“Ermənistan 44 günlük müharibədə gördüyü acınacaqlı durumu lazım olsa, yenə görəcək” - Əflatun Amaşov
"Azərbaycan-Ermənistan dövlət sərhəddində gərginliyin artdığı, Ermənistanda səslənən bəzi çağırışların yeni müharibə ilə bağlı ritorikanı gücləndirdiyi bir vaxtda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Kəlbəcərə və Laçına səfəri, səfər gedişində səsləndirdiyi fikirlər son dərəcə önəmlidir".
Bunu 1news.az-a açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. Şura sədri xüsusilə prezidentin çıxışına diqqət çəkib.
""Qaragöl də bizimdir, başqa yerlər də bizimdir. Biz gəlmişik. 30 il bu ərazi ermənilərin əlində idi. Əgər o sərhəd onların dediyi yerdən keçirdisə, durardılar o sərhəddə. Durardılar, deyərdilər ki, sərhəd budur. Nə oldu bəs? Biz gələndən sonra, durandan sonra dedilər ki, yox, biz düz yerdə durmamışıq. Biz düz yerdə durmuşuq, harada lazımdır, orada durmuşuq və əgər istəsək, harada lazım bilsək, orada da duracağıq. Onu heç kim unutmasın”.
Prezidentin bu fikirləri onun CNN Türk telekanalına bir neçə gün öncəki müsahibəsində söylədiklərinin davamı kimi də qəbul edilə bilər. Qətiyyətlə demək mümkündür ki, dövlət başçımızın həm müsahibədə, həm də Kəlbəcər və Laçına səfərlərində səsləndirdiyi hər bir cümlə nəinki Ermənistanın revanşist siyasi dairələrinə, həm də onların arxasında dayanmış, gərginliyin artmasında maraqlı olan qüvvələrə kifayət qədər tutarlı mesajdır.
Bəli, Azərbaycan prinsipiallığını bir daha ortaya qoyur. Bu, özünün ölçülü-biçili konkret hərəkət və davranışlara əsaslanmış prinsipiallıqdır. Və Ermənistan bu prinsipiallıqdan irəli gələn əməli fəaliyyətin özü üçün hansı acınacaqlı durum formalaşdırdığını 44 günlük müharibədə görmüşdü. Lazım olsa, yenə də görəcək. Prezident İlham Əliyev bunu bir daha vurğuladı".
Aytən Sakitqızı