Ermənistanda seçkiqabağı keçirilmiş ən böyük sosioloji sorğunun nəticələri nədən xəbər verir?
Ermənistanda 20 iyun tarixinə elan olunmuş növbədənkənar parlament seçkiləri ilə bağlı ictimai-siyasi vəziyyət hər gün müxtəlif məcraya yönəlir.
İctimai rəyə təsir etmək istiqamətində siyasi iqtidari devirmək üçün bloklar formasına mübarizə aparmağa qərar verən müxalifət hərəkətlənir, yaranmış sosial-iqtisadi durğunluqla bağlı spekulyasiyalar baş verir, 2-ci Qarabağ müharibəsində yaranan iqtisadi və hərbi itkilər qabardılır və xarici qüvvələrin təsiri altında müxtəlif addımlar geniş vüsət alır. Mayın 12-dən etibarən Ermənistan-Azərbaycan sərhədində erməni tərəfinin əsassız və həqiqətə uyğun olmayan iddiaları səbəbindən yaranmış gərginlikdən də müxtəlif cəbhələri təmsil edən qüvvələr siyasi məqsədlər üçün istifadə edirlər.
Vətən müharibəsindən sonra Ermənistanda olan ictimai-siyasi vəziyyət, siyasi partiyaların mövcud durumu, onlara olan etimad və liderlərinin nüfuzu ilə bağlı apardığımız araşdırmaların nəticələri ilə bağlı çoxsaylı məqalələrlə çıxış etmişik. Bütün dünyada elmi metod və yanaşmalarda geniş yayılmış tendensiyaya görə müqayisəli təhlilə (comparative analysis) geniş üstünlük verilir. Bu məqalədə müharibədən sonrakı dövrdən seçkiqabağı dövrə qədər Ermənistanda yaranmış abu-hava arasında bağlantı yaratmağa çalışacağıq. Eyni zamanda qonşu dövlətdə mütəmadi olaraq keçirilən sorğunun son datalarına da nəzər salacağıq.
Hazırda Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyan (Qazaxıstanın Prezidenti Qasım-Comərd Tokayevin təbirincə desək, “Nikolay” Paşinyan) 2-ci Qarabağ müharibəsi zamanı tabeçiliyində olan dövlət televiziyaları vasitəsilə xalqa müraciət etmək əvəzinə daha çox texnoloji yeniliklərdən istifadə etmək və müasir tendensiyalarla ayaqlaşmaq istiqamətində addım ataraq “Facebook” üzərindən xalqa müraciətlər edirdi.
Müharibdən sonrakı dövrdə Nikol Paşinyanın Facebook-dakı hesabında yazılan şərhlərin kontent analizi ilə yanaşı, Ermənistanda keçirilmiş sorğuları da təhlil etmişdik (Hüseynov, İ. Vətən müharibəsində məğlub olan Ermənistanın baş naziri Nikol Paşinyanın “Facebook” səhifəsinin kontent analizi və ictimai rəy sorğularının təhlili // “Stm.az”, 23.12.2020. URL: https://stm.az/news/653/veten-muharibesinde-meglub-olan-ermenistanin-bas-naziri-nikol-pasinyanin-facebook-sehifesinin-kontent-analizi-ve-ictimai-rey-sorgularinin-tehlili). 9 noyabr – 1 dekabr tarixləri arasında İrəvanda və Ermənistanın 10 bölgəsində 1517 nəfər arasında keçirilmiş sorğuda respodentlərə ünvanlanan “əgər sabah parlament seçkiləri keçirilsə kimə səs verəcəksiniz” sualına cavablar bu cür olmuşdur:
“Mənim addımım” – 61.7%
“Çiçəklənən Ermənistan” – 14.7%
“Maariflənmiş Ermənistan” – 3,9%
“Daşnaksütyun” – 2,5%
“Respublikaçılar partiyası” – 1,5%
Müharibədən sonra Ermənistan Milli Təhlükəsizlik Xidməti, hakimiyyətin göstərişi ilə siyasi qüvvələrin və Nikol Paşinyanın reytinqini öyrənmək üçün növbəti ictimai rəy sorğusu keçirmişdir. “Hraparak”-da qeyd olunurdu ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti yalnız daxili istifadə üçün vaxtaşırı belə sorğular keçirir, nəticələri isə heç vaxt dərc olunmur. Son anket sorğularının nəticələri, əldə etdiyimiz məlumata görə, rəsmi şəxslər üçün çox məyusedici idi. Nikol Paşinyanın reytinqi 6-12% arasında var-gəl edirdi. “Çiçəklənən Ermənistan” partiyasının reytinqi təxminən 6%, “Daşnaksütyun” və “Vətən” partiyasının reytinqi 3-6% arasında dəyişir, “Respublikaçılar” partiyasının reytinqi isə 2-3% idi (Рейтинг Пашиняна не превышает 12% — «Грапарак» // “Armeniatoday”, 01.12.2020. URL: https://armeniatoday.news/ru/%d0%bf%d0%be%d0%bb%d0%b8%d1%82%d0%b8%d0%ba%d0%b0/205581/).
