Politoloq: “Prezident İlham Əliyevin həqiqətləri dünyaya çatdırması nəticəsində başqa bir mənzərə formalaşmışdı” | 1news.az | Xəbərlər
Siyasət

Politoloq: “Prezident İlham Əliyevin həqiqətləri dünyaya çatdırması nəticəsində başqa bir mənzərə formalaşmışdı”

Qafar Ağayev16:43 - 05 / 03 / 2021
Politoloq: “Prezident İlham Əliyevin həqiqətləri dünyaya çatdırması nəticəsində başqa bir mənzərə formalaşmışdı”

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev ötən gün İqtisadi Əməkdaşlıq Təşkilatının onlayn Zirvə toplantısında iştirak edib və çıxış edib.

Heç kəsə sirr deyil ki, dövlət başçısı bütün beynəlxalq tədbirlərdə çıxışı zamanı önəmli məsələlərə toxunur. Onun 44 günlük müharibə və ondan əvvəlki dövrlərdə də beynəlxalq təşkilatların iclaslarında çıxışı zamanı həm Azərbaycan həqiqətlərini dünyaya çatdırdığını, həm də regionda əlaqələrin inkişaf etməsinə öz töhfəsini verdiyini müşahidə etmişik. Bunun nəticəsində bir çox ölkə 44 günlük Vətən müharibəsində qərəzli davranmayaraq işğalçının deyil, haqlı olanın – Azərbaycanın yanında yer aldı.

Buna misal olaraq Türkiyə, Pakistan və Əfqanıstanın hələ 2020-ci il sentyabrın 27-dən – müharibə başlandığı dövrdən Azərbaycana dəstəyini göstərmək olar.

Prezident martın 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısında çıxışında da regional əməkdaşlıq və digər məsələlərə toxunub. "Biz bölgədə sülh və sabitliyi təmin etmək üçün bir çox ölkələri birləşdirən nəqliyyat layihələrini müzakirə etməyə başlamışıq. Azərbaycan, Türkiyə və İran bölgədə nəqliyyat layihələrinin icrası ilə bağlı vahid mövqe sərgiləyir. Ermənistan da özünü normal apararsa, bu prosesdən faydalana bilər” – deyib.

Məsələ ilə bağlı 1news.az-a danışan politoloq İlyas Hüseynovun sözlərinə görə, Prezident İlham Əliyev Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, eyni zamanda ölkəmizin beynəlxalq mövqeyi, imici, regional siyasət ilə bağlı uzun müddətdir ki, beynəlxalq təşkilatlar səviyyəsində işlər görür:

“İlham Əliyevi 2003-cü ildə Prezident seçilməsindən bəri müxtəlif təmaslarda görmüşük. Prezident ölkəmizdə də beynəlxalq təşkilatların nümayəndələrini qəbul edərkən hər zaman ölkəmizin artan iqtisadi göstəriciləri, xalqımızın artan rifahı və eyni zamanda Ermənistanın təcavüzkar siyasəti, torpaqlarımızın işğal edilməsi ilə bağlı müxtəlif məlumatları yüksək rəsmi şəxslərə bildirirdi. Həmin siyasətçilərin topladıqları məlumatlar əsasında bir şəkillənmə baş verirdi. Bu həm də erməni təbliğatının qarşısının almaq istiqamətində ilk rəsmi mənbədən alınan məlumat idi.

44 günlük müharibə dövründə müşahidə etdik ki, Azərbaycan Respublikasının Prezidentinin davamlı olaraq həqiqətləri dünyaya çatdırması nəticəsində başqa bir mənzərə formalaşmışdı. Eyni zamanda Azərbaycan Respublikasının Prezidentinin vətən müharibəsi zamanı 30-a yaxın dünyanın aparıcı media orqanlarına müsahibəsi həqiqətlərimizin çatdırılması istiqamətində mühüm rol oynamışdı. Azərbaycanın ATƏT, BMT, Avropa Şurası, Avropa Birliyi, İslam Konfransı Təşkilatı, Türk Şurası, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar səviyyəsində həqiqətləri davamlı olaraq bildirməsi ölkəmizin beynəlxalq müstəvidə imicini və çəkisini bir qədər də möhkəmləndirirdi”.

