“Sosial-iqtisadi böhran Ermənistanı növbəti siyasi kataklizmlərə sürükləyir” - Sevinc Fətəliyeva
“30 ilə yaxın müddət ərzində Azərbaycanın torpaqlarını işğal altında saxlayan Ermənistan öz təcavüzkar siyasəti ucbatından bütün regional layihələrdən kənarda qalıb və hazırda faktiki olaraq təcrid olunmuş vəziyyətdədir. Eyni zamanda, 44 günlük müharibədə Azərbaycanın qarşısında ağır məğlubiyyətə uğrayan Ermənistanda sosial-iqtisadi böhran dərinləşib və bu, məğlub ölkəni növbəti siyasi kataklizmlərə sürükləyir”.
1news.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputatın sözlərinə görə, Ermənistanın böhran və tənəzzüldən yeganə xilas yolu var, bu da Azərbaycanın yaratığı yeni reallıqları qəbul edərək konstruktiv və praqmatik mövqe sərgiləməkdən ibarətdir.
“Azərbaycan dövləti Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbə qazanmaqla həm öz ərazi bütövlüyünün bərpasına nail oldu, həm də bütün region xalqları və dövlətləri üçün faydalı olan əməkdaşlıq imkanları yaratdı. Postkonflikt mərhələsində də Azərbaycanın irəli sürdüyü təşəbbüslər və təkliflər regional inkişafa, bölgədə əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir. Ermənistan bu tarixi şansdan istifadə edərək yaranmış fürsəti dəyərləndirməlidir. Bunun üçün, ilk növbədə, ərazi iddiasından əl çəkməli, sülh müqaviləsinə hazırlıq işləri görməli və sərhədlərin delimitasiyası ilə əlaqədar beynəlxalq hüquq normalarına uyğun konkret mövqe ortaya qoymalıdır. Yeri gəlmişkən, Nikol Paşinyan Ermənistanın Azərbaycanla ən yüksək səviyyədə danışıqlara hazır olduğunu açıqlayıb. O, regional kommunikasiyaların açılması üçün Ermənistan, Rusiya və Azərbaycan baş nazir müavinlərinin üçtərəfli komissiyasının işini bərpa etməyə hazır olduqlarını bildirib. Məhz bu fakt Ermənistanın reallığı qəbul və dərk etmək məcburiyyətində olduğunu göstərir”,-deyən millət vəkili əlavə edib ki, bütün bu məsələlərin həll olunması bütövlükdə region üçün əhəmiyyətli siyasi və iqtisadi faydalar vəd edir. Bu, bölgədə sülhün yaradılması, təhlükəsizliyin təmin olunması və əməkdaşlığın genişləndirilməsi baxımından çox önəmlidir.
1news.az