Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-cü ildönümüdür | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-cü ildönümüdür

00:01 - 28 / 05 / 2021
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-cü ildönümüdür

Şərqdə demokratik quruluşa malik ilk dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından 103 il keçir.

Qeyd edək ki, AXC-nin yaranma tarixi çox mürəkkəb və çətin bir dövrə təsadüf edir. AXC-nin yaranması daha çox XIX əsrin sonu və XX əsrin əvvəllərində başlamış milli azadlıq hərəkatı ilə bağlıdır. Bu hərəkat hələ XIX əsrin sonunda Həsən bəy Zərdabi tərəfindən “Əkinçi” qəzetinin nəşrə başlamasından, ilk milli teatrın və burjuaziyanın yaranmasından, eləcə də Azərbaycan xalqında özünüdərk prosesinin başlaması ilə paralel olaraq getdikcə daha geniş vüsət almağa başlayırdı. 1918-ci ilin əvvəllərində isə hərəkat özünün pik nöqtəsinə qədəm qoydu. Çox nadir məsələdir ki, XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycanda gedən milli azadlıq hərəkatının əksər iştirakçıları Azərbaycanın Rusiyadan ayrılmasını istəmirdilər.

Sonradan 1917-ci ildə şərait dəyişdikdən sonra müstəqillik məsələsi ortaya çıxdı. Bununla belə Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov və digər aparıcı rəhbərlər Azərbaycanın Rusiya ilə iqtisadi əlaqələrinin saxlanmasının tərəfdarı idilər. Belə bir fikir var idi ki, 1917-ci ilin fevral inqilabından sonra Rusiya federativ bir dövlət kimi fəaliyyət göstərəcək və Azərbaycan onun tərkibində qalmaqla mədəni muxtariyyət əldə edəcək. Bu fikri Milikov başda olmaqla Kadet partiyası irəli sürürdü və Müsavat partiyası da daxil olmaqla Azərbaycanda bir neçə siyasi partiya bu fikri dəstəkləyirdi. 1917-ci ildə Bakıda keçirilən Qafqaz müsəlmanları qurultayında və həmin ildə Sankt-Peterburqda keçirilən Rusiya müsəlmanları qurultayında da bu məsələ geniş müzakirə olundu. M.Ə.Rəsulzadə başda olmaqla qurultayda iştirak edən müsəlmanların böyük əksəriyyəti Azərbaycanın Rusiyanın tərkibində muxtar qurum kimi qalmasını dəstəklədilər.

1917-ci ildə Rusiyada fevral inqilabı baş verdikdən sonra hakimiyyət müvəqqəti hökumətin əlinə keçdi və yeni hökumət ölkədə demokratik siyasət yürütməyə başladı. Eyni zamanda Rusiyanın hakimiyyəti altında olan xalqlara qarşı da bir sıra mütərəqqi qərarlar qəbul edildi. Xalqlara azadlıqlar verildi, həbsxanalarda saxlanan siyasi dustaqlar azadlığa buraxıldı, mətbuatın müstəqil fəaliyyət göstərməsi təmin olundu, insanlara öz fikirlərini azad şəkildə ifadə etmələrinə şərait yaradıldı.

Eyni proseslər Azərbaycanda da davam edirdi. Milli hərəkatın aparıcı qüvvəsi olan Müsavat partiyası gizli iş şəraitindən çıxaraq açıq fəaliyyətə keçdi, ölkədə mitinqlər və qurultaylar keçirilməyə başlandı. Lakin az bir vaxt keçdikdən sonra tarixi vəziyyət dəyişdi. Rusiya Birinci Dünya Müharibəsində iştirakını davam etdirdiyindən müvəqqəti hökumət qarşısında duran bütün məsələləri həll edə bilmədi və hakimiyyətdə olduğu müddətdə üç böyük böhran yaşadı. Avqust ayında olan sonuncu- üçüncü böhran göstərdi ki, müvəqqəti hökumət yaranmış çətin vəziyyətdən çıxa bilmir.

Belə bir şəraitdə Rusiyada Leninin rəhbərliyi ilə bolşeviklər fəaliyyətə başladılar və mövcud problemləri həll edəcəklərinə söz verməklə qısa müddətdə fəhlələri və kəndliləri öz tərəflərinə çəkə bildilər. Oktyabrın 25-də bolşeviklər hərbi çevriliş edərək müvəqqəti hökuməti devirdilər və hakimiyyətə gəldilər. Sonradan onların apardıqları siyasət göstərdi ki, onlar heç də Rusiyanın tərkibində olan xalqlara, o cümlədən Azərbaycana müstəqillik vermək fikrində deyillər. 1918-ci il martın 31-də ermənilərin əli ilə azərbaycanlılara qarşı kütləvi qırğınların təşkili məhz buna xidmət edirdi. Rusiya azərbaycanlıları qorxutmaqla Bakı neftinin əlindən çıxmasını yol verməməyə çalışırdı. Mart qırğınları göstərdi ki, azərbaycanlıların bolşeviklərlə birlikdə yaşaması mümkün deyil.

Ümumrusiya Müəssislər Məclisi bolşeviklər tərəfindən qovulduqdan sonra onun Zaqafqaziyadan olan üzvləri- azərbaycanlılar, gürcülər və ermənilər bir araya gələrək 1918-ci ilin fevralında Zaqafqaziya Seymini yaratdılar. Lakin yarandığı andan etibarən onların arasında ciddi fikir ayrılıqlarının olması mayın 26-da Gürcüstanın seymin tərkibindən çıxması və müstəqilliyini elan etməsi ilə nəticələndi. Bununla da Zaqafqaziya Seymi dağıldı. Yaranmış vəziyyətlə əlaqədar olaraq mayın 27-də seymin Azərbaycan fraksiyası fövqəladə iclas keçirdi və iclasda Milli Şuranın yaradılması haqqında qərar qəbul edildi, M.Ə.Rəsulzadə isə onun sədri seçildi. Ertəsi gün, mayın 28-də Milli Şura Azərbaycanın müstəqilliyini elan etdi və başda Fətəli Xan Xoyski olmaqla hökumət yaradıldı. Bakı şəhəri Stepan Şaumyan başda olmaqla Xalq Komissarları Sovetinin əlində olduğundan milli hökumət bir müddət Tiflisdə fəaliyyət göstərməli oldu. İyun ayında isə Gəncəyə köçdü.

AXC müstəqilliyini elan etdikdən az sonra, iyunun 4-də Türkiyə ilə AXC arasında müqavilə bağlandı və bu müqavilə ilə Türkiyə AXC-ni tanıdığını bildirdi. Belə bir şəraitdə iyun ayının 12-də S.Şaumyanın əmri ilə Bakı Xalq Komissarları Soveti hərbi qüvvələri AXC-ni devirmək məqsədilə Gəncəyə doğru irəliləməyə başladı. Türkiyə özünün ciddi problemlərinin olmasına baxmayaraq Nuru paşanın başçılığı ilə AXC-nin köməyinə gəldi. Birləşmiş Azərbaycan- türk qüvvələri Göyçay ətrafında iyunun 27-dən iyulun 1-dək davam etmiş dörd günlük gərgin döyüşdə Bakı Sovetinin qoşunlarını ağır məğlubiyyətə uğradaraq onların Gəncə üzərinə yürüşünün qarşısını aldılar. İndi AXC hökumətinin qarşısında duran əsas vəzifə Bakını azad etmək idi.

İyulun 31-də Bakı Xalq Komissarları Sovetinin istefasından sonra şəhərdə hakimiyyəti “Sentrokaspi diktaturası” ələ keçirmişdi. Azərbaycan- türk qoşunları əsasən eser və daşnaklardan ibarət olan bu qurumun hökmranlığına son qoyaraq sentyabrın 15-də Bakını azad etdilər. Sentyabrın 16-da Türkiyə ilə AXC hökuməti arasında bağlanmış müqaviləyə əsasən türk qoşununun Bakını azad etməsi müqabilində Türkiyəyə 1 milyon lir məbləğində neft, pambıq, yun və s. məhsullar göndərildi. Gündə 23 neft sisterni Batum vasitəsilə Türkiyə və Almaniyaya yola salınırdı.

1918-ci ilin oktyabr ayının sonlarında beynəlxalq aləmdə baş vermiş hadisələr AXC-ni daha bir ciddi sınaq qarşısında qoymuş oldu. Birinci Dünya Müharibəsində məğlub olmuş Türkiyə ilə Böyük Britaniya arasında oktyabrın 30-da bağlanmış “Mudros” müqaviləsinə görə, Türkiyə Zaqafqaziya, o cümlədən Azərbaycandan hərbi hissələrini çıxarmalı idi. Bu sazişə görə, Zaqafqaziya Böyük Britaniyanın nüfuz dairəsi elan olunurdu. İngilisləri daha çox Bakı nefti maraqlandırırdı. Bir faktı qeyd etmək yerinə düşər ki, ingilislərin general Tomsonun rəhbərliyi ilə noyabrın 17-də Bakını tutmasından sonra 1918-cu ilin dekabrından 1919-cu ilin avqustuna qədər Bakıdan 113,5 milyon rubl dəyərində 30 milyon pud (1 pud- 16 kiloqram) neft çıxarıldı. Bundan əlavə ingilis döyüşçüləri sonradan Bakını tərk edərkən özləri ilə xeyli miqdarda qiymətli zinət əşyaları da aparmışdılar. General Tomson bunun qarşısını almaq üçün geri qayıdan əsgər və zabitlərin üzərilərinin yoxlanması barədə göstəriş vermişdi.

1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin təsis iclası oldu. Ə.M.Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçildi. Fəaliyyətinin ilk dövründə Azərbaycan parlamentinin 97 üzvü var idi və bunlar 10 fraksiyada birləşmişdilər. 1919-cu ilin martında F.X.Xoyskinin istefasından sonra yeni hökumətin formalaşdırılması Nəsib bəy Usubbəyova tapşırıldı. həmin ilin ikinci yarısına Azərbaycan parlamenti ölkə həyatının demokratikləşdirilməsinə təkan verən bir sıra qanunlar qəbul etdi.

Əldə olunan ciddi nailiyyətlərə baxmayaraq AXC hökuməti öz müstəqilliyini möhkəmləndirə bilmədi. İri dövlətlərin Bakı nefti üzərində maraqları toqquşduğundan onlar AXC-yə qarşı kəskin təzyiqlər göstərirdilər. Bu və digər səbəblərdən 1920-ci ildə ölkədə vəziyyət xeyli dərəcədə pisləşmişdi. Neft mədənlərində işləyən fəhlələr xeyli müddət idi ki, maaş almırdılar. Qadınlar yeməyə bir şey tapa bilmədiklərini göstərmək üçün boş qazanları götürərək mitinqlərə çıxırdılar.

Siyasi səriştələri olmadığından hökumətə rəhbərlik edən şəxslər vəziyyətdən çıxış yolunu tapmaqda çətinlik çəkirdilər. Hökumət böhranının olması vəziyyəti daha da pisləşdirdi. Parlamentdə təmsil olunan fraksiyalar arasında bir sıra məsələlərdə ciddi fikir ayrılıqları yaranmışdı. F.X.Xoyskinin istefasından sonra heç kim yeni hökumətin təşkilini öz üzərinə götürmək istəmirdi. Eyni zamanda vaxt məhdudiyyəti imkan vermədiyindən AXC güclü ordunun yaradılmasına da nail ola bilmədi. Bunun nəticəsində də ölkə xarici müdaxilənin qarşısını almaqda aciz qalmışdı.