Politoloqun sözlərinə görə, Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin bərpa olunması istiqamətində də öz önəmli töhfələrini verib:

“Bilirsiniz ki, hazırkı vəziyyətdə bütün dünyanın koronavirus pandemiyasından əziyyət çəkdiyi bir dövrdə Azərbaycan Prezidentinin təşəbbüsü ilə həm Türk Şurası, həm də Qoşulmama Hərəkatı çərçivəsində xüsusi sessiyalar çağırılıb. Hətta xüsusi sessiya çərçivəsində Qoşulmama Hərəkatının üzvləri BMT-nin xüsusi sessiyasının çağırılmasını təmin ediblər. Azərbaycanın bu proseslərdə təhlükəsizliyin və sağlamlığın qorunması istiqamətində olan təşəbbüsünü dünyanın əksər dövlətəri dəstəkləri və bunun nəticəsində BMT-nin xüsusi sessiyasının çağırılması təmin olundu. Bu həm Azərbaycanın artan nüfuzu, eyni zamanda dövlət başçımızın dünyadakı proseslərdə fəal rol oynamaq istəyi ilə yanaşı Prezidentimizin beynəlxalq nüfuzunun göstəricisidir.

Digər tərəfdən Azərbaycan həm də regional təşkilatlarda fəal rol oynamağa çalışır. Bu MDB, GUAM və digər təşkilatlardır. Eyni zamanda Azərbaycan bir sıra təşkilarda müşahidəçi qismində də iştirak edir. Bütün bunlar bizim yerləşdiyimiz coğrafiyada artan geostrateji və geosiyasi əhəmiyyətimizin göstəricisidir. Azərbaycan həm də üçtərəfli formatlarda öz diplomatiyasını qurur. Vətən müharibəsindən sonra yeni bir təşəbbüs meydana gəlib. Bu, 3+3 əməkdaşlıq platformasıdır. Cənubi Qafqaz dövlətləri ilə yanaşı Rusiya, Türkiyə və İranın birgə iqtisadi, nəqliyyat əlaqəsinin təmin edilməsi istiqamətində əməkdaşlıq formatıdır. Bu əməkdaşlıq formatının gələcəkdə bölgədəki sülhün daha da dayanıqlı olması, möhkəmləndirilməsi istiqamətində praqmatik bir addım olduğunu düşünərək Azərbaycan bu istiqamətdə öz işlərini davam etdirir.

Gələcəkdə Zəngəzur dəhlizinin istifadəyə verilməsində sonra Naxçıvanla əlaqənin təmin edilməsi eyni zamanda burada böyük regional geoiqtisadi planların, layihələrin həyata keçirilmsində Azərbaycan öz tranzit imkanlarından da istifadə edərək iqtisadiyyyatına əlavə gəlirlər cəlb edəcək. Ümumilikdə Azərbaycanın regional təşkilatlarda verdiyi önəmli töhfələr bütün dünyanın diqqət mərkəzindədir. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul olunur".

İ.Hüseynov bildirib ki, Vətən müharibəsi dövründə Azərbaycanın ədalətli və haqlı mövqeyi dəstəkləyən bir sıra dövlətlər oldu:

“Bu dövlətlər bizim üçün hazırkı dönəmdə dost dövlətlərdi. Bu cür dövlətləri daha sonrakı proseslərdə ölkəmizə dəstəklə bağlı çıxışları, bəyanatları ölkəmizin dünya səviyyəsində, eləcə də regional səviyyədə bir qədər də güclənməsinin göstəricisidir. Türkiyə, Pakistan, Əfqanıstan, Bosniya və Hersoqovina və digər dövlətlətlərin ölkəmizə dəstək mesajları bizim beynəlxalq mövqelərimizi bir qədər də möhkəmləndirir. Pakistanın baş nazirinin ölkəmizin başçısına ünvanladığı sözlər və səmimi münasibət kənardan da çox gözəl görünürdü. Eyni zaman Türkiyə ilk gündən Azərbaycanın yanında olub. Türkiyənin siyasi və mənəvi dəstəyi 44 günlük Vətən müharibəsində çox önəmli oldu.

Vətən müharibəsindən sonran ölkəmizin əsas diqqəti Qarabağın dirçəlməsinə və çiçəklənməsinə yönələcək. Burada biz bərpa-quruculuq işlərində dost dövlətlərin şirkətlərini görmək istəyirik. Türkiyədən sonra İtaliya və digər dövlətlərin, İsrailin, Pakistanın, İranın şirkətləri quruculuq işlərində fəal iştirak edə bilər. Lakin 44 günlük müharibə dövründə bəzi dövlətlərin qərəzli və birtərəfli mövqeyini unutmamışıq, bəzi dövlətlər var ki, onlar ədaləti dəstəkləməyərək işğalçıya dəstək göstərdi. Bu dövlətlərlə münasibətləri biz hər zaman xatırlayacağıq. Özümüzə dost olan dövlətlərlə daha da geniş əməkdaşlığın təşkil olunması istiqamətində mühüm addımlar atılacaq. Bİz də bu dövlətlərin də mübarizəsində onlara dəstək olacağıq”.

Paylaş:
392

Son xəbərlər

Bütün xəbərlər