Əks-göstəriş sənədi hansı halda təyin edilir və onu necə əldə etmək olar? - Səhiyyə Nazirliyi AÇIQLADI | 1news.az | Xəbərlər
Cəmiyyət

Əks-göstəriş sənədi hansı halda təyin edilir və onu necə əldə etmək olar? - Səhiyyə Nazirliyi AÇIQLADI

14:05 - 18 / 08 / 2021
Əks-göstəriş sənədi hansı halda təyin edilir və onu necə əldə etmək olar? - Səhiyyə Nazirliyi AÇIQLADI

Covid-19 pandemiyasının tüğyan etdiyi bir dövrdə bu bəladan çıxış yolu kimi vaksinasiya olunmağın vacibliyi bildirilir. Hətta mütəxəssislər hesab edirlər ki, ölkədə əhalinin 70 faizi peyvənd olunarsa, bu az da olsa infeksiyanın yayılmasının qarşısını almış olur. Lakin bütün bunların fonunda bir məsələ də var ki, xüsusilə vaksin olunması labüd hesab edilməyən yanaşı xəstəlikləri olan insanları daha çox düşündürür.

Müsahibim 52 yaşlı Validə Əhmədova deyir ki, uzun illərdir bronxit-astma xəstəliyindən əziyyət çəkir. Amma buna baxmayaraq Covid-19 pasaportu olmadığl üçün onu çalışdığı müəssisəyə buraxmırlar. Peyvənd olunmaqdan qorxduğu üçün də o könüllü olaraq ərizəsini yazıb, işdən çıxıb.

Mövzunun aktuallığını nəzərə alıb kiçik araşdırma apardıq. Kimlər vaksin oluna bilməz və ya vaksinasiya üçün hansı əks göstərişlər var? Bu və ya digər suallara cavab tapmağa çalışdıq.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətindən bildirildi ki, vətəndaşlar əks göstəriş sənədini ancaq yerli poliklinikalara müraciət etməklə əldə edə bilərlər. Belə ki, hər hansı xəstəliyi olan vətəndaş xəstəliyin müəyyən edildiyini əks etdirən sənədlə birlikdə polikliniyaya müraciət edir. İlkin mərhələdə poliklinikanın nəzdindəki komissiya vətəndaşın sənədlərini yoxlayır və uyğun bildikdə Səhiyyə nazirliyinin tabeliyində olan komissiyaya yönləndirir. Səhiyyə Nazirliyinin tabeliyində olan komissiyaya da onu yoxladıqdan sonra uyğun olduğu təqdirdə əks-göstəriş sənədini vətəndaşa təqdim edir. Nazirlikdən o da bildirildi ki, əks-göstəriş sənədi vaksinin növünə uyğun olaraq təyin edilir.

Bəs görəsən doğrudanmı hazırda ölkəmizdə olan vaksinlər insan həyatı üçün təhlükəlidir və yaxud peyvənd olunan şəxsər növbəti dəfə koronavirusa yoluxurlar?

Tibb elmləri doktoru, professor Adil Qeybulla bunu belə izah etdi:

“Yanaşı xəstəliyin olması qətiyyən əks göstəriş hesab edilmir. Vaksinasiya üçün ciddi pis göstəriş yoxdur. Sadəcə olaraq hamiləliyin ilk ayında, süd verən analarda xüsusi zərurət olmasa vaksin oluna bilərlər. Amma Operativ Qərargahdan bildirilir ki, müəyyən xəstələrə əks göstərişi ola bilər. Bu da təbii ki, ÜST-ün qaydaları ilə uzlaşmalıdır. Vaksin olunanlara Covid pasportu, olunmayanlara isə əks-göstəriş sənədi verilir. Əgər bu adam xaricə gedirsə, onda ondan 70 saat öncə Covid əleyhinə test verib fəaliyyətini davam etdirir. Bundan başqa deyim ki, peyvənd olunan şəxslər koronaya yoluxduqda onu yüngül formada keçirir”.

Professor yoluxmanın sürətlə artmasını bəzi vətəndaşların məsuliyyətsizliyi ilə əlaqələndirdi:

“Əsla unutmayın ki, virus yalnız maska taxmaq, sosial məsafə saxlamaq, əlləri tez-tez dezinfeksiya etmək kimi qaydalara riayət edilməklə azala bilər. Amma təəssüf ki, bəzi insanlar bu qaydalara əməl etmirlər. Ölkədə karantin rejiminin yumşaldılması bəzi vətəndaşlarda arxayınlıq yaratdı. Nə sosial məsafə gözlənildi, nə də qaydalara əməl edilmədi. Elə bu səbəbdən də bu gün artıq biz bunun nəticələrini görürük. Artıq yoluxma pik həddə çatıb. Yoluxma sayının artım tendensiyası hələ bir müddət davam edəcək".

Qeyd edək ki, 17 avqusta olan məlumata görə ölkə üzrə virusa yoluxanların ümumi sayı 373.175 nəfərdir. Onlardan 340.174 nəfəri müalicə olunaraq sağalıb, 5188 nəfəri isə vəfat edib. O ki qaldı peyvənd olunanların sayına, birini və ikinci mərhələ üzrə ümumilikdə 5.866.215 nəfər peyvənd olunub.

Aytən Sakitqızı

Paylaş:
760

Son xəbərlər

Bütün xəbərlər