Prezident İlham Əliyev “CNN Türk”ə müsahibəsində mühüm ismarıclar verdi – TƏHLİL | 1news.az | Xəbərlər
Siyasət

Prezident İlham Əliyev “CNN Türk”ə müsahibəsində mühüm ismarıclar verdi – TƏHLİL

16:30 - 16 / 08 / 2021
Prezident İlham Əliyev “CNN Türk”ə müsahibəsində mühüm ismarıclar verdi – TƏHLİL

Son vaxtlar baş verən hadisələrdən belə qənaətə gəlmək olar ki, İkinci Qarabağ müharibəsində aldığı acı məğlubiyyət Ermənistan üçün dərs olmayıb. Belə olmasaydı rəsmi İrəvan onu tamamilə məhv olmaqdan xilas edən üçtərəfli bəyannamənin şərtlərinə əməl edərdi.

Görünür Ermənistan rəhbərliyi Azərbaycan tərəfinin humanist addımlarından öz çirkin məqsədləri üçün istifadə etməyi düşünür. Belə davam edəcəyi təqdirdə rəsmi Bakı daha ciddi tədbirlər görməli olacaq ki, bu da Ermənistan üçün fəlakətli sonluqla nəticələnə bilər.

Prezidenti İlham Əliyev avqustun 14-də “CNN Türk” televiziya kanalına müsahibəsində bir daha Ermənistana xəbərdarlıq edərək onu tez bir zamanda sülh müqaviləsini imzalamağa çağırıb:

“Mən bir neçə dəfə öz sözümü açıq demişdim ki, biz istəyirik Ermənistanla sülh müqaviləsi imzalansın. Ermənistan və Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü tanısınlar və sərhədlərin delimitasiyası, yəni, müəyyən edilməsi prosesi də başlasın. Ancaq bu günə qədər Ermənistandan müsbət cavab almamışıq. Belə görünür ki, Ermənistan buna hazır deyil, ya da bunun əleyhinədir. Mən söylədim ki, bu, böyük yanlışlıq olar və onlar özləri də peşman olacaqlar. Çünki biz bu təklifi masa üzərində əbədi saxlamalı deyilik. Əgər buna etiraz edirlərsə, açıq söyləsinlər ki, onlar Azərbaycanla sülh müqaviləsi imzalamaq istəmirlər. Belə olan halda biz də öz siyasətimizi buna uyğun şəkildə aparacağıq. Əgər Ermənistan buna hazırdırsa, əgər Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü tanımağa hazırdırsa, onda əlbəttə ki, bölgəyə uzunmüddətli sülh gələcək. Biz bunu istəyirik və eyni zamanda, buna nail olmaq üçün indi konkret təkliflər də masa üzərindədir. Yolların açılması, Zəngəzur dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpası, yəni Cənubi Qafqazda uzun fasilədən sonra sülhün təmin edilməsi bizim maraqlarımıza cavab verir. Hesab edirəm ki, Ermənistanın da maraqlarına cavab verir. Çünki Zəngəzur dəhlizi onların da maraqlarına xidmət edəcək. Onlar da dəmir yolu ilə həm İranla, həm Rusiya ilə əlaqə yarada bilərlər. Bu günə qədər bu əlaqə yoxdur və onlar üçün də yeni fürsətlər ortaya çıxacaq.

Ancaq Ermənistanda ifrat millətçilik, türkofobiya, azərbaycanofobiya, islamofobiya o dərəcədə insanların və hakim dairələrin beyinlərini zəhərləyib ki, onlar bunu istəsələr də, dilə gətirə bilmirlər. Ermənistanda cəmiyyət və hakimiyyət təbii ki, indi çox çətin bir psixoloji durumdadır. Çünki onların otuz il ərzindəki ideoloji sütunları darmadağın edildi, mifologiya darmadağın edildi. Erməni ordusunun “müzəffər ordu” olmasını biz 44 gün ərzində yerlə bir etdik. Onların ərazi iddiaları məhv edildi”.

Dövlət başçısı müsahibəsində Zəngəzur dəhlizi, Ermənistanın təxribatçı hərəkətləri, münaqişənin həllinin regionun inkişafına təsiri, Azərbaycan-Türkiyə münasibətləri və digər məsələlər barədə də fikirlərini bildirib.

Prezident İlham Əliyevin “CNN Türk” televiziya kanalına müsahibəsini şərh edən Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, dövlət başçısı həmin müsahibəsində bir çox məsələlərlə bağlı mühüm ismarıclar verdi. Bunların bir qismi yaranmış yeni vəziyyətdə Ermənistan-Azərbaycan münasibətləri və onun gələcək perspektivləri ilə bağlı idi.

Deputat bildirib ki, bu məsələdə Azərbaycanın iki ölkə arasında uzunmüddətli sülhlə bağlı mövqeyinin hələ də dəyişməz qaldığını bildirən qalib Lider İlham Əliyev bu mövqeyin daim belə olmayacağını da ifadə edərək bildirdi ki, əgər Ermənistan sülhə hazır olmayacaqsa, Azərbaycanın sülh təklifi əbədi olaraq masa üstündə qala bilməz:

"Bu mövqe Ermənistanı son günlər törətdiyi təxribatlardan çəkinməyə dəvət etməklə bərabər, həm də ona təmkinli, ancaq ciddi xəbərdarlıq idi. Yəni sülhün əksi müharibədir və Azərbaycan buna hazırdır. Yaxşı olar ki, Ermənistan yeni məğlubiyyətə məhkum edilmiş müharibədənsə, inkişaf gətirəcək uzunmüddətli sülhə hazırlaşsın.

İkinci mühüm məsələ Azərbaycan Prezidentinin Qarabağda yaşayan erməni icmasını "yolunu azmış Azərbaycan vətəndaşları adlandırması" oldu və onların Azərbaycan cəmiyyətinə inteqrasiya olunmasından danışdı. Verilən incə ismarıc o idi ki, Azərbaycan vətəndaşını, yolunu azmış olsa belə, Azərbaycandan qoruyacaq heç bir sülhməramlı missiyaya ehtiyac yoxdur. Bu missiyanı daimi, yaxud uzunmüddətli sayaraq yanlış hesab quranlar belə səhvə yol verməsinlər. Çünki üçtərəfli Bəyanatda hər bir məsələ konkret vaxt göstərilməklə açıq şəkildə qeyd edilib".

Deputatın sözlərinə görə, xüsusi diqqət çəkən üçüncü məsələ ilə əlaqədar obyektiv təsbit və dəyərləndirmə ondan ibarət idi ki, erməni xalqı və hakimiyyəti artıq məğlubiyyəti qəbul edib:

"Bu qənaətin əsas mənbəyi odur ki, 20 iyun seçkilərində emənilərin 54 faizi məğlub ali baş komandanlarına səs verərək onu yenidən lider seçiblər. Bu həqiqətin bir qədər yumşaq ifadəsi odur ki, ermənilər yeni reallığı qəbul edir və sülhə məhkum edildiklərini anlayırlar, ancaq təəssüf ki, yenə də kimlərsə erməniləri özlərinin imperialist məqsədləri naminə yeni avantüraya sürükləmək istəyirlər. Yəni Rusiyanın müdafiə naziri nədənsə yenidən Ermənistan ordusunu silahlandırmaq və komplektləşdirmək barədə fikirlər səsləndirir. Əgər ermənilər yeni vəziyyətlə barışıblarsa və işğal faktının Azərbaycan tərəfindən aradan qaldırılması reallığını qəbul edirlərsə, onda, görəsən, Ermənistanı niyə zorla Azərbaycana qarşı silahlandırmağa cəhd göstərilir. Məqsəd nədir? Heç kim Azərbaycanın tarixi qələbəsi ilə başa çatmış 44 günlük müharibədə baş verənləri unutmasın. Əgər Rusiyadan Ermənistana 30 ildə milyardlarla dollar dəyərində verilən silahlar hərbi balansı Ermənistanın xeyrinə dəyişə bilmədisə, bu gün o milyardlar hesabına əldə edilən ən müasir silahlar Azərbaycanın Hərbi Qənimətlər Parkında sərgilənirsə, növbəti cəhdin də aqibəti belə olmağa məhkumdur. Əgər belə təxribatlar davam edcəksə, Azərbaycan tərəfi artıq önləyici tədbirlər görəcək.

Qeyd edək ki, belə tədbirlər artıq görülür. Rusiyanın regionda oynadığı rol təbii hesab edilərək, eyni zamanda, 10 noyabr Bəyanatında əksini tapan müddəaların hamısının yerinə yetirilməsinin vacibliyi bir daha xatırladıldı ki, bu da, hər şeydən öncə, sülməramlı missiyanın səlahiyət zonasında olan bütün silahlı qruplaşmaların dərhal Azərbaycan ərazisindən çıxarılması ilə bağlı idi. Növbəti ismarıc da çox konket idi. Azərbaycan 44 günlük müharibədən dərs çıxarmayanlara yenidən dərs verməyə hazırdır. Biz ləyaqətli müharibə apardıq və hərbi cinayətə yol vermədik. Azərbaycan sülh istəyir.

Sülhə gedən yol isə Zəngəzur dəhlizindən, silahsızlaşdırılmış, itaətkar və Azərbaycan cəmiyyətinə inteqrasiya etməyə hazır olan, hansısa missiyanın himayəsində yox, Azərbaycan dövlətinin və qanunlarının himayəsində yaşayan erməni icmasından və Ermənistan tərəfindən tanınan Azərbaycan sərhədlərindən keçir!".

“İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə isə bildirib ki, dövlət başçısı İlham Əliyevin hər bir nitqi, yerli və xarici mətbuata müsahibələri reallıqlarımızın təbliği ilə yanaşı, ölkə Prezidentinin natiqlik məharətini, zəngin diplomatik təcrübəsini, dünya miqyaslı siyasi lider obrazını, hər bir fikrini konkret faktlarla əsaslandırmaq bacarığını nümayiş etdirir:

“Bu baxımdan möhtərəm Prezidentimizin avqustun 14-də “CNN Türk” televiziya kanalına müsahibəsi mühüm məqamlarla, çağırışlarla diqqəti cəlb edir. Cənab İlham Əliyev sözügüdən müsahibədə telekanalın suallarını qalib ölkənin qalib Lideri kimi cavablandırdı. Digər mühüm məqam isə odur ki, daim dövlətinin, xalqının sabahını düşünən, gələcəyə hesablanmış siyasəti, yeni təkmil islahatları ilə Azərbaycana davamlı uğurlar qazandıran Prezidentin əldə olunan nailiyyətlərdən, dövlətimizin beynəlxalq hüquqa əsaslanan balanslaşdırılmış xarici siyasəti nəticəsində ayrı-ayrı ölkələrlə qurduğu əməkdaşlıq əlaqələrindən, postmüharibə dövrünün reallıqlarının gerçəkləşdirilməsi məqsədilə möhkəm hüquqi bazanın mövcudluğundan məmnunluğunun aydın ifadəsini yaradır. Əsas olan budur ki, Azərbaycan müstəqilliyinin 30-cu ildönümünü Prezident İlham Əliyevin qətiyyəti, ordumuzun rəşadəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində ərazi bütövlüyü təmin olunan, işğaldan azad edilən torpaqlarında üçrəngli bayrağı dalğalanan, 30 ilin işğalına 44 gündə son qoyan qalib ölkə kimi qeyd edəcək.

Sözügedən müsahibə, ümumilikdə, Prezident İlham Əliyevin güclü, öz xalqını dərindən sevən, bütün qüvvə və bacarığını Azərbaycanın daha da qüdrətlənməsinə, xalqımızın ən böyük arzularının gerçəkləşdirilməsinə sərf edən, bütöv bir millətin sevgi və böyük dəstəyini qazanmış Lider olduğunu təqdim edir. Möhtərəm Prezidentimiz bu etimadı, nüfuzu, inamı ölkəmizi güclü dövlətə çevirməklə, ərazi bütövlüyümüzü bərpa edib ümummilli lider Heydər Əliyevin vəsiyyətini, Azərbaycan xalqının bütün istək və arzularını gerçəkləşdirməklə qazanıb. Prezident İlham Əliyevin müsahibədə “Müharibənin ilk günlərində bəziləri düşünürdü ki, görən dayanacaqlarmı, dayanmayacaqlarmı, dayandıracaqlarmı, dayandırmayacaqlarmı, İlham Əliyev sona qədər gedəcəkmi, getməyəcəkmi amma müharibə davam etdikcə hər kəs gördü ki, öldü var, döndü yoxdu sona qədər gedəcəyik” fikri bütün bu dediklərimizin ümumiləşdirilmiş ifadəsi, dövlət başçısının xarakterini, şəxsi keyfiyyətlərini, qətiyyətini, cəsarətini, vətənpərvərlik nümunəsini təqdim edən tezisdir.”

V.Rəhimzadə qeyd edib ki, Azərbaycan işğalın davam etdiyi 30 ilə yaxın müddətdə sülh siyasətinə sadiqlik nümayiş etdirərək bu gün artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların nəticə verməsi üçün ciddi səylər göstərdi: “Amma dünyanın ikili standartlara əsaslanan siyasəti nəticəsində Ermənistanın müxtəlif bəhanələrlə danışıqlar prosesindən yayınması, həlledici məqamlarda təxribatlar törətmək cəhdləri diqqətdən kənarda qalmadı. Açıq-aydın göründü ki, Ermənistan münaqişənin həllində maraqlı deyil, yeni müharibə planları hazırlayır. 44 günlük Vətən müharibəsində Ermənistanın işğal altında olan ərazilərimizdə qurduğu istehkamları, havadarları tərəfindən, necə deyərlər, təpədən-dırnağadək silahlandırılmasını gördükdə bunu bir daha təsdiqlədik. Himayədarlarının dəstəyi ilə danışıqları imitasiya naminə aparan, özü üçün vaxt qazanıb istehkamlar quran, silahlanan Ermənistan sonda Azərbaycan Ordusu tərəfindən necə diz çokdürüldüyünün şahidi oldu.

Dövlət başçısı İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində də diqqəti bu məqamlara, xüsusilə ATƏT-in Minsk qrupunun fəaliyyətinin nəticəsizliyinə yönəldərək bildirmişdir ki, son illər ərzində dəfələrlə demişdim ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarını işğalçılardan azad edəcək və belə də oldu: “Dediyim sözlər həyatda öz yerini tutdu və Azərbaycan Qurtuluş savaşına başlayaraq öz tarixi torpaqlarını işğalçılardan azad etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları bizim torpaqlardan qovdu və öz ərazi bütövlüyünü bərpa etdi.”

1news.az

Paylaş:
472

Son xəbərlər

Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06
Bütün xəbərlər