Həmin dövrdə “Deutsche Welle” (DW) yazırdı ki, “GALLUP International Association”-a görə, iyul ayında sorğuda iştirak edən Ermənistan əhalisinin 85%-i Paşinyanın baş nazir kimi fəaliyyətini dəstəkləyirdisə, son rəy sorğularının nəticələrinə görə (Qeyd: sorğu üçtərəfli bəyanat imzalanandan sonra aparılıb) bu rəqəm 30%-dən aşağı düşüb. (Война в Карабахе обвалила рейтинг Пашиняна // «Зеркало», 21.11.2020. URL: https://zerkalo.az/vojna-v-karabahe-obvalila-rejting-pashinyana/)
44 günlük Vətən müharibəsi Ermənistana siyasi, iqtisadi və hərbi cəhətdən böyük zərbə vurdu. Müharibənin başlamasında bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyində olduğu üçün daxili auditoriyada ən böyük günahkar kimi Nikol Paşinyanı görürdülər. Vətəndaşların Ermənistan silahlı qüvvələrinin rəhbəri və baş komandanı Nikol Paşinyanın şəxsiyyətinə qarşı real münasibətlərini izləmək və monitorinq etmək məqsədilə “MosArmİnfo” sistemi tərəfindən Ermənistan, Rusiya və dünyanın müxtəlif regionlarında yaşayan “Facebook”-un erməni internet istifadəçilərinin müxtəlif yaş, cins, sosial qruplar, həmçinin müxtəlif fəaliyyət sahələri ilə məşğul olanlar arasında açıq sorğunun nəticələrinə görə nəticələr aşağıdakı kimi alınmışdır:
1) Səriştəsiz rəhbər – 856 istifadəçi
2) Xain – 685 istifadəçi
3) Hər şeyi doğru edir – 369 istifadəçi (Hüseynov, İ. Müharibənin nəticələrinin Nikol Paşinyanın reytinqinə təsiri – Rəy sorğusunun nəticələri // “1news.az”, 05.02.2021. URL: https://1news.az/az/news/20210205111247996-Muharibenin-neticelerinin-Nikol-Pashinyanin-reytinqine-tesiri-Rey-sorgusunun-neticeleri).
Qeyd etmək lazımdır ki, saxta profillər, boş səhifələr və trolların Paşinyana fəal dəstək verməsi nəzərə alınmaqla qeydolunan nəticələr ortaya çıxmışdır.
Beləliklə, sorğuda iştirak edək 1910 istifadəçi ilə nəticələr bu cür formalaşmışdır:
- Nikol Paşinyanı dəstəkləyirlər və hər şeyi doğru etdiyinə inanırlar - 19.3%
- Nikol Paşinyanı dəstəkləmirlər və hesab edirlər ki, o, səriştəsiz rəhbər və xaindir – 80,7%
Ermənistanda baş verən daxili siyasi-sosioloji proseslər, sosioloji sorğular və ictimai rəy bizi də yaxından maraqlandırdığı üçün “Gallup İnternational” tədqiqat şirkətinin Ermənistandakı nümayəndəliyini tərəfindən aparılan sorğunun nəticələri hər zaman diqqətimizi çəkmişdir. Keçirilmiş sorğulara əsasən Ermənistanın baş naziri Nikol Paşinyana münasibət çox müsbət olmuş, bununla yanaşı, Ermənistanın əksər sakinləri Rusiya ilə münasibətlərin gücləndirilməsinin tərəfdarı olduğunu bildirmişlər. Seçkiqabağı əhval-ruhiyyənin öyrənilməsi hazırkı durumda mühüm element hesab edilir. Respondentlərin 35,5% -i Ermənistanın hazırkı hakimiyyət orqanlarının 20 iyun 2021-ci il tarixinə təyin olunmuş erkən parlament seçkilərinin ədalətli və şəffaf keçiriləcəyinə əminliyini bildirmişdir. Rəyi soruşulanların 9% -i seçkilərin əsasən ədalətli və şəffaf keçiriləcəyinə inandığını ifadə etmişlər. Daha 13,4% respondent əsasən ədalətli və şəffaf keçirilməyəcəyi variant üzərində seçim edib. 29,7% isə birmənalı olaraq ədalətli seçkilərin keçirilməyəcəyini güman etmişdir (Rasimqızı, R. İlyas Hüseynov: Paşinyanın deyə bilmədiyini Tatoyanın söyləməsi digər qüvvələrin istəyi kimi sezilir // “İkisahil.az”, 02.04.2021. URL: https://ikisahil.az/post/208564-ilyas-huseynov-pashinyanin-deye-bilmediyini-tatoyanin-soylemesi-diger-quvvelerin-isteyi-kimi-sezilir). Sorğunun metodologiyasına gəlincə qeyd edə bilərik ki, sorğu Ermənistanda 26-29 mart tarixlərində telefon vasitəsilə keçirilmiş, sorğuda 801 respondent iştirak etmişdir.
Sorğudakı bütün nəticələr (daha öncəki nəticələrlə müqayisə ilə birlikdə) aşağıda sistemləşdirilmişdir:
1. “Mənim adımım” Nikol Paşinyan – 31,7% (fevralda 33,1% idi)
2. Hazırda partiya axtarışında olan Robert Köçəryan – 5,9% (fevral ayı üçün heç bir məlumat yoxdur)
3. “Çiçəklənən Ermənistan” Qaqik Sarukyan – 4,4% (fevralda 4,4% idi)
4. “Maariflənmiş Ermənistan” Edmon Marukyan – 2,7% (fevralda 2.6 % idi)
5. “Respublikaçılar Partiyası” Serj Sarqsyan – 2,4% (fevralda 2,2% idi)
6. “Daşnaksütyun” – 2,1% (fevralda 2,2% idi)
7. “Vətənin xilası uğrunda hərəkat” Vazgen Manukyan – 1%
8. “Sasna Tsrer” Jirayr Sefilyan – 0,5%
9. “Vətən” Partiyası - Artur Vanetsyan – 0,4%
10. Heç kimə səs verməyəcək – 24,6% (fevralda göstərici 27,2% idi)
11. Cavab verməkdə çətinlik çəkir – 20%
Ermənistanın “Gallup” ofisi Ermənistanın hansı ölkələrlə və ya dövlətlərarası birliklərlə əlaqələrini gücləndirməsi lazım olduğu soruşduqda, respondentlər belə cavab vermişdilər:
Rusiya – 62,9%
ABŞ – 16,4%
Fransa – 6,4%
Avropa İttifaqı – 5,2%
Çin – 2,6%
İran – 2,4%
NATO – 0,7%
Gürcüstan – 0,7%
Ermənistan vətəndaşları arasında ikitərəfli münasibətlərlə müqayisədə İrəvanın inteqrasiya birlikləri ilə əlaqələrinin möhkəmləndirilməsi məsələsi daha az populyarlıq qazanmışdır. “Gallup”-a inansaq, respondentlərin 1,5% - i Avrasiya İqtisadi İttifaqı, 0,7% - i NATO ilə, yalnız 0,2% - i isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə əlaqələrin möhkəmləndirilməsinin tərəfdarı olduğunu qeyd etmişlər (Hüseynov, İ. Ermənistan Paşinyanı dəyişdirmək istəmir, sorğunun nəticələri bunu deyir // “1news.az”, 02.04.2021. URL: https://1news.az/az/news/20210402040223403-Ermenistan-Pashinyani-deyishdirmek-istemir-sorgunun-neticeleri-bunu-deyir).
