Türk Şurası çərçivəsində Media Koordinasiya Komitəsi yaradılmalıdır - Prezidentin köməkçisi
Türk Şurası çərçivəsində media sahəsində əməkdaşlığın daha da sistemləşdirilməsinin tərəfdarıyıq. Bu günə kimi yaxşı təşəbbüslər olub.
Lakin gəldiyimiz qənaətlərdən biri odur ki, təşkilat çərçivəsində Media Koordinasiya Komitəsi yaradılmalıdır. Necə ki, digər sahələrdə davamlı müvafiq komitələr çərçivəsində iş aparılır, bu istiqamətdə də işlər görülməlidir.
Trend xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirləri və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.
Xatırladaq ki, az öncə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin Bakıda 3-cü toplantısı keçirilib.
Toplantıda türkdilli ölkələrdə baş verən hadisələr barədə yerli və beynəlxalq səviyyədə məlumatlandırmanın artırılması istiqamətində birgə fəaliyyətin gücləndirilməsi, informasiya və media sahəsində 2021-2022-ci illəri əhatə edən Fəaliyyət Planı, türkdilli dövlətlərin tarix və mədəniyyətinə aid bədii və sənədli filmlərin çəkilişi, media ekspertləri üçün təlim kurslarının və mübadilə proqramlarının reallaşdırılması kimi məsələlər müzakirə olunub.