Sevinc Fətəliyeva: Azərbaycan təkcə öz ərazi bütövlüyünü bərpa etməyib, həm də bölgəni erməni faşizmindən xilas edib
Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının (AŞPA) builki qış sessiyasında tamamilə fərqli bir ruhda iştirak etdi. Bu dəfə biz qalib dövlətin nümayəndələri kimi bu təşkilatın sessiyasında təmsil olunduq. Bu, çox qürurverici anlar idi.
1news.az-ın verdiyi xəbərə görə, bu sözləri Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva bildirib.
S.Fətəliyeva qış sessiyasının məhsuldar keçdiyini diqqətə çatdıraraq deyib: “Bu il Azərbaycanın AŞPA-ya üzv seçilməsinin 20 ili tamam oldu. Bu münasibətlə Strasburqda mərasim keçirildi. Mərasimdə ötən illər ərzində Azərbaycanın təşkilatda təmsilçiliyi, Azərbaycan-Avropa Şurası əlaqələri haqqında fikirlər səsləndirildi. Tədbirdə qalib dövlətin təmsilçiləri kimi iştirak etməkdən qürur duyduq.
Ötən illər ərzində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin ifşa olunması daim nümayəndə heyətimizin gündəmində olub. AŞPA müstəvisində nümayəndə heyətimizin üzvləri öz fəaliyyətini bu istiqamətdə səfərbər ediblər. O zamanlar biz əsassız iddialarla çox üzləşirdik. Çünki erməni lobbisi və antiazərbaycançı mərkəzlər məsələni diqqətdən yayındırmaq və ölkəmizə qarşı qərəzli sənədlərin qəbul edilməsi üçün bütün imkanlarından istifadə edirdilər. Amma bunların fonunda bizim əsas amalımız milli maraqlarımızı müdafiə etmək idi və bu yolda mübarizə aparırdıq”.
S.Fətəliyeva qeyd edib ki, mübarizə bundan sonra da davam edəcək. Çünki erməni lobbisi, Azərbaycanı istəməyən qüvvələr hələ də öz təxribatçı fəaliyyətlərini davam etdirirlər. Belə ki, Ermənistan nümayəndə heyəti Azərbaycan tərəfindən həbs olunmuş erməni diversantların məsələsini qaldıraraq bundan ölkəmizə qarşı istifadə etməyə çalışdı: “Belə təqdim olunurdu ki, guya onlar hərbi əsirlərdir. Amma biz bəyan etdik ki, bu hərbçilər 10 noyabr tarixli razılaşmadan sonra həbs ediliblər. Üçtərəfli Bəyanatın imzalanmasından sonra hərbi əməliyyatları davam etdirənlər terrorçulardır və onlar Azərbaycan qanunları və beynəlxalq hüququn norma və prinsipləri əsasında cinayətkarlar kimi mühakimə ediləcəklər. Mövqeyimiz bundan ibarət oldu ki, Ermənistanın qurumdakı təmsilçiləri və onların havadarları məntiqdən, reallıqdan uzaq və qarşılıqlı qəbul edilmiş prinsiplərə zidd olan fitnəkar, saxta düşüncələrdən əl çəkməlidir”.
Deputat bildirib ki, Ermənistan xalqının gələcəyindən həqiqətən narahat olanlar bilməlidirlər ki, o xalqın gələcəyi üçün bu gün yalnız bir yol var, bu da əməkdaşlıqdır. İki dövlət arasında da bu istiqamətdə artıq müəyyən vacib addımlar atılıb. AŞPA-dakı Ermənistan deputatlarının öz dövlətlərinin mövqeyi ilə uyğun gəlməyən davranışlarının nəyi ehtiva etməsi və haradan qaynaqlanması qaranlıq və anlaşılmazdır. Ancaq erməni deputatlar xalqlarını və ölkələrini uçuruma aparmaqdan çəkinməlidirlər. Müzakirələrdən sonra AŞPA-nın qış sessiyası çərçivəsində qurumun monitorinq prosedurunun inkişafına dair qətnamə layihəsi qəbul edildi. Amma Ermənistan nümayəndə heyətinin qətnaməyə dəyişikliklər edilməsi ilə bağlı cəhdləri iflasa uğradı.
S.Fətəliyeva qeyd edib ki, erməni tərəfi 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi vəhşiliklərə görə cavab verməlidir: “Prezident İlham Əliyev bu günlərdə Azərbaycan Televiziyasına müsahibəsində fikirlərini geniş şəkildə bildirdi. Dövlət başçısının qeyd etdiyi kimi, biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz erməni faşizmini məhv etmişik, erməni vəhşiliyini məhv etmişik. Biz bölgəmizi faşist ideologiyasından tam xilas etməsək də, onun böyük hissəsini məhv etmişik. Buna görə bizim şanlı Qələbəmiz bölgə üçün, dünya üçün çox böyük əhəmiyyət daşıyır”.
S.Xankişiyeva