xüsusilə artmışdır – ötən beş ildə əməliyyatların sayına görə altı dəfə, həcminə görə 20[22] dəfə. Bununla belə plastik kart bazarının doyma səviyyəsi, habelə prosessinq infrastrukturunun inkişafı dünya və bölğə səviyyələri ilə müqayisədə aşağıdadır.

 

Ölkə

100 min əhaliyə düşən bankomatlar[23]

100 min əhaliyə düşən POS-terminal[24]

İl ərzində bir sakinə düşən əməliyyat[25]

Rusiya

132

2090

288

Gürcüstan

71

1818

93

Qazaxıstan

66

995

86

Ukrayna

45

764

121

Azərbaycan

26

542

16

Dünya ortalaması[26]

57

1235

103

 

Azərbaycanda 2020-ci ilin birinci yarısında nağd pul çıxarma əməliyyatları kart əməliyyatlarının ümumi həcminin 75%-ni təşkil etmişdir[27]. Bu əməliyyatlar Ukraynada 50%-dən az, Qazaxıstanda - 40%-dən az, Rusiyada - 30%-dən az, ümumilikdə isə qlobal bazarda təxminən 14% təşkil etmişdir[28]. Deyə bilərik ki, Azərbaycanda əksər istifadəçilər üçün ödəmə kartları pulu nağdlaşdırmaq üçün bir alət rolunu oynamaqda davam edir ki, bu da bir sakinə düşən əməliyyatların say göstəricisində öz əksini tapır. 2019-cu ildə bu, 16 əməliyyat, yəni ayda 1,3 dəfə təşkil etmişdir ki, bu da orta dünya və regional göstəricilərdən dəfələrlə azdır. Aydındır ki, bu vəziyyətin səbəbi prosessinq infrastrukturunun inkişaf səviyyəsinin aşağı olmasıdır.

Bununla belə plastik əməliyyatlardan əldə olunan bank gəlirlərinin miqdarı buraxılan kartların sayından çox, əməliyyatların həcmi və sayından asılıdır. Bununla bağlı olaraq prosessinq infrastrukturunun inkişafı emitent bankların prioritet vəzifəsi olmalıdır.

Plastika bazarında məhsul çeşidinin məhdud olduğunu da qeyd etmək lazımdır. Məsələn, yuxarıda qeyd edildiyi kimi, kredit kartları emissiya edilən kartların yalnız 11%-ni təşkil edir. Ölkədə fəaliyyət göstərən 26 bankdan doqquzu (onlardan beşi ilk onluğa daxildir) öz müştərilərinə bu tip kartı təklif etmir[29].

“2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsinə dair Dövlət Proqramı" kontekstində müvafiq bazar iştirakçıları respublikanın bütün sakinləri üçün hesablaşma vasitəsi kimi ödəmə kartlarının əlçatanlığını təmin edən prosessinq infrastrukturunu yeni keyfiyyət səviyyəsinə yüksəltmək məqsədilə təcili tədbirlər görməlidirlər. Azərbaycanda bankomatların və POS-terminalların sayı dəfələrlə artırılmalı, ödəmə kartlarının əlçatanlığının və yayılmasının ən mühüm amili olan pressinqin qiyməti isə sağlam bazar rəqabətinin nəticəsi kimi differensial əsasda endirilməlidir.

Bu gün kart hesablarından pul vəsaitlərinin talanması problemi nə dərəcədə əhəmiyyətlidir?

Mal və xidmətlərə görə ödənişlər də daxil olmaqla, ödəmə kartlarının tətbiqi ilə aparılan əməliyyatların, habelə nağ pul çıxarma əməliyyatlarının məcmu qlobal həcmi 2018-ci ildə 40 trilyon ABŞ dollarını aşmış, 2020-ci ildə isə 47 trilyon ABŞ dollarını aşacaq[30]. Ekspertlərin qiymətləndirmələrinə görə, həmin il kart hesablarından pul vəsaitlərinin talanmasının həcmi təxminən 28 milyard ABŞ dolları, yəni ödənilən və ya nağdlaşdırılan hər 100 dollara 6,86 sent təşkil etmişdir[31]. Qiymətləndirmələrə görə, 2027-ci ilə yaxın bu göstərici enərək hər 100 dollar üçün 5.68 sent təşkil edəcək, eyni zamanda mütləq ifadədə talamaların məcmu məbləği 41 milyard dollara qədər artacaq[32]. Bu, ödəmə kartlarından və kart hesablarından pul vəsaitlərinin talanmasının qlobal problem olduğunu göstərir və bu problemin əhəmiyyəti yaxın gələcəkdə də qalacaq.

