Media nümayəndələri Konyada keçirilən “Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimlərini izləyiblər – FOTO
Türkiyənin Konya şəhərində müxtəlif ölkələrdən və NATO-dan olan uçuş heyətlərinin iştirakı ilə keçirilən “Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimlərinin kütləvi informasiya vasitələrinə açıq hissəsinə start verilib.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, hazırda “Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimləri uğurla davam edir.
Azərbaycan Hərbi Hava Qüvvələri ilk dəfədir ki, Konya təlimlərinə təkcə pilotlarla deyil, döyüş təyyarələri ilə də qatılıb.
Bu gün “Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimləri ilə bağlı brifinq keçiriləcək, “Türk Yıldızları” qrupu “TÜRKSOLO” uçuşları nümayiş etdirəcək.
Təlimlərin məqsədi Türkiyə və xarici aviasiya birliklərinin ortaq hərəkət etmək imkanlarını və qabiliyyətlərini inkişaf etdirmək, birliklər arasında qarşılıqlı dəstəyi artırmaq, yeni texnika və taktikaların sirlərinə yiyələnməkdir.
İyunun 21-də start götürən taktiki-uçuş təlimlərində Azərbaycan, Pakistan, Qətər və NATO ilə bərabər, Türkiyə Hərbi Hava və Dəniz Qüvvələrinin pilotları da iştirak edirlər.