Ermənistanın Ombudsmanı Arman Tatoyan ölkəsində böyük nüfuza malikdir. Müşahidələrimiz ondan ibarətdir ki, Ermənistanın Ombudsmanı həm baş nazirlə, həm də prezidentlə görüşlərində ombudsmanın səlahiyyətlərindən kənar məsələlər də müzakirə olunur. “Gallup”-ın erməni ofisinin rəyi soruşulan Ermənistan vətəndaşları sadalanan xadimlərdən hansının daha çox etimad qazandığını cavablandırıblar. Səsvermənin nəticələrinə görə aşağıdakı mənzərə ortaya çıxmışdır:
1. Ermənistan Ombudsmanı Arman Tatoyan - 3,7 bal
2. Baş nazir Nikol Paşinyan - 2,7 bal
3. Prezident Armen Sarkisyan - 2,4 bal
4. Robert Köçəryan - 2,1 bal
5. Qagik Tsarukyan - 2,1 bal
İndi isə Ermənistanda keçirilən son sosioloji sorğunun nəticələrinə nəzər salaq və dinamikanı müqayisə edək. Parlament seçkiləri ərəfəsində Ermənistanda ilk böyük sosioloji sorğunun nəticələri ictimaiyyətin diqqətinə çatdırılıb. Sorğu Ermənistanda “Gallup International”-ın maraqlarını təmsil edən MPG Agentliyi tərəfindən aparılıb. Tədqiqatın müəyyən etdiyi maraqlı nəticələrə nəzər salaq.
Respondentlərin 56%-i hazırda Ermənistanda yaşamağın təhlükəsiz olmadığını düşünür.
Rəyi soruşulanların 31%-i hesab edir ki, Ermənistanda növbədənkənar seçki keçirmək lazım deyildi. Baş nazir Nikol Paşinyanın bu qərarını 56% dəstəkləyib.
Sorğuda iştirak edənlərin 38%-i bu qənaətdədir ki, Ermənistan-Azərbaycan sərhədində yaranmış gərginlikdə yalnız Rusiyadan dəstək gözləməyə dəyər. Bununla yanaşı, respondentlərin 31%-i Fransadan dəstək gözləyir, 24%-i isə ABŞ-a ümid edir.
Rəyi soruşulanların 42%-i seçki iştirakçıları haqqında əsas məlumatları televiziyadan, 21%-i isə “Facebook”dan aldığını qeyd edib.
Ölkədə ən populyar siyasətçinin Nikol Paşinyan deyil, Ombudsman Arman Tatoyanın olduğu da məlum olub. Onun işini respondentlər mümkün olan 5 baldan 3,9 balla qiymətləndiriblər. Nikol Paşinyanın fəaliyyətini mümkün olan 5 baldan 2,5 balla dəyərləndiriblər. Müdafiə Nazirliyinin işi - 2,4 bal, Təhlükəsizlik Şurasının işə - cəmi 2,5 bal, prezident Armen Sarkisyanın işi isə 2,1 bal toplayıb.
Respondentlərin 74%-i seçkilərdə iştirak etmək niyyətindədir. Rəyi soruşulanların 41%-i ya səs verməyəcəyini, ya da indiyədək kimə səs verəcəyini müəyyənləşdirmədiyini qeyd edib.