Ödəmə kartlarından vəsait talanması, bir qayda olaraq, kiberhücumlar və digər kibercinayət elementlərinin, “sosial mühəndislik” metodlarının və fırıldaqçılığın digər formalarının tətbiqi ilə törədilən cinayətlərdir.

Ölkə

Kartlar üzrə talamaların həcmi (mln. ABŞ dolları)[33]

Ümumi göstəricidə faizlə

ABŞ

9,460

33.97

Böyük Britaniya

856

3.07

Fransa

497

1.79

Almaniya

106

0.38

İspaniya

104

0.38

İtaliya

70

0.25

Rusiya

21

0.07

Türkiyə

6

0.02

Ukrayna

5

0.02

Digər ölkələr

16,725

60.05

Talamaların həcmi

27,850

100%

 

Kart istifadə etmədən talama («card not-present fraud»), yəni icazəsiz və qanunsuz onlayn ödəmələr ümumi həcmin 54%-ni təşkil etmişdir, halbuki kart istifadə etmədən aparılan əməliyyatlar dövriyyənin yalnız 15%-ni[34] təşkil edir ki, bu da bir daha bu faktı vurğulayır ki, informasiyanın qorunması ödəmə kartlarından istifadənin təhlükəsizliyinin əsas amilidir. Başqa kateqoriyalardan olan talamalara kartların oğurlanması, kartların saxtalaşdırılması ("klonlaşdırılması"), şəxsiyyəti identifikasiya etməyə imkan verən məlumatların oğurlanması («ID/PII theft»), sonra da vəsaitləri oğurlamaq məqsədilə hesabların açılması və ya mövcud hesablar üzərində nəzarəti əldə edilməsi, habelə ödəmə kartları ilə digər qanunsuz hərəkətlər aiddir.

Azərbaycanda kart hesablarından vəsaitlərin talanması problemi yetərincə qiymətləndirilmir. Bu fikir onda öz təsdiqini tapır ki, birincisi, Azərbaycan üzrə kart hesablarından pul vəsaitlərinin oğurlanmasına dair açıq rəsmi dövri məlumatlar yoxdur. İkincisi, bildiyiniz kimi, bu gün kart hesablarından talamaların tənzimləyici monitorinqi oflayn rejimdə təşkil olunub, faktiki və potensial təhdidlərə operativ cavab verməni nəzərdə tutmur. Kart ödəmələrinin təşkilində iştirak edən bank və təşkilatlar arasında fəaliyyətinin koordinasiyası və operativ əməliyyat mübadiləsi üzrə platforma mövcud deyil, halbuki bu, bu cür cinayət əməllərinin açılmasına və onlarla mübarizə aparılmasına əhəmiyyətli dərəcədə köməklik edə bilərdi.

Kart hesablarından talamalara qarşı səmərəli mübarizə aparmaq üçün hansı istiqamətlərdə tədbirlər görülməlidir?

Kart fırıldaqçılığı və kart hesablarından talamalar kontekstində qeyd etmək istərdim ki, Azərbaycanda normativ-hüquqi bazanın islahatında ehtiyac yaranmışdır. Müvafiq normativ-hüquqi aktlarda kiberhücum, kompüter fırıldaqçılığı və talama, İnternet şəbəkəsində və elektron kommersiya sahəsində talama, zərərli proqram təminatı kimi kateqoriyaların əks edilməsi lazımdır. Həmçinin, Cinayət Məcəlləsində bank (kart) hesablarından pul vəsaitlərinin talanması kateqoriyasının əks edilməsi vacibdir. Əlavə olaraq, islahatlar kart istifadəçilərinin talama və fırıldaqçı fəaliyyət nəticəsində itkilərdən hüquqi müdafiəsini təmin edilməsi üçün aktualdır. Beynəlxalq təcrübədə bu cür müdafiə bazarın hüquqi infrastrukturunun adi bir atributudur. Məsələn, ABŞ-da müvafiq olaraq 1974-ci və 1978-ci illərdən etibarən “Ədalətli kredit hesabları haqqında” («Fair Credit Billing Act») və “Elektron pul köçürmələri haqqında” («Electronic Funds Transfer Act») qanunlar, Böyük Britaniyada 1974-cü ildən “İstehlakçı kreditləşdirilməsi haqqında” («the Consumer Credit Act») qanun qüvvədədir ki, bu qanunlar da ödəmə kartı istifadəçiləri üçün müvafiq hüquqi müdafiəni təmin edir və onların salahiyyətsiz ödənişlər, talamalar və fırıldaqçılıq nəticəsində itkilərini məhdudlaşdırır.

Emissiya və xidmət üzrə nümunəvi müqavilələrə əsasən bizim istifadəçilər hətta qlobal ödəmə sistemlərinin onlara zəmanət verdiyi hüquqi müdafiədən belə məhrumdurlar. Müştərilərin hüquqları, öhdəlikləri və riskləri barədə məlumatlandırılması banklar tərəfindən heç də səmərəli şəkildə həyata keçirilmir. Yuxarıda göstərilən hallar ödəmə kartları seqmentinin və bütövlükdə bank bazarının inkişafını ləngidir. Bu baxımdan respublikanın kredit-maliyyə sferasının inkişafı kontekstində müvafiq normativ-hüquqi bazada islahatların aparılması və tənzimləyici tələblərin təkmilləşdirilməsi son dərəcədə zəruridir.

Qanunvericilik islahatlarının hansı istiqamətlərindən söhbət gedir?

Qabaqcıl beynəlxalq və regional təcrübəyə əsasən aşağıdakı istiqamətlər üzrə qanunvericilik təşəbbüsləri və islahatları məqsədə müvafiq olar:

  1. aşağıdakıları tənzimləyən normativ-hüquqi aktların hazırlanması və təsdiq edilməsi:

ı. ödəmə kartı istifadəçilərinin hüquqi müdafiəsinin təmin edilməsi;

  1. şəxsiyyəti identifikasiya etməyə imkan verən informasiyanın təhlükəsizliyini təmin edən şəraitin yaradılması.
  2. kart hesablarından pul vəsaitləri oğurluğunun və müvafiq fırıldaqçılıq hərəkətlərinin, o cümlədən kiberhücumlarla, zərərli proqram təminatının tətbiqi ilə bağlı talama və fırıldaqçılıq hərəkətlərinin, İnternet şəbəkəsində və elektron kommersiyası sahəsində talamaların Cinayət Məcəlləsinin ayrı-ayrı maddələrində təsbit edilməsi.
  3. kredit-maliyyə sferasında kiberhücumlar da daxil olmaqla, kart hesablarından pul vəsaitlərinin talanmasının monitorinqinə və reaksiya verməyə görə məsul olan xüsusi struktur bölmənin yaradılması, həmçinin kart oğrularının və fırıldaqçıların qurbanı olmuş istifadəçilərin müraciətlərinə səmərəli reaksiya vermə sistemində lazımi qaydada iştirakının təmin edilməsi.
  4. maliyyə bazarı iştirakçıları, hüquq-mühafizə orqanları, provayderlər və rabitə operatorları, sistem inteqratorları, antivirus proqram təminatı istehsalçıları və informasiya təhlükəsizliyi sahəsində çalışan digər şirkətlər arasında səmərəli informasiya mübadiləsi sisteminin yaradılması.
  5. İnkişaf etmiş texnoloji həllərə və heyət səriştəliliyinə aşağıdakılara yönələn investisiya qoyuluşu:

ı. biometrik autentifikasiyanın tətbiqi, əməliyyatların təsdiqlənmə səviyyəsinin gücləndirilməsi, informasiya sistemlərində zəifliklərin mütamadi monitorinqi;

  1. müştəri bazasının sürətlə genişləndiyi, texnoloji həllərin inkişaf etdiyi bir şəraitdə əsas heyətin ixtisas dərəcələrinin fasiləsiz olaraq yüksəldilməsi.
  2. maliyyə savadlılığının ümumi olaraq yüksəldilməsi çərçivəsində əhalinin ödəmə kartları məsələləri barədə mütəmadi və əlçatan şəkildə məlumatlandırılması.

Pul vəsaitlərinin təhlükəsizliyini təmin etmək üçün oxucularımıza nə məsləhət görərdiniz?

Əvvəla, ödəmə kartı istifadəçiləri nəzərə almalıdırlar ki, pul vəsaitləri onların ciblərindən və ya pul kisələrindən oğurlandığı kimi, bank hesabından da oğurlana bilər. Bundan əlavə, vətəndaşlarımız mütləq maliyyə savadlılığı səviyyəsinin yüksəldilməsinə diqqət yetirməli, yəni maliyyə əməliyyatları barədə təməl məlumatları əldə etməlidirlər. Bunsuz müasir gündəlik həyatı təsəvvür etmək çətindir.

