Leyla Abdullayevadan beynəlxalq insan hüquqları təşkilatlarına çağırış
Beynəlxalq insan hüquqları təşkilatlarını bölgədə yaxşı qonşuluq münasibətlərinin bərpasına yönəlmiş 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış üçtərəfli bəyanatın həyata keçirilməsini dəstəkləməyə, insan hüquqları və əsas azadlıqlarına seçkili münasibət sərgiləməkdən yayınmağa çağırırıq.
1news.az bildirir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva insan hüquqlarının qorunması və təşviq edilməsi sahəsində Azərbaycanın beynəlxalq təşkilatlar ilə əməkdaşlığı barədə danışarkən deyib.
L.Abdullayeva qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci il 18 iyun tarixli sərəncamı ilə ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də Azərbaycan Respublikasında ilk "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyi nəzərə alınaraq, hər il iyunun 18-i Azərbaycan Respublikasında İnsan hüquqları günü kimi qeyd olunur:
"Öncə vurğulamaq istərdik ki, Azərbaycan bütün insan hüquqları və əsas azadlıqlarının universallıq, qarşılıqlı bağlılıq və bölünməzlik prinsiplərinə sadiqdir. 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiya ölkəmizdə insan hüquqları və əsas azadlıqların təmin olunmasını dövlətin ali məqsədi kimi müəyyən etmişdir. Sənədin "Əsas insan və vətəndaş hüquqları və azadlıqları" fəsli insan hüquqlarının geniş dairəsini əhatə edən 48 maddəni özündə əks etdirir.
Bildiyiniz kimi, ölkəmiz insan hüquqları sahəsində əsas beynəlxalq hüquqi sənədlərə tərəfdir. İnsan hüquqları sahəsində əsas beynəlxalq sənədlərə qoşulmaqla yanaşı, Azərbaycan onlardan irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Bu təşkilatların sırasında BMT-nin insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində fəaliyyət göstərən müqavilə-əsaslı qurumları, ATƏT, Avropa Şurası və Avropa İttifaqı mühüm yer tutur".
XİN Mətbuat xidməti idarəsinin rəisi qeyd edib ki, insan hüquqlarının və əsas azadlıqların qorunması və təşviq edilməsi Azərbaycan Hökumətinin gündəmindədir:
"Hazırda ölkəmiz ərazilərinin 30 ilə yaxın davam edən işğaldan azad olunması nəticəsində məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz və layiqli qayıdış hüququnun, bu şəxslərin sosial, iqtisadi, mədəni hüquqlarının, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən media nümayəndələrinin peşə fəaliyyətlərini maneəsiz yerinə yetirə bilmələri ilə bağlı söz azadlıqlarının təmin olunması kimi çağırışlarla üzləşir. Bu xüsusda, tərəfimizdən bir daha beynəlxalq insan hüquqları təşkilatlarını bölgədə yaxşı qonşuluq münasibətlərinin bərpasına yönəlmiş 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış üçtərəfli bəyanatın həyata keçirilməsini dəstəkləməyə, insan hüquqları və əsas azadlıqlarına seçkili münasibət sərgiləməkdən yayınmağa çağırırıq".
1news.az