Ermənistanda erkən parlament seçkiləri gələn bazar günü keçirilsə, sorğuda iştirak edənlərin 24,8%-i Baş nazir Nikol Paşinyanın "Mənim addımım" blokuna səs verəcəklər. Respondentlərin 14.3%-i keçmiş prezident Robert Köçəryanın “Ermənistan” blokuna səs verməyə hazırdır. Hazırda mövcud siyasi qüvvələr arasında Nikol Paşinyanın “Mənim addımım” (demək olar ki, 25% tərəfindən dəstəklənir) və keçmiş prezident Robert Köçəryanın “Hayastan” bloku (14,3%) ən böyük populyarlığa malikdir.
Qeyd etmək lazımdır ki, aprelin sonlarında “Gallup”-ın tədqiqatına əsasən, “Mənim addımım” a respondentlərin 27,2%-i səs verməyə hazır idi. Bir ay ərzində hakim partiyaya dəstək 3,6% azalıb.
Respondentlərin 14,3%-i keçmiş prezident Robert Köçəryanın “Ermənistan” blokuna (aprelin sonunda Köçəryana 8,1% və blokun üzvü olan “Daşnaksütyun” partiyasına isə 1.8% etimad göstərmişdi), 4,1%-i “Çiçəklənən Ermənistan”a, (apreldə 3.7% idi), 3,1%-i, “Şərəf duyuram” (Vətən partiyası ilə birlikdə) blokuna 2,5%-i, “Respublika” partiyasına, 2%-i “Aydınlanmış Ermənistan”-a (apreldə 1.8% idi), 1,6%-i “Şirinyan-Babajanyan” blokuna (yeni təsis edilib), 1,2%-i, “Erməni Vətəni” partiyasına, 1,1%-i isə “Erməni Milli Konqresi”nə səs verməyə hazır olduğunu bildirib (Кочарян наращивает, Пашинян проседает: предвыборный соцопрос в Армении // “Eurasia Daily”, 23.05.2021. URL: https://eadaily.com/ru/news/2021/05/23/kocharyan-narashchivaet-pashinyan-prosedaet-predvybornyy-socopros-v-armenii).
Digər radikal partiya olan “Sasna Tsrer” və “Hərəkat 5165” üçün respondentlər hər birinə 0.5% (Aprel ayında 0.6% respondent “Sasna Tsrer”ə səs verməyə hazırdı) etimad göstəriblər.
Respondentlərin 13.4%-i (aprel ayının sonunda göstərici 7.4% idi) heç kimə səs vermək istəmədiyini, 13.3% (apreldə göstərici 14.3% idi) cavab verməkdən imtina etdiyini, digər 14.6% isə cavab verməkdə çətinlik çəkdiyini (apreldə göstərici 17.3% idi) qeyd edib (Чаблин, А. GALLUP: Самым популярным политиком Армении оказался вовсе не премьер Пашинян, а омбудсмен Татоян // “Akcent.site”, 23.05.2021. URL: https://akcent.site/novosti/14292).
Respondentlərin 55,7% -i seçkilərdə iştirak etmək niyyətindədir (aprel ayının sonunda göstərici 48,3% idi). Sorğuda iştirak edənlərin digər 18.3%-i (apreldə göstərici 14.4%) seçkidə iştirak etmək ehtimalının olduğunu qeyd edib. Rəyi soruşulanların təxminən 10,8% (apreldə göstərici 20,2% idi) iştirak etməyəcəyini, 13,9% (apreldə göstərici 13,5% idi) birmənalı şəkildə səs verməyəcəklərini bildiriblər (Рейтинг Пашиняна продолжает падать, а Кочаряна расти — опрос Gallup // “Verelq.am”, 23.05.2021. URL: https://verelq.am/ru/node/87619).
2021-ci il aprelin 18-dən 21-dək telefon sorğusu yolu ilə aparılıb. Tədqiqatın metodologiyasına əsasən qeyd edə bilərik ki, Ermənistanın hər yerindən 800 nəfərlə müsahibə aparılmışdır. Seçmənin statistik xətası 3,5% təşkil etmişdir. Çox güman ki, sözügedən tədqiqat bu gün aparılsa nəticələr tamamilə fərqli olacaqdır.
Sonda qeyd edək ki, Ermənistanda erkən parlament seçkiləri 20 iyun 2021-ci ildə keçiriləcək.
İlyas Hüseynov
Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq