Azərbaycan 30-dan artıq ölkəyə humanitar və maddi yardım göstərib
“Beynəlxalq aləmdə məsuliyyətli və etibarlı tərəfdaş kimi özünü doğrultmuş Azərbaycan Respublikası COVID-19 pandemiyası ilə mübarizə üzrə aparılan beynəlxalq səylərə öz töhfəsini əsirgəməyib”.
1news.az xəbər verir ki, bu barədə 2020-ci ilin yekunlarına dair Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat buraxılışında bildirilib.
Qeyd olunub ki, Azərbaycan bu məqsədlə Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi verib, həmçinin ISESCO və Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə BMT-nin Yaxın Şərq Agentliyinə (UNRWA), eləcə də 30-dan artıq ölkəyə humanitar və maddi yardım göstərib: “Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizədə nümunəvi ölkə adlandırıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə cari ilin 4 may tarixində keçirilmiş Qoşulmama Hərəkatının Təmas Qrupunun koronavirusla mübarizəyə həsr edilmiş Zirvə görüşündə Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi təklifi BMT-nin 150-dən artıq üzv dövləti tərəfindən dəstəklənib və 3-4 dekabr tarixlərində bu mövzuda xüsusi sessiyanın yüksək səviyyəli seqmenti keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xüsusi sessiyanın çağırılmasının təşəbbüskarı kimi tədbirin açılış hissəsində Qoşulmama Hərəkatının sədri qismində, eləcə də ümumi müzakirələri zamanı milli qisimdə çıxış edib. Xüsusi sessiyanın ümumi müzakirələrində 37 dövlət və 40 hökumət başçısı, 67 nazir çıxış edib və çıxış edənlər tərəfindən sessiyanın keçirilməsinin təşəbbüskarı olduğuna görə Azərbaycana təşəkkür ifadə edilib.
Azərbaycanın bu xoşməramlı və humanist təklifini dəstəkləməyən yeganə ölkə Ermənistan Respublikası olub ki, bu ölkə həmçinin pandemiya dövründə qlobal atəşkəslə bağlı BMT Baş katibinin təşəbbüsünü də məhəl qoymayıb. Belə ki, cari ilin iyul ayında Ermənistan yeni ərazilər işğal etmək və Azərbaycanın strateji enerji infrastrukturuna zərbə vurmaq məqsədilə Ermənistan-Azərbaycan beynəlxalq sərhədinin Tovuz istiqamətində hərbi təxribatlara əl atıb və daha sonra, avqust ayında bu ölkənin diversiya qrupu təmas xəttini keçməyə cəhd edib”.
1news.az