ÜST yay tətilini növbəti tədris ilinin əyani rejimdə keçirilməsinə hazırlıq üçün istifadə etməyə çağırır
Məktəblər koronavirus pandemiyasının hazırkı mərhələsində şagirdlər və müəllimlər üçün mümkün qədər uzun müddət açıq olmalıdır.
1news.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional bürosunun ekspertləri tərəfindən hazırlanmış COVID-19 zamanı təhsilə dair son tövsiyələrdə deyilir.
ÜST yay tətilini növbəti tədris ilinə məsafədən deyil, birbaşa məktəbdə əyani rejimdə keçirilməsinə hazırlıq üçün istifadə etməyə çağırır.
“Yay ayları bizə yoluxma səviyyəsini aşağı salmağa kömək edən tədbirlərin görülməsi üçün əvəzolunmaz bir şans verir. Bu da öz növbəsində bizə məktəbləri bağlamamağa imkan verəcək, çünki gördüyümüz kimi bu cür bağlamalar təkcə təhsilə deyil, həm də uşaqların və gənclərin sosial və zehni rifahına son dərəcə pis təsir edir'', - deyə ÜST-nin Avropa regional bürosunun direktoru doktor Hans Klyuge bildirib. - “Virusun yeni ştamlarının yayılması ilə yanaşı məktəblərdə peyvənd olunmamış işçilərin olması o deməkdir ki, boş yerə vaxt itirmək olmaz. Biz pandemiyanın uşaqları öyrənmək və inkişaf etmək imkanlarından məhrum etməsinə icazə verə bilmərik”.
“Uzaqdan təhsil mükəmməl təhsil prosesini həyata keçirməyə imkan vermir. Son il ərzində valideynlər, müəllimlər və məktəblilər yeni təhsil mühitinə qismən uyğunlaşmağı bacardılar, lakin biz daha bir ilın belə keçməsinə razı ola bilmərik”, - deyə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Əfşan Xan bildirib.
Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional bürosunun ekspertlərinin yenilənmiş tövsiyələrinə səkkiz əsas tezis daxildir: məktəblərdə virus və anticisimlərin olması ilə bağlı sürətli testlərdən mümkün qədər geniş istifadə etmək; mövcud infeksiyaya nəzarət tədbirlərinin effektivliyini qiymətləndirməyə yönəlmiş bir sıra tədqiqatlar aparmaq; müvafiq təhsil səviyyəsinin, eləcə də məktəblilərin əqli və sosial rifahının qorunmasına qayğı göstərmək; çətin şəraitdə yaşayan uşaqların ehtiyaclarını nəzərə almaq; pandemiya şəraitində təhlükəsiz pedaqoji prosesə məktəb mühitini düzgün hazırlamaq; uşaqları məktəb səviyyəsində qərar qəbuletmə prosesinə cəlb etmək; məktəblərdə effektiv vaksinasiya strategiyalarını hazırlamaq; əsas ümumi məqsəd məktəblərin açılmasını və növbəti fəaliyyətini təmin etməkdir.
Tövsiyələrin müəllifləri qeyd edirlər ki, məktəblərin bağlanmasına ən son tədbir kimi baxılmalıdır – böyük infeksiya ocaqları mövcud olanda və epidemiya başqa bir yollarla idarə oluna bilmədikdə.
2020-2021-ci tədris ilində koronavirusun sürətlə yayılması bütün Avropa bölgəsində məktəb təhsilinə ciddi mənfi təsir göstərdi: keçən ilin aprel ayında pandemiyanın ən yüksək nöqtəsi olan dövrdə 53 ölkədən 44-ü bütün ölkə üzrə məktəbləri bağladı. Əksər ölkələrdə 2020-ci ilin yayında məktəblərin yenidən açılmasına baxmayaraq, payız və qış aylarında yoluxma göstəricilərinin artması, məktəblərin yenidən bağlanması da daxil olmaqla onlarca ölkədə daha sərt tədbirlərin görülməsinə səbəb oldu.
ÜST-nin bəzi üzv dövlətlərində aparılan tədqiqatlar göstərib ki, 2020-ci ilin qış aylarında məktəb şagirdləri arasında koronavirusa yoluxma hallarının sayı ümumi əhaliyə nisbətən daha az idi, məktəblərdə yenidən yoluxma səviyyəsi isə bir faizdən də azdır.