Azərbaycan türk dünyasını birləşdirir - TƏHLİL
Məlum olduğu kimi, martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşü keçirilib. Qazaxıstanın birinci Prezidenti-elbası, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev, Azərbaycan, Türkiyə, Qırğızıstan, Özbəkistan və Türkmənistan prezidentləri ilə bərabər Macarıstanın Baş nazirinin də qatıldığı Zirvə görüşü bir sıra məqamlarla diqqət çəkdi.
İlk öncə qeyd edək ki, sözügedən görüş türkdilli dövlətlər arasında mövcud olan sıx əlaqələrin və əməkdaşlığın daha da gücləndirilməsi niyyətinin növbəti təzahürüdür.
Məlumat üçün bildirək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasına dair Naxçıvan sazişinin imzalanmasının 10-cu ilinə təsadüf edən və 2019-cu il oktyabrın 15-də Bakıda keçirilmiş VII Zirvə görüşündə təşkilata sədrlik Azərbaycana keçib.
Hazırkı Zivə görüşü Bakıda keçirilmiş VII Zirvə görüşü, COVİD-19 pandemiyasına həsr olunmuş videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşündən sonra Azərbaycanın sədrliyi dövründə dövlət başçıları səviyyəsində keçirilən artıq 3-cü görüşdür ki, bu da Azərbaycanın təşkilata sədrliyini xarakterizə edən əlamətdar məqam kimi qiymətləndirilə bilər.
Azərbaycanın təşkilata sədrliyinin COVİD-19 pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, ölkəmiz təşkilatın fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində ardıcıl səylər göstərməkdədir.
Xatırladaq ki, keçən il aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının COVİD-19 pandemiyasına həsr olunmuş fövqəladə Zirvə Görüşü keçirilib. Bu görüşü dövlət və hökumət başçıları səviyyəsində COVİD-19 pandemiyasına həsr olunan və videokonfrans vasitəsilə təşkil edilən ilk beynəlxalq tədbir idi.
Həmin Zirvə görüşündə Türk Şurasının Katibliyinə və üzv dövlətlərin müvafiq qurumlarına pandemiya və sonrakı dövr ərzində əməkdaşlığın daha da gücləndirilməsinə dair təlimatlar verilib. Bu təlimatlara uyğun olaraq Azərbaycanın sədrliyi altında üzv dövlətlərin iqtisadiyyat, nəqliyyat, səhiyyə, energetika, gömrük, miqrasiya və turizm sahələrindən məsul nazirlərinin görüşləri təşkil olundu.
Görülən işlərin davamı olaraq, aprel ayında Bakıda Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısının, həmçinin Türk Şurasının Ticarət və Sənaye Palatasının Biznes Forumunun keçirilməsi nəzərdə tutulur.
Üzv dövlətlər arasında əməkdaşlığın əsas istiqamətlərindən birinin nəqliyyat sahəsi olduğunu nəzərə alaraq, Azərbaycan Türkiyədən Mərkəzi Asiyaya və əks istiqamətdə beynəlxalq yükdaşımaların pandemiya dövründə fasiləsiz həyata keçirilməsi üçün bütün zəruri tədbirləri görüb. Belə ki, 2020-ci ildə türkdilli ölkələrdən və əks istiqamətdə qeyri-neft sektoru üzrə 2.3 milyon tondan artıq yük Azərbaycan vasitəsilə daşınıb. Bu da 2019-cu il ilə müqayisədə 800 min ton və ya 52% çoxdur.
İkinci Qarabağ Müharibəsində 44 günə düşməni darmadağın edən Azərbaycanın türk dünyasında rolu getdikcə artmaqdadır. Türkiyə ilə Orta Asiyanın mərkəzində yerləşən ölkəmiz bütün türk dünyasını birləşdirən bir növ körpü rolunu oynamaqdadır. Şübhəsiz ki, Azərbaycanın tarixi ərazisi olan Zəngəzurdan keçəcək və Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası və daha sonra Türkiyəni birləşdirəcək yeni dəhliz regionun nəqliyyat sektorunda olduqca böyük imkanlar yaradacaq. “Zəngəzur dəhlizi”ndən istifadə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlər arasında nəqliyyat sahəsində əməkdaşlığın, yükdaşımaların həcminin daha da artmasına gətirib çıxaracaq.
