Kəlbəcərdə şəhid olan media işçiləri ordenlə təltif edilib
Prezident İlham Əliyev işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş bir qrup şəxsin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının işğaldan azad olunan ərazilərində vəzifə borcunu ləyaqətlə yerinə yetirərkən həlak olmuş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Xatırladaq ki, iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində hərəkət olan yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Nəticədə AzərTAC-ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, 4 nəfər yaralanıb.
1news.az