Göz bərəlməsinin səbəbləri və müalicəsi – Həkim məsləhəti

Mərkəzi Gömrük Hospitalının oftalmoloqu Aynurə Əliyeva “Həkim məsləhəti” rubrikasında “Ekzoftalmın (göz bərəlməsinin) səbəbləri barədə məlumat verib. Həmin məlumatları təqdim edirik.
Qalxanvari vəzi xəstəlikləri zamanı gözün zədələnməsi halları kifayət qədər tez-tez rast gəlinir. Endokrin oftalmopatiya zamanı patoloji prosesin əsasında qalxanvari vəzinin funksiyasının pozulması nəticəsində göz əzələləri və orbita toxumasında baş verən dəyişikliklər durur. Xəstələrin 80%-ində qalxanvari vəzi disfunksiyası izlənilir, bunlardan 75%-ində hiperfunksiya, 8-9% hallarda isə hipofunksiyaya rast gəlinir. Göz əlamətləri hipertireozun başlanğıcına qədər də, inkişafından 15-20 il sonra da ortaya çıxa bilər.
Xəstəliyin 3 forması var:
- Tireotoksik ekzoftalm;
- Ödemli ekzoftalm;
- Endokrin miopatiya.
Patoloji prosesin inkişafında tireotoksik ekzoftalm ödemli formaya keçə və hətta endokrin miopatiya ilə də nəticələnə bilər. Sonuncu 2 formada morfoloji olaraq ekstraokulyar əzələlərdə və orbital toxumada intensiv hüceyrə infiltrasiyası müşahidə olunur, bu da ödemə səbəb olur, sonrakı mərhələdə isə bu dəyişiklik fibroza keçir.
Tireotoksik ekzoftalm daha çox qadınlarda rast gəlinir, bir tərəfli ola bilər, əlin tremoru- əsməsi, taxikardiya, yuxu pozğunluğu, çəkinin azalması ilə müşahidə oluna bilər. Üst qapaqdakı əzələlərin spazmı nəticəsində göz yarığı əhəmiyyətli dərəcədə genişlənmiş olur, bu vəziyyət ekzoftalmı simulyasiya edir, yəni belə halda göz alması qabarıqlığı olmur. Göz alması hərəkətində məhdudiyyət olmur, göz funksiyaları pozulmur, göz dibində dəyişiklik qeyd edilmir. Simptomlar qalxanvari vəzi disfunksiyasının medikamentoz korreksiyası ilə aradan qaldırılır.
Ödemli ekzoftalm daha çox hipertireoz fonunda yaranır. Proses ikitərəflidir, lakin adətən hər göz ayrı-ayrı vaxtlarda zədələnmiş olur. Başlanğıc mərhələdə hissəvi ptoz - qapaq sallanması yarana bilər, tezliklə üst qapaq əzələlərinin spazmı - retraksiyası inkişaf edir və nəticədə göz yarığı tam qapana bilmir.
Göz alması hərəkətində məhdudiyyət, optik neyropatiya, keratopatiya, gözdaxili hipertenziya, ikigörmə-diplopiya yarana bilər. Müalicə olunmadığı halda ödemlı proses orbita toxumasının fibrozu nəticəsində göz alması hərəkətində tam məhdudiyyətə və 12-14 aya görmə zəifləməsinə, yaxud görmə sinirinin atrofiyasına gətirib çıxarır.
Endokrin miopatiya hipotireozun fonunda yaranır, daha çox kişilərdə rast gəlinir, proses ikitərəfli olur. Xəstəlik diplopiya ilə başlayır, tədricən ekzoftalm inkişaf edir, kompüter tomoqrafiyasında göz əzələlərinin qalınlaşması və genişlənməsi izlənilir. Bu zaman orbita toxumasında güclü ödem olmur. Endokrin oftalmopatiyanın müalicəsi səbəbə görə, simptomlar əsasında və bərpa məqsədilə aparılır.
Müalicə növündən asılı olaraq pasiyentlərə kortikosteroid preparatlar təyin oluna bilər, gözü qorumaq məqsədilə damla və məlhəmlərdən istifadə edilir, göz alması hərəkətində məhdudiyyətə isə cərrahi yolla müdaxilə olunur. Profilaktika məqsədilə isə pasiyentlər günəşdən qoruyan eynəklərdən istifadə etməli, mütəmadi həkim müayinəsindən keçməlidirlər.
1news.az