Sevinc Fətəliyeva: “Multikultural dəyərlər Azərbaycan milli mədəniyyətinin ayrılmaz keyfiyyətidir”
“Azərbaycan xalqı dünyanın ən zəngin mədəni irsə sahib olan xalqlarından biridir. Özünəməxsusluğun və milli identikliyin qorunması mədəniyyət siyasətinin qarşısında duran strateji prioritetlərdəndir. Müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili, milli mənəvi dəyərlər olub. Azərbaycan dilinin, Azərbaycan mədəniyyətinin qorunub inkişaf etdirilməsi həm də müstəqilliyimizin, vahid dövlətçilik ənənələrimizin və milli birliyimizin ən başlıca simvollarından biridir”.
1news.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.
Sevinc Fətəliyeva bildirib ki, böyük xalqın zəngin dili olmalıdır. Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Azərbaycan dili və mədəniyyəti milli və bəşəri dəyərləri də ehtiva edir. Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva mədəni irsimizin, dilimizin qorunması və təbliği baxımından mühüm tədbirlər həyata keçirir. Milli-mədəni irs nümunələrinin tanıdılması fəaliyyətin əsas prioritetlərindən biri kimi qalmalıdır.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanda dini abidələr də xüsusi olaraq qorunur və qorunacaq. Cənab Prezidentin göstərişi ilə bütün əsas dini abidələr təmir olunub. Bir çoxları, o cümlədən Heydər məscidi yenidən tikilib. Digər məscidlər tarixi simaları qorunmaqla əsaslı təmir edilib. Dünyanın ən qədim məscidlərindən biri olan, 743-cü ildə inşa edilmiş Şamaxı Cümə məscidi yenidən qurulub. Xristian dini abidələri, alban kilsələri, cümlədən Nic qəsəbəsindəki kilsə, Kiş kilsəsi təmir edilib.
“İnşa olunacaq yeni infrastruktur Qarabağın bütün regionun mədəni mərkəzinə çevrilməsinə səbəb olacaq. Cənab Prezidentin tapşırığına əsasən Füzulidə beynəlxalq aeroport tikiləcək. Oradan Şuşaya məsafə də yaxındır. Füzuli beynəlxalq aeroportunun tikilməsi xarici qonaqların Şuşaya dəvət edilməsi üçün imkanlar yaradacaq. Çünki oraya gəlib ondan sonra qısa müddət ərzində Şuşaya getmək mümkün olacaq. Eyni zamanda, dövlət başçısı tərəfindən Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi çox təqdirəlayiq addımdır. Şuşa tarixdə olduğu kimi, bu gün də bütün regionun mədəni paytaxtına çevrilməlidir. İşğaldan azad edilmiş ərazilərdəki tarixi abidələrin əsl siması bərpa olunmalıdır. Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi qeyd olunan hədəflərə nail olmağımızı sürətləndirəcək”,-deyən S.Fətəliyeva əlavə edib ki, multikultural dəyərlər Azərbaycan milli mədəniyyətinin ayrılmaz keyfiyyətidir.
Deputat qeyd edib ki, Azərbaycanda yaşayan bütün xalqların milli mədəniyyətinin qorunması strateji əhəmiyyət kəsb edir. Azərbaycanda yaşayan ermənilər bu ölkənin vətəndaşlarıdır. Bu gün Qarabağ bölgəsində yaşayan ermənilər də, ancaq Azərbaycan dövləti çərçivəsində normal yaşaya bilərlər.
1news.az