Digər tərəfdən ermənilər hər vasitə ilə AXC-nin süqutuna çalışırdılar. Məhz Moskvanın təhriki ilə daşnaklar 1920-ci il martın sonunda Qarabağda və Gəncəbasarda qiyam qaldırdılar. Çünki onlar gözəl başa düşürdülər ki, burada üsyan qaldırdıqda AXC üsyanı yatırmaq üçün ordunu ora yönəldəcək, bunun da nəticəsində ölkənin şimal sərhədləri müdafiəsiz qaldığından rus qoşunu heç bir maneəyə rast gəlmədən Azərbaycana daxil ola biləcək. Azərbaycanın işğalı üçün 1920-ci ilin fevralında yaradılmış Azərbaycan Kommunist Partiyası da əhali arasında fəal təbliğat aparırdı. Rusiyapərəst qüvvələr daşnak qiyamından istifadə edərək ölkənin daxilində Azərbaycan hökumətinə qarşı düşmənçilik təbliğatını daha da gücləndirir və hökuməti Qarabağda milli münaqişəni həll etməkdə acizlikdə günahlandırırdılar. Bolşeviklər guya ölkədə qayda-qanun yaratmaq məqsədilə hərbi yardım üçün Rusiyaya müraciət etməyi və rus qoşunlarını ölkəyə dəvət etməyə çağırırdılar.

Həmin dövrdə Türkiyənin iqtisadi vəziyyəti ağır olduğundan və başı daxili problemlərinin həllinə qarışdığından AXC-yə kömək etmək iqtidarında deyildi. Buna görə də Türkiyə ona kömək üçün müraciət edən AXC hökumətinə mənfi cavab verdi. Son nəticədə köməksiz qalan və Rusiyanın böyük ordusuna qarşı müqavimət göstərə bilməyən AXC hökuməti 1920-ci il aprelin 28-də rus qoşunları tərəfindən devrildi. Azərbaycan parlamenti əhali arasında qan tökülməsinə yol verməmək üçün hakimiyyətin kommunistlərə verilməsi barədə qərar çıxardı.

Qeyd edək ki, ömrü qısa olsa da AXC Şərqdə ilk demokratik dövlət kimi fəaliyyət göstərdiyi qısa bir müddət ərzində çox böyük işlər görə bildi. 1918-ci il iyunun 24-də üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz olan qırmızı bayraq dövlət bayrağı kimi qəbul edildi. Noyabrın 9-da isə həmin bayraq üç rəngli- mavi, qırmızı və yaşıl zolaqlardan ibarət olan bayraqla əvəz olundu.

İyunun 26-da milli ordunun yaradılması haqqında qərar qəbul olundu. İyunun 27-də Azərbaycan dili dövlət dili elan olundu. Elm, mədəniyyət, mətbuat sahələrində və digər sahələrdə ciddi uğurlar əldə edildi. Bakı Dövlət Universitetinin açılması ilə savadlı milli kadrların hazırlanmasına başlandı. Şərqdə ilk dəfə olaraq qadınla kişilərin bərabərliyi elan olundu.

Bununla belə qısa vaxt ərzində fəaliyyət göstərdiyindən və daim təcavüzkar qüvvələrin hücumlarını dəf etməli olduğundan AXC bir çox işləri həyata keçirə bilmədi- konstitusiya qəbul olunmadı, güclü ordu yaradılmadı, iqtisadi böhran aradan qaldırılmadı, xarici dövlətlərlə əlaqələr yaratmaq mümkün olmadı. Ancaq 1920-ci ilin əvvəllərində, süqutuna çox az bir vaxt qalmış Antanta dövlətləri AXC-ni müstəqil hüquqi bir dövlət kimi tanıdılar. Fəaliyyəti dövründə AXC-nin ən böyük səhvi isə Azərbaycanın tarixi torpağı olan İrəvan xanlığının ərazisinin ermənilərə verilməsi oldu.

Fəaliyyəti dövründə bir sıra yanlışlıqlara yol verməsinə baxmayaraq AXC Azərbaycan tarixində dərin bir iz qoydu. AXC-nin yaranması və fəaliyyəti dövrü, ümumiyyətlə, Şərqdə belə bir demokratik respublikanın yaradılması Azərbaycan tarixinin çox şanlı bir səhifəsini təşkil edir.

Babək Cahandarov

Paylaş:
895

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər