Ermənistanda azərbaycanlıların tərk etdiyi sonuncu kənd - Nüvədi kəndinin sakinləri dünya birliyinə müraciət ediblər | 1news.az | Xəbərlər
Siyasət

Ermənistanda azərbaycanlıların tərk etdiyi sonuncu kənd - Nüvədi kəndinin sakinləri dünya birliyinə müraciət ediblər

13:00 - 18 / 06 / 2021
Ermənistanda azərbaycanlıların tərk etdiyi sonuncu kənd - Nüvədi kəndinin sakinləri dünya birliyinə müraciət ediblər

7 avqust 1991-ci ilə qədər Ermənistanda azərbaycanlıların kompakt yaşadığı sonuncu yaşayış məntəqəsi olan Nüvədi kəndinin sakinləri dünya birliyinə müraciət edərək doğma torpaqlara qayıtmaq hüququnun təmin olunmasını istəyiblər.

1news.az xəbər verir ki, 452 ailə adından BMT Baş katibinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasının rəhbərinə, BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarına, İslam Əməkdaşlıq Təşkilatının rəhbərinə, ATƏT-in hazırkı sədrinə, Avropa Şurasının Baş Katibinə, Avropa Şurası Parlament Assambleyasının Prezidentinə, UNESCO-nun baş direktoruna və İSESCO-nun rəhbərinə ünvanlanan müraciət müvafiq sübutlarla 55 vərəqdə təqdim edilib.

Müraciəti Nüvədi kəndinin ən yaşlı sakini olan 86 yaşlı Tamaşa Hüseynova, Ermənistan SSR Parlamentinin keçmiş deputatı 90 yaşlı Musa Yusibov, akademik Fikrət Əliyev və hüquq elmləri doktoru, professor Əmir Əliyev də imzalayıblar.

Məlumat üçün bildirək ki, 1991-ci ilə qədər bir nəfər erməninin belə yaşamadığı Nüvədi kəndi 1929-cu ilə qədər inzibati ərazi bölgüsü cəhətdən Azərbaycanın Cəbrayıl qəzasına tabe olub.

Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası fəhlə, kəndli, qızıl ordu və matros deputatları sovetlərinin Mərkəzi Komitəsi Rəyasət Heyətinin 18 fevral 1929-cu il tarixli iclasının qanunsuz qərarı əsasında Nüvədi kəndi Azərbaycan SSR-nin Cəbrayıl qəzasından Ermənistan SSR-nin Mehri qəzasının inzibati idarəetməsinə verilib.

Uzun müddət həmin sənəd rəsmən təsdiq edilməyib, nəhayət 1969-cu ilin may ayında kəndin əhalisinin heç bir razılığı ifadə edilmədən Nüvədi kəndi Ermənistan SSR-nin Mehri rayonunun inzibati-ərazi vahidinə daxil edilib.

Nüvədi kəndinin sakinləri Azərbaycan xalqının multukultural və tolerant adən-ənənələrindən çıxış edərək dinc erməni xalqı ilə birgəyaşayış qaydalarına hazır olduqlarını bildiriblər.

Bütün insan hüquqları sənədləri: 1948-ci il tarixli Ümumdünya İnsan hüquqları Bəyannaməsi, 1951-ci il Qaçqınların statusu haqqında Beynəlxalq Konvensiya, 1966-cı il beynəlxalq paktları, BMT-nin 1998-ci il tarixli Məcburi köçkünlərlə bağlı Rəhbər Prinsipləri, BMT-nin İqtisadi və Sosial Şurasının 2005-ci ildə qəbul etdiyi Qaçqınlar və məcburi köçkünlər üçün ev və əmlak restitusiyası Prinsipləri və digər beynəlxalq sənədlər onların qayıtmaq hüququnu tam təsdiqləyir.

Nüvədi kəndi qədim və zəngin tarixə malikdir. Nüvədi kəndi ərazisində yerləşən tarixi “Sultan-Səlmə istehkamı”, o cümlədən “Baba Hacı”, “Abdulata”, “Tişneyni” və s. müqəddəs ziyarətgahları, nəhayət orta əsr qəbiristanlıqları, mükəmməl mühəndis konstruksiyalı yeraltı dəhnə və yerüstü kəhrizlər sistemi zəngin və qədim tarixlərdən yadigardır.

Bu gün Nüvədi kəndinin tarixi adı dəyişdirilib və Nrnadzor adlandırılıb. Yer adları, coğrafi adlar da qeyri-maddi mədəni irsin bir hissəsidir və onların kütləvi şəkildə saxtalaşdırılması orada əsrlər boyu yaşamış insanların mədəni hüquqlarının birbaşa pozulması olmaqla toponimik soyqırımı adlı soyqırımı növüdür. Həmin ərazilərdə yerləşən tarixi, dini, memarlıq və mədəniyyət abidələrinin məhvi isə bilavasitə “mədəni soyqırımı” siyasətinin tərkib hissəsidir.

Nüvədi kəndindən qovulmuş azərbaycanlılar öz əvvəlki tarixi yaşayış yerlərinə geri qayıtmalarına, Nüvədi kəndinin tarixi, mədəniyyət və dini abidələrinin qorunmasına dəstək istəyirlər.

Hazırda Nüvədi kəndinin bütün tarixi qəbiristanlıqları vəhşicəsinə dağıdılmış və dağıdılmaqda davam edir.

1news.az

Paylaş:
685

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər