İlham Əliyev: Ələt Azad İqtisadi Zonasının yaradılması ideyasının təməlində bizim siyasətimiz dayanır
Bu gün təməli qoyulan Ələt Azad İqtisadi Zonasının yaradılması ideyasının təməlində bizim siyasətimiz dayanır. Xüsusilə son illər qeyri-neft sektorunun inkişafı ilə əlaqədar görülən işlər bu zonanın yaradılmasına təkan verib.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu fikri Prezident İlham Əliyev Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimindən sonra Azərbaycan Televiziyasına müsahibəsində söyləyib.
“Biz gördük ki, qeyri-neft sektoruna qoyulan sərmayə daha çox dövlət sərmayəsidir, yaxud da yerli şirkətlərin sərmayəsidir. Xarici şirkətlər daha çox neft-qaz sektoruna sərmayə qoymağa meyillidirlər. Ona görə, bu zonanın yaradılması, əminəm ki, Azərbaycanın qeyri-neft sektorunun, iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafına xidmət göstərəcəkdir”, - deyə dövlətimizin başçısı bildirib.
Azad İqtisadi zonada yaradılacaq infrastrukturun investorlar üçün cəlbedici olacağını vurğulayan Prezident deyib: “Ölkəmizə yeni texnologiyalar gələcək, yeni iş yerləri yaradılacaq və burada işləyəcək Azərbaycan vətəndaşlarının əməkhaqqı yüksək olacaq, rəqabətqabiliyyətli məhsul istehsal ediləcək və bizim qeyri-neft sektorumuzun ixrac imkanları genişlənəcək. Çünki bizim ümumi daxili məhsulumuzun strukturuna baxsaq görərik ki, neft sektoru artıq üstünlük təşkil etmir. Ancaq ixraca baxdıqda görərik ki, ixracımızın mütləq əksəriyyəti neft-qaz məhsulları ilə təmin edilir. Ona görə bax, burada da islahatların aparılması və xarici investorların xüsusilə sənaye sahəsinə cəlb edilməsi əsas amillərdən biri idi. Əlbəttə ki, bu ideya çoxdan müzakirə olunurdu. Ancaq bu layihənin reallaşdırılması üçün vaxt düzgün seçilməli idi, biz buna hazır olmalı idik və hesab edirəm ki, bu gün biz buna hazırıq”.