Praktiki məsləhətlərə gəlincə, vətəndaşlarımızın maraqları naminə ödəmə kartlarından istifadənin demək olar ki, bütün istiqamətlərini əhatə edən tövsiyələr hazırlanmışdır. Bu tövsiyələr ölkə əhalisinin rəqəmsal ödənişlər sahəsində bilik səviyyəsinin artırılmasına yönəlib. Kart əməliyyatlarında bu tövsiyələrə riayət edərək istifadəçilər pulların talanması və itkisi risklərini minimuma endirə bilərlər.

Elnur Mustafayev, SOCAR-ın bir sıra istehsal bölmələrində, eləcə də beynəlxalq audit və konsaltinq şirkətlərində rəhbər vəzifələrdə çalışmış “SOCAR PETROLEUM” QSC-nin İnnovasiyalar üzrə Baş direktorunun müavini. Talamalarla mübarizə sahəsində ekspert, ACFE-nin üzvü.

https://www.facebook.com/pg/elnurmustafayevv

https://www.linkedin.com/in/elnur-mustafayev-65a4a31b0

https://twitter.com/elnurm76 

 

 

[1] https://www.statista.com/statistics/1080756/number-payment-cards-in-circulation-worldwide.

[2] THE NILSON REPORT, NOVEMBER 2019/ISSUE 1164; səhifə 1.

[3] Credit card statistics 2020: 65+ facts for Europe, UK, and US; səhifə 2.

[4] BANK OF AMERICA, Annual Report 2019; səhifə 45, faiz göstəricisi kart gəlirlərin vergidən əvvəl mənfəətə nisbət olaraq hesablanmışdır.

[5] Consolidated Financial Statements Sberbank of Russia and its subsidiaries for the year ended 31 December 2019; səhifələr 2, 68; faiz göstəricisi kart gəlirlərin vergidən əvvəl mənfəətə nisbət olaraq hesablanmışdır; rubl gəlirləri ABŞ dollarına müvafiq dövr üçün orta məzənnə ilə hesablanmışdır.

[6] «Kapital Bank» ASC Consolidated Financial Statements for the year ended 31 December 2019; səhifələr 2, 44; faiz göstəricisi kart gəlirlərin vergidən əvvəl mənfəətə nisbət olaraq hesablanmışdır; manat gəlirləri ABŞ dollarına müvafiq dövr üçün orta məzənnə ilə hesablanmışdır.

[7] Azərbaycan Respublikasının Mərkəzi Bankın 01.07.2020 tarixli məlumatları əsasında hesablanmışdır.

[8] Gürcüstanın Mərkəzi Bankın 01.07.2020 tarixli məlumatları əsasında hesablanmışdır.

[9] Russiya Bankının 2020-ci ilin birinci rüb üzrə və Qazaxıstan Respublikasının Mərkəzi Bankının 01.07.2020 tarixli məlumatları əsasında hesablanmışdır.

[10] Ukrayna Mərkəzi Bankın 2020-ci ilin may ayı üzrə məlumatları əsasında hesablanmışdır.

[11] «Credit card statistics 2020: 65+ facts for Europe, UK, and US» (səhifə 2) məlumatları və 2018-ci ildə dünya əhalisinin sayı əsasında hesablanmışdır.

[12] THE NILSON REPORT, NOVEMBER 2019/ISSUE 1164; səhifə 9.

[13] Top Trends in Payments: 2020; səhifə 10.

[14] 2018-ci ildə emissiya edilmiş kartların və dünya əhalisinin sayı əsasında hesablanmışdır.

[15] Rusiyanın Bankın 2020-ci ilin birinci rüb üzrə məlumatları və Rusyanın əhali sayı əsasında hesablanmışdır.

[16] Gürcüstan Mərkəzi Bankın 01.07.2020 tarixli məlumatların və Gürcüstan əhali sayı əsasında hesablanmışdır.

[17] Qazaxıstan Respublikasının Mərkəzi Bankın 01.07.2020 tarixli məlumatları və Qazaxıstan Respublikasının əhali sayı əsasında hesablanmışdır.

[18] Azərbaycan Respublikasının Mərkəzi Bankın 01.07.2020 tarixli məlumatları və əhali sayı əsasənda hesablanmışdır.

[19] Təhlildə göstərilən ölkələrin mərkəzi banklarının məlumatlarına əsasən ödəniş kartların faktiki sayı və dünya üzrə orta sayı arasındakı fərq olaraq hesablanmışdır.

[20] Azərbaycan Respublikasının Mərkəzi Bankın 01.07.2020 tarixli məlumatları.

[21] Azərbaycan Respublikasının Mərkəzi Bankın 01.07.2020 tarixli məlumatları.

[22] Azərbaycan Respublikasının Mərkəzi Bankın 01.07.2020 tarixli məlumatları.

[23] Mərkəzi bankların məlumatları və ölkələrın əhali sayı əsasında hesablanmışdır (Azərbaycan, Gürcüstan, Qazaxıstan – 01.07.2020 tarixinə; Rusiya –  2020-ci ilin birinci rüb; Ukrayna – 2020-ci ilin may ayı tarixinə).

[24] Mərkəzi bankların məlumatları və ölkələrın əhali sayı əsasında hesablanmışdır (Azərbaycan, Gürcüstan, Qazaxıstan – 01.07.2020 tarixinə; Rusiya –  2020-ci ilin birinci rüb; Ukrayna – 2020-ci ilin may ayı tarixinə).

[25] Mərkəzi bankların 2019-cu il üzrə məlumatları və ölkələrın əhali sayı əsasında hesablanmışdır.

[26] World Cash Report 2018: səhifələr 23, 24, 37.

[27] Azərbaycan Respublikasının Mərkəzi Bankın 01.07.2020 tarixli məlumatları.

[28] Mərkəzi bankların məlumatları və ölkələrın əhali sayı əsasında hesablanmışdır (Gürcüstan, Qazaxıstan – 01.07.2020 tarixinə; Rusiya –  2020-ci ilin birinci rüb; Ukrayna – 2020-ci ilin may ayı tarixinə); dünya bazarı üzrə - THE NILSON REPORT, NOVEMBER 2019/ISSUE 1164; səhifə 9.

[29] 2020-ci ilin iyul ayı ərzində aparılmış bankların rəsmi internet saytlarının müşahidəsi və telefon sorğuların əsasında.

[30] THE NILSON REPORT, NOVEMBER 2019/ISSUE 1164; səhifə 7.

[31] THE NILSON REPORT, NOVEMBER 2019/ISSUE 1164; səhifə 1.

[32] THE NILSON REPORT, NOVEMBER 2019/ISSUE 1164; səhifə 7.

[33] https://www.fico.com/europeanfraud.

[34] THE NILSON REPORT, NOVEMBER 2019/ISSUE 1164; səhifə 8.

Paylaş:
2763

Sizin üçün xəbərlər

Son xəbərlər

Yağış yağacaq, külək əsəcək - Sabahın havasıBu gün, 12:24Laborator analizlərin nəticələrini “mygov” rəqəmsal hökumət platformasından əldə etmək mümkündürBu gün, 12:23Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayıbBu gün, 12:02Nazirlər Kabineti kiçik elektrik nəqliyyat vasitələrinə dair qərar veribBu gün, 11:57Nazir: 100 min uşaq üçün əlavə məktəbəqədər təhsil müəssisələrinin açılması nəzərdə tutulurBu gün, 11:43İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edibBu gün, 11:40Bakıda 6 nəfərin 33 min manatı dələduzluqla ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıbBu gün, 11:29Ali Məhkəmə vergi mübahisələri üzrə ərazi aiddiyyətini müəyyənləşdirdiBu gün, 11:17NİİM-dən yollarda diqqətsizlik və məsuliyyətsiz edənlərə ÇAĞIRIŞ - VİDEOBu gün, 11:11Azərbaycanın daha bir mədəni elementi UNESCO Siyahısına daxil edildi - FOTOBu gün, 10:53Nazir: “Ən yaxşı işlərdən biri 5 yaşlıların məktəbəqədər təhsilə cəlb olunmasıdır”Bu gün, 10:49Ceyhun Bayramov ATƏT XİN Şurasının iclasında iştirak etmək üçün Maltaya gedibBu gün, 10:10Cənubi Koreyada hərbi vəziyyət rejimi ləğv olunubBu gün, 10:09Ağır vəziyyətdə KTM-in reanimasiyasına qəbul edilən xəstə həyata qaytarılıb - FOTOBu gün, 09:55DİN: Ötən gün axtarışda olan 126 nəfər saxlanılıbBu gün, 09:43AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26“Azərbaycan Atabəyləri” tarixi bədii-sənədli filminin qalası olub - FOTOBu gün, 09:21Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOBu gün, 09:13Bakıda sıxlıq olan küçə və prospektlər açıqlandı - SİYAHIBu gün, 09:11OCCRP - jurnalistika pərdəsi altında ABŞ-nin təbliğat aləti03 / 12 / 2024, 21:34
Bütün xəbərlər