Koronavirus infeksiyasının pandemiya elan edilməsindən bir il ötüb
Ümumdünya səhiyyə təşkilatı (ÜST) koronavirusun yayılmasını 2020-ci il martın 11-də pandemiya elan edib. Həmin vaxt planetdə 114 ölkədə ümumilikdə 118 min yoluxma halı qeydə alınmışdı, gündə isə təxminən 5 min yeni hal aşkar edilirdi.
1news.az Azərtaca istinadən xəbər verir ki, Nazirlər Kabineti yanında yaradılan operativ qərargah COVID-19 koronavirus infeksiyasına ölkədə ilk yoluxma hadisəsini 2020-ci il fevralın 28-də qeydə almışdı. Yoluxan şəxs İran tərəfdən Azərbaycanın sərhədini keçən Rusiya vətəndaşı olub.
2021-ci il martın 10-na olan məlumata görə, bu günə qədər Azərbaycanda koronavirus infeksiyasına 237 min 775 yoluxma halı qeydə alınıb. 230 min 116 nəfər müalicə olunaraq sağalıb, 3257 nəfər vəfat edib, 4402 xəstənin müalicəsi davam edir. Ötən dövr ərzində 2 milyon 671 min 613 test keçirilib.
Hazırda Antarktida da daxil olmaqla, demək olar ki, bütün ölkələr və qitələr infeksiya ilə əhatə olunub. Pandemiya ili ərzində yoluxanların ümumi sayı min dəfə artaraq, təxminən 118 milyon təşkil edib, 21 ölkədə isə yoluxanların sayı artıq 1 milyonu ötüb. Koronavirus səbəbi ilə il ərzində 2,6 milyondan çox xəstə həyatını itirib.
Alimlər koronavirus genomunu tez bir zamanda deşifrə etməyə və infeksiya ilə mübarizə aparmaq üçün vaksinlər hazırlamağa nail olublar. Lakin onlar hələ də pandemiyanın yaranma mənbəyini müəyyən edə, iqlim və sosial-iqtisadi şəraiti oxşar olan ölkələrdə infeksiyanın tamamilə müxtəlif yollarla yayılmasının səbəblərini izah etməyə nail ola bilməyiblər.
Çində sonradan COVID-19 olaraq təsnif edilən naməlum xəstəliyin baş verməsi barədə ilk xəbərlər 2019-cu ilin dekabrında ortaya çıxdı. Yanvar ayının sonuna qədər artıq yoluxanların sayı 10 minə yaxın oldu. COVID-19 epidemiyası Çin Xalq Respublikasında 2002-2003-cü illərdə yaranan atipik pnevmoniyadan daha miqyaslı oldu. 2020-ci il yanvarın 30-da o, beynəlxalq əhəmiyyət kəsb edən səhiyyə sahəsində fövqəladə vəziyyət kimi tanındı.
ÜST epidemiyanın pandemiya olduğunun tanınması barədə qərara gəldiyi zaman, Çin infeksiya yayılmasını dayandırmağa müvəffəq olmuşdu.
Avropa episentr olaraq qəbul edildi, xüsusilə ağır vəziyyət yoluxma hadisələrinin gündəlik artımı minlərlə hesablanmağa başladığı İtaliya və İspaniyada idi. Bununla belə, Şərqi və Şimali Avropa ölkələrində epidemiya vəziyyəti olduqca sakit qalırdı.
Avropadan sonra infeksiya ABŞ-da sürətlə yayılmağa başladı, burada martın ikinci yarısından etibarən gündə on minlərlə yoluxanlar aşkar edilməyə başladı.
Koronavirusun yayılma coğrafiyası çox fərqlidir. Bəzi ölkələrdə yalnız bir epidemiya yaşanıb, bəzilərində xəstəliyin dördüncü dalğası qeydə alınıb. Üstəlik, oxşar yaşayış səviyyəsi və eyni iqlim şərtlərinə sahib qonşu dövlətlərdə də vəziyyət kəskin şəkildə fərqlənir.
Keçən ilin sentyabr ayında Böyük Britaniyada koronavirusun daha yüksək yoluxdurma imkanına malik VOC 202012/01 variantı ortaya çıxdı. Koronavirusun bu ştammının qeydə alındığı ölkələrin ümumi sayı 111-ə çatıb. Cənubi Afrikada tapılan 501Y.V2 ştammının coğrafiyası 58 ölkəyə qədər genişlənib, mövcudluğu əvvəlcə Braziliya və Yaponiyada aşkar edilən P.1 ştammı isə hazırda 32 ölkədə dövr edir.
Azərbaycan da daxil olmaqla bir çox ölkədə əhali koronavirusa qarşı peyvənd olunur. Ölkəmizdə koronavirus əleyhinə vaksinasiya prosesi 2021-ci il yanvarın 18-də başlayıb. Bu proses 2021-2022-ci illər üçün təsdiqlənmiş Vaksinasiya Strategiyası çərçivəsində aparılır. İndiyə qədər 400 mindən çox insan peyvənd olunub. Azərbaycanda peyvənd üçün Çinin Sinovac şirkətinin CoronoVac vaksini istifadə olunur.