Ceyhun Bayramov iranlı həmkarı ilə görüşüb – YENİLƏNİB
2021-ci ilin 30 mart tarixində Düşənbə şəhərində keçirilən "Asiyanın ürəyi - İstanbul prosesi" 9-cu Nazirlər Konfransı çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovun İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşü keçirilib.
Xarici İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, nazirlər Azərbaycan və İran arasında mövcud olan ikitərəfli əməkdaşlıq münasibətlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Tərəflər Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının cari ildə keçirilmiş sonuncu iclasının nəticələrini yüksək qiymətləndiriblər.
Nazirlər, həmçinin regional təhlükəsizlik məsələləri, xüsusilə də 44 günlük Vətən Müharibəsindən sonra bölgədə mövcud olan vəziyyət, imzalanmış üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yenidənqurma və bərpa işlərinin aparılması üzrə fikri mübadiləsi aparılıb. Nazir Məhəmməd Cavad Zərif qeyd edib ki, İran şirkətləri azad edilmiş ərazilərin minalardan təmizlənməsi və yenidənqurma işlərində iştirak etməyə hazırdır.
Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
09:10
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Tacikistanda İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb.
Trend-in məlumatına görə, görüşdə Qafqazdakı son proseslər, iki ölkənin Xəzər dənizindəki əməkdaşlıqları və iki tərəfi maraqlandıran digər siyasi və iqtisadi sahələrdə fikir mübadiləsi aparılıb.