Bəhruz Niftəliