Sevinc Fətəliyeva: Azərbaycan Prezidentinin Novruz bayramı ərəfəsində Şuşaya səfəri böyük əhəmiyyət kəsb edir
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın erməni işğalından azad edilməsi tariximizə qızıl hərflərlə yazılıb. İndi qarşımızda duran ən əsas vəzifə işğaldan azad olunmuş torpaqlarımızın bərpası, quruculuq işlərinin həyata keçirilməsidir.
Dövlətimizin başçısı müharibədən sonra azad olunmuş ərazilərə səfər edir, həmin torpaqlardan qarşıda duran vəzifələrlə bağlı öz mesajlarını verir. Bu baxımdan, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Füzuli və Xocavənd rayonlarına, Şuşa şəhərinə səfəri böyük əhəmiyyət kəsb edir.
1news.az-ın verdiyi xəbərə görə, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva bildirib.
S.Fətəliyeva qeyd edib ki, Prezident İlham Əliyev həmin bölgələrə qalib ordunun və dövlətin qalib sərkərdəsi kimi səfər etdi. Səfər zamanı bir sıra infrastruktur layihələrinin, quruculuq işlərinin təməli qoyuldu, Ali Baş Komandan tərəfindən Hadrut qəsəbəsində dövlət bayrağımız ucaldıldı: “Məlumdur ki, 30 ilə yaxın müddət ərzində bu torpaqları işğal altında saxlayan düşmən dövlət siyasəti dərəcəsinə çatdırılan terror hərəkətləri törədib, həmin ərazilərdə daşı daş üstə qoymayıb, evləri, infrastrukturu dağıdıb, yeraltı və yerüstü sərvətləri talan edib. Bir sözlə, bir vaxtlar həyat qaynayan rayonlarda dədə-baba torpaqlarından qovulan azərbaycanlıların ev-eşikləri erməni vandalları tərəfindən yerlə-yeksan olunub. Bəli, bu, erməni xislətinin mahiyyətini, vandallığını, vəhşiliyini göstərir. Amma ermənilərdən fərqli olaraq, ordumuz mülki insanları qətlə yetirməyib, yaşayış məntəqələrini dağıtmayıb, humanizm prinsiplərindən yanaşıb. Hadrut qəsəbəsinin timsalında da bunu görmək olar. Bu, bizim bir xalq olaraq mənəvi keyfiyyətlərimizin göstəricisidir. Azərbaycan Ordusundan fərqli olaraq, Ermənistan tərəfi isə azərbaycanlı mülki əhalini hərbi hədəf kimi seçiblər. Biz bu qanlı cinayətlərə 1992-ci ildə Qaradağlıda, Xocalıda, Ağdabanda, Ballıqayada, 1993-cü ildə Başlıbeldə, 2020-ci ildə isə Gəncədə, Bərdədə, Tərtərdə və digər ərazilərdə şahid olmuşuq. Azyaşlı uşaqları, qadınları, qocaları qətlə yetirmək təcavüzkar Ermənistan üçün əsas məqsədlərdən biri olub”.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Şuşaya növbəti səfəri də əlamətdar oldu. Belə ki, dövlətimizin başçısının bura xalqımızın milli bayramı olan Novruz bayramı ərəfəsində, İlaxır çərşənbədə səfər etməsinin böyük əhəmiyyəti var. Arzuladığımız kimi, artıq bundan sonra Novruz bayramını Şuşada qeyd edəcəyik. Eyni zamanda, səfər zamanı dövlətimizin başçısı Şuşada bərpa-quruculuq işləri ilə tanış oldu. Bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi diqqəti nəticəsində Şuşa şəhəri tezliklə dirçələcək, o cümlədən tarixi, mədəni və dini abidələrimiz bərpa olunacaq.
“Vətən müharibəsi dövründə biz xalq olaraq çox güclü həmrəylik nümayiş etdirdik. Siyasi baxışlarından, mövqeyindən və əqidəsindən asılı olmayaraq hər kəs bir amal uğrunda birləşdi. Təbii ki, biz buna Prezidentimizin həyata keçirdiyi islahatlar nəticəsində nail olduq. Genişmiqyaslı islahatların tərkib hissəsi kimi demokratik, siyasi islahatlar ölkəmizdə həmrəyliyimizin və birliyimizin güclənməsində mühüm rol oynadı. Bundan sonrakı mərhələdə isə Prezidentin tövsiyəsinə uyğun olaraq, qələbəmizi siyasi yollarla möhkəmləndirmək, erməni faşizmini və vandalizmini ifşa etmək üçün beynəlxalq müstəvidə fəaliyyətimizi gücləndirməliyik”, - deyə S.Fətəliyeva vurğulayıb.