Prezident İlham Əliyev: Ermənistan tərəfindən son mərhələdə verilən xəritələrin dəqiqliyi cəmi yüzdə iyirmi beş faizdir
Ermənilər işğal altındakı torpaqlarımızda yüz minlərlə mina basdırıb. Müharibə başa çatandan sonra - 10 noyabr tarixindən bu günə qədər 150-dən çox mülki şəxs və hərbçi minaya düşərək ya həlak olub, ya da ki, öz sağlamlığını itirib. Ona görə minatəmizləmə işi getməlidir və gedir.
AZƏRTAC xəbər verir ki, bunu “CNN Türk” televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev deyib.
Ermənistanın minaların xəritələrini vermədiyini qeyd edən dövlətimizin başçısı bildirib: “Son mərhələdə verilən xəritələrin dəqiqliyi cəmi yüzdə iyirmi beş faizdir. Yəni, burada da özlərini qeyri-səmimi aparırlar. Biz insanların həyatını risk altına ata bilmərik. Ona görə azad edilmiş torpaqlarda - Qarabağda və Şərqi Zəngəzurda indi həm minalardan təmizləmə işləri, eyni zamanda, infrastruktur işləri sürətlə gedir. Siz oraya gedəndə böyük infrastruktur layihələri - yollar, elektrik xətləri, su xətləri, hava limanları, dəmir yolları görəcəksiniz. Yəni, bunlar olmadan oraya həyat qayıda bilməz. Eyni zamanda, Ağdam şəhərinin baş planı da mayın 28-də, bizim Müstəqillik Günündə təsdiqləndi və orada artıq işlər başlayır”.