Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib - FOTO
İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2020-ci ilin 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Prezident Administrasiyasının və Qərargahın rəhbəri Samir Nuriyev iclası açaraq Azərbaycan Respublikası Prezidentinin ötən ay ərzində Şuşa və Ağdama səfərlərini qeyd edib, bu səfərlər zamanı dövlətimizin başçısının aparılan bərpa və yenidənqurma işlərinə yerində baxış keçirdiyi, bir sıra təməlqoyma mərasimlərində iştirak etdiyini və zəruri tapşırıqlar verdiyini vurğulayıb. Samir Nuriyev dövlətimizin başçısının verdiyi konkret göstərişlərin və qarşıya qoyduğu vəzifələrin Qərargahın gündəlik fəaliyyətində rəhbər tutulduğunu diqqətə çatdırıb.
İclasda işğaldan azad edilmiş ərazilərdə əsas prioritetlərdən biri olan minalardan təmizləmə, şəhərsalma və nəqliyyat-rabitə infrastrukturu layihələrinin icrasının vəziyyəti, su ehtiyatlarının idarə olunması və səmərəli istifadəsi, tarixi-mədəniyyət abidələrinin inventarlaşdırılması və bu abidələrin qorunması sahəsində həyata keçirilən tədbirlər, şəhidlərin ailə üzvlərinin, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin, yaralıların, müharibə veteranları və iştirakçılarının sosial təminatı məsələlərinə dair məruzələr dinlənilib və zəruri tapşırıqlar verilib.
Azərbaycan Respublikasının Prezidentinin azad edilmiş torpaqlarda bərpa və yenidənqurma işlərinin ən yüksək standartlara uyğun həyata keçirilməsi ilə bağlı tapşırığının icrası üçün bütün resursların səfərbər edilərək səmərəli istifadəsinin Qərargahın əsas hədəfi olduğu qeyd edilib.