Prezident İlham Əliyev Zirvə Görüşündə çıxışı zamanı “Zəngəzur dəhlizi”nin əhəmiyyətinə toxunaraq bildirib ki, qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq:
“Müharibə başa çatdı, münaqişə tarixdə qaldı. Yeni imkanlar yarandı. Onların arasında hesab edirəm ki, ən vacib imkan nəqliyyat imkanlarıdır. Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq. Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün. Ermənistanın hazırda onun müttəfiqi olan Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur. Bu dəmir yolu əlaqəsi Azərbaycan ərazisindən yarana bilər. Ermənistanın onun qonşusu olan İranla dəmir yolu əlaqəsi yoxdur. Naxçıvan vasitəsilə bu dəmir yolu təmin edilə bilər. Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşir, Orta Asiya Avropa ilə birləşir. Yəni, yeni nəqliyyat dəhlizi yaranmaqdadır. Artıq Azərbaycan bu işlərə start vermişdir. Əminəm ki, tərəfdaş ölkələr də bu imkanlardan istifadə edəcəklər”.
Zirvə görüşünün yekun bəyannaməsi üzv dövlətlər arasında əlaqələrin daha da gücləndirilməsinə yönəlmiş səylərin ifadə olunması ilə yanaşı, bir sıra əhəmiyyətli məqamlarla da xarakterizə olunur:
- Üzv dövlətlər Azərbaycan Respublikasının ərazilərinin hərbi işğaldan azad edilməsini təqdir edib və Ermənistan-Azərbaycan münaqişəsinin sona yetməsini alqışlayıblar;
- Üzv dövlətlər münaqişənin təsirinə məruz qalmış ərazilərin bərpası, yenidən qurulması və reinteqrasiyası istiqamətindəki səylərində Azərbaycan hökuməti və xalqı ilə həmrəy olduqlarını ifadə edib, Ermənistan və Azərbaycan arasında münasibətlərin bir-birlərinin suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və onlara hörmət edilməsi əsasında normallaşmasını dəstəkləyiblər;
- Dövlət başçıları Türk dünyasının ədəbiyyatı, incəsənəti, elmi və mədəniyyətinin inkişafına böyük töhfə vermiş məşhur şairlər, filosoflar və dövlət xadimlərinin yubiley ildönümlərinin üzv dövlətlərin müvafiq qurumları və Türk Əməkdaşlıq Təşkilatları ilə birlikdə keçirilməsi ilə bağlı tapşırıq veriblər. Bu baxımdan, dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyinin bütün Türk dünyası tərəfindən qeyd olunması xüsusi əhəmiyyətli hadisə olacaq.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov hesab edir ki, Zəngəzur dəhlizi yalnız Qafqaz üçün deyil, daha geniş anlamda region üçün strateji əhəmiyyətə malik olacaq:
“Burada söhbət 1.1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan Türkdilli ölkələri strateji və iqtisadi baxımdan birləşdirəcək dəhlizdən gedir. Belə ki, Türkiyə 761.4 milyard dollar, Qazaxıstan 181.7 milyard dollar, Özbəkistan 57.9 milyard dollar, Azərbaycan 48 milyard dollar, Türkmənistan 48 milyard dollar və Qırğızıstan 8.5 milyard dollar nominal ÜDM-ə malikdirlər. Bu isə ondan xəbər verir ki, Zəngəzur dəhlizi kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək.
Zəngəzur dəhlizinin istifadəyə verilməsi eyni zamanda Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi nümayiş etdirir. Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq.
Dəhliz Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndırəcək, ölkəmizin geoiqtisadi əhəmiyyətini daha da artıracaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsilə birləşəcək”.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov da Zirvə görüşünə münasibət birdirən zaman türk dünyasının birləşməsində Zəngəzurun rolunu vurğulayıb:
“Prezidentin “Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi” cümləsi olduqca vacib və strateji hədəfləri möhkəmləndirən məqamlardandır. Bununla da, dövlət başçısı türk dövlətlərinin liderlərinin diqqətinə bir daha çatdırdı ki, vaxtilə bu torpaqlarda Ermənistan dövlətini quranların əsas məqsədlərindən biri də məhz türk dünyasını parçalamaq, türk dünyası arasında əlaqələrə xələl gətirmək idi. Eyni zamanda, bu cümlə o deməkdir ki, bu gün Ermənistandakı revanşist qüvvələr Hadrutu, Şuşanı geri alacaqlarını bildirərkən, “Böyük Ermənistan” xəritəsi ilə illüziyalar qurarkən, bilsinlər ki, bir daha oradan Azərbaycan ərazisinə bir güllə atılsa, 44 günlük müharibənin aqibəti ilə üzləşməli olacaqlar”.
1news.az