Azərbaycanda elektik avtomobillərinin sayını necə artırmaq olar? Dövlət qurumları vətəndaşların təkliflərini gözləyir – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda elektik avtomobillərinin sayını necə artırmaq olar? Dövlət qurumları vətəndaşların təkliflərini gözləyir – FOTO

14:36 - 09 / 08 / 2021
Azərbaycanda elektik avtomobillərinin sayını necə artırmaq olar? Dövlət qurumları vətəndaşların təkliflərini gözləyir – FOTO

Ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinə keçid Azərbaycan, xüsusilə də Bakı üçün əsas vəzifələrdən biridir. Belə ki, avtomobil sayı günü-gündən artsa da, keyfiyyət isə heç də arzulanan səviyyədə deyil.

Ekoloqlar həyəcan təbili çalırlar. “Çirkli” nəqliyyat vasitələrinin havaya buraxdığı tullantı qaz səbəbindən şəhərdə havanın keyfiyyəti mümkün normaları aşır. Təcili tədbirlər görülməzsə bu, uzunmüddətli perspektivdə əhalinin sağlamlığı üçün təhlükə yaradacaq. 2020-ci ilə olan məlumata görə, ölkədə 1,5 milyondan çox avtonəqliyyat vasitəsi qeydiyyatdan keçmişdir ki, bunun da təxminən yarısı paytaxtın payına düşür. İstifadə edilən maşınların 79%-nin 10 yaşdan yuxarı olması vəziyyəti daha da çətinləşdirir. Çünki bu cür avtomobillər havaya buraxılan tullantı qazlar üzrə müasir ekoloji tələblərə cavab vermir.

Yalnız elektrik enerjisi ilə işləyən (elektromobillər və ya elektrik avtomobillər), yaxud qarışıq (hibrid) mühərrik növünə malik maşınların sayı son dərəcə azdır. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, ölkədə istifadə edilən hibrid avtomobillərin sayı cəmi 6516 ədəd (ümumi maşın sayının 0,4%-i), tamamilə elektrik enerjisi ilə çalışan avtobillərin sayı isə cəmi 228 ədəddir (0,01%). Vəziyyətin bu cür olması tam anlaşılandır. Belə ki, bu avtomobillər baha başa gəlir, şəhərin avtomobil infrastrukturu isə onlara xidmət göstərilməsinə uyğunlaşdırılmayıb.

Elektrik avtomobili batareya ilə təchiz edilmiş, yalnız elektrik dartı qüvvəsi ilə hərəkət edən və elektrik şəbəkəsindən cərəyan toplayan maşın növüdür. Hibrid avtomobillər qarışıq – yanacaq və elektrik mühərrik növünə malikdirlər. Toplayıcının cərəyanla doldurulması yalnız əsas mühərriklə deyil, həm də elektrik şəbəkəsi vasitəsilə həyata keçirilən maşınlar “Plug-in hibrid” və ya “qoşulan hibrid” adlanırlar.

Hibrid maşınlar elektrik avtomobillərin akkumulatorların böyük kütləli olması, uzunmüddətli cərəyana qoşulma zərurəti, cərəyan doldurulması stansiyaları infrastrukturunun lazımi səviyyədə inkişaf etməməsi və kiçik qətetmə məsafəsi kimi çatışmazlıqlarını kompensasiya edirlər.

Azərbaycanda elektrik nəqliyyat vasitələri ilə bağlı vəziyyəti “ölü nöqtə”dən tərpətmək üçün bu ilin fevral ayında ölkədə gələcək onilliklər üçün Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər qəbul edilmişdir. Bu sənədin 5 əsas prioritetindən biri “təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi”dir. Həmçinin, 2019-cu ildə qəbul edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” çərçivəsində köhnə maşınların utilizə edilməsi üzrə proqram işlənib hazırlanmaqdadır.

Bu ilin əvvəlindən etibarən avtomobil parkının ənənəvi yanacaqla işləyən yeni maşın modelləri, həmçinin hibrid maşınlar və elektrik avtomobillərlə yenilənməsi prosesinin stimullaşdırılması istiqamətində bəzi praktiki addımlar atılmağa başlanılıb. Məsələn, mart ayının əvvəlində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bu cür avtomobillər üçün gömrük rüsumlarının azaldılması planlarının olduğunu açıqlamış, Nazirlər Kabinetinin hesabatında isə yaxın gələcəkdə elektrik avtomobillərinin Azərbaycana idxalının ümumiyyətlə rüsum və vergilərdən azad ediləcəyi bildirilmişdir.

Mənbə: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdimatı

Bu qərarların fonunda ekologiyaya və avtomobil parkının yenilənməsinə aidiyyatı olan dövlət qurumları artıq neçənci aydır ki, daxili məsləhətləşmələr keçirir, qarşıya qoyulmuş məqsədə doğru aparan ardıcıl addımların və tədbirlərin siyahısını tərtib etməyə çalışırlar.

Əgər əvvəllər qurumlarası məsləhətləşmələr əsasən qapalı formatda təşkil edilirdisə avqustun 6-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə belə bir görüş mətbuat üçün açıq şəkildə keçirilib. Görüşdə İqtisadiyyat Nazirliyini, Energerika Nazirliyini, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyini, Dövlət Gömrük Komitəsini, Bakı Nəqliyyat Agentliyini, həmçinin DANMA (Dayanıqlı Azərbaycan Naminə Milli Alyans) gənclər təşkilatını təmsil edən ekspertlər iştirak ediblər.

