Rusiyalı analitik: “Revanşist əhval-ruhiyyə Ermənistanın gələcəyini sual altına qoyur”
“İndi Azərbaycan və Ermənistan üçün vacib olan yeni səhifə açmaqdır. Yəqin ki, bunu indi etmək İrəvan üçün daha çətindir”.
1news.az xəbər verir ki, bunu APA-nın Moskva müxbirinə Rusiya Beynəlxalq İşlər Şurasının baş direktoru, politoloq Andrey Kortunov deyib.
“Ermənistanın gələcəyi sual altında olacaq”
Rusiyalı politoloqun sözlərinə görə, Ermənistandakı revanşist əhval-ruhiyyə bu ölkənin gələcəyini sual altına qoyur: “Ermənistan üçün yeni səhifədən başlamaq daha çətindir. Çünki müharibəni uduzublar, revanşist əhval-ruhiyyədədirlər. Mənə elə gəlir ki, bu məqam həm də Ermənistan cəmiyyətinin daxili inkişafına mənfi təsir göstərir. Əgər cəmiyyətin daxili inkişafı ilə bağlı vəzifələrin öhdəsindən gələ bilməyəcəklərsə, bu vəzifələr öz həllini tapmayacaqsa, onda Ermənistanın gələcəyi sual altında olacaq”.
“İndi çox şey Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni əhalisinin hüquqlarını necə təmin etməsindən asılı olacaq”
A. Kortunov vurğulayıb ki, indi çox şey Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inkişafının yeni perspektivlərini və erməni əhalisinin hüquqlarını necə təmin etməsindən asılı olacaq: “Əgər bütün bunlar baş versə, onda biz böyük inteqrasiya layihələrinin həyata keçirilməsinə nail ola bilərik. Cənubi Qafqaz regionunun vahid ekosistemə keçməsinin mümkünlüyünü vəzifə kimi qarşımıza qoymalıyıq. Bəli, bu haqda danışmaq hələ tezdir. Lakin düşünürəm ki, qarşımıza elə vəzifələr qoyulmalıdır ki, bizi səfərbər edə bilsin”.
1news.az