Bu görüşün digərlərindən daha bir fərqi iştirakçılar arasında təkcə nazirlik, qurum və təşkilat nümayəndələrinin deyil, həm də təkliflər verə biləcək avtomobil bazarı ilə bağlı sadə vətəndaşların, yaxud avtomobil həvəskarlarının və bu mövzu ilə maraqlanan şəxslərin də olmasıdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin binasında keçilmiş əyani görüşdən öncə iyulun 17-də görüş haqqında elan verildikdən və qeydiyyat başlanıldıqdan sonra nazirliyin “Facebook” sosial şəbəkəsindəki səhifəsində irəli sürülən təklif və rəylər toplanmışdır.

Ekspert və vətəndaşların çoxsaylı rəy və tövsiyələri sırasında əsasən aşağıdakıları qeyd etmək olar:

− bazarı doldurmaq üçün müəyyən müddətə, məsələn ilk 5 il ərzində elektrik və hibrid avtomobillərə tətbiq olunan vergiləri və gömrük rüsumlarını azaltmaq və ya tamamilə ləğv etmək lazımdır;

− elektrik və hibrid avtomobillərin sahiblərinə avtomobil alınması üçün güzəştli kredit verilməsi, həmçinin pulsuz parklama yerlərinin, yollarda xüsusi zolaqların ayrılması və s. kimi müxtəlif güzəştlər tətbiq edilməlidir;

− əvvəlcə bütün şəhər, daha sonra isə bütün ölkə üzrə lazımi infrastrukturun inkişaf etdirilməsi, xüsusilə də avtomobil dayanacaqlarında lazımi sayda cərəyan doldurma stansiyalarının təşkil edilməsi, elektrik avtomobillərinə cərəyan doldurulması üçün aşağı tariflərin müəyyən edilməsi;

− elektrik və hibrid avtomobillərinin servis xidmətlərinə endirim və güzəştlərin tətbiqi, həmçinin bu yeni maşın növünü təmir edə biləcək texniki heyətin təliminin təşkil edilməsi.

Bütün təkliflər kifayət qədər əsaslıdır. Hazırda Azərbaycanda təkcə elektrik avtomobili ilə keçinmək mümkün deyil, çünki bu halda şəhərdən kənara çıxa bilməyəcəksiniz. Bakıdan kənarda bu cür avtomobillərin cərəyanla təmin edilməsi üçün yerlər yoxdur. Hətta Bakının özündə belə bu kifayət qədər problemli bir işdir. Avtomobil ekspertlərinin fikrincə, hazırda paytaxtın infrastrukturu cəmi 1000 elektrik avtomobilinin cərəyanla doldurulmasını həyata keçirmək iqtidarındadır. Bu isə şəhərdə istfadə edilən ümumi avtomobil sayının cəmi 0,15%-ni təşkil edir.

Elektrik avtomobillərinin alınmasına gəlincə, tanınmış avtomobil eksperti Tural Yusifov verilişlərinin birində hesablamışdı ki, sərhəddəki bütün gömrük rüsumları hesablandıqdan sonra işlənmiş hibrid avtomobillərin ən sadə modeli Azərbaycandakı alıcıya azı 30 min manata başa gələcək. Bu məbləğin 9 mindən manatdan çoxu vergi rüsumlarının payına düşür.

Məhsulu əhəmiyyətli dərəcədə bahalaşdıran daha bir amil vergilərin avtomobilin xaricdəki satınalma qiymətinə deyil, yerli bazardakı orta alış qiymətinə əsasən hesablanmasıdır. Dövlət Gömrük Komitəsinin saytında avtomobillərin daxiliyanma mühərriyi, hibrid və elektrik maşınlar üzrə bölgüsü əks olunmayıb. Yalnız iki seçim variantı mövcuddur – minik avtomobili və ya avtobus.

Dünya təcrübəsi və bazar iqtisadiyyatı qanunları sübut edir ki, yeni nəqliyyat vasitəsinə inqilabi keçid hələ heç yerdə, əsasən də ilk mərhələdə dövlətin dəstəyi olmadan baş tutmayıb.

Azərbaycan Çinin elektrik avtomobilləri bazarının stimullaşdırılması üzrə uğurlu təcrübəsindən faydala bilər. Bu ölkə son 10 ildə elektrik nəqliyyatı sahəsində əsl inqilab edib.

Qlobal iqlim dəyişikliyi ilə mübarizə məqsədilə 2050-ci ilədək karbondan azad zona olmağı hədəfləyən Avropa İttifaqı da ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin inkişafını fəal şəkildə təbliğ edir. Son 7 ildə Aİ ölkələrində elektrik avtomobillərin sayı 17,5 dəfə, hibrid avtomobillərin sayı 8,5 dəfə, “plug-in hibrid” avtomobillərinin sayı 20 dəfə artıb.

Elektrik nəqliyyat vasitələrinin Aİ ölkələri arasında tətbiqi üzrə ilk beşliyə İsveç (ümumi avtomobil sayının 32,2%-i), Niderland (25%), Finlandiya (18,1%), Danimarka (16,4%) və Almaniya (13,5%) daxildir. Bu baxımdan dünya liderliyi isə Norveçə (54%) məxsusdur.

“Bloomberg” agentliyinin proqnozlarına görə, 2040-cı ilədək dünyanın avtomobil parkının 33%-i hissəsi elektrik avtomobillərindən ibarət olacaq.

Yelena Ostapenko

Paylaş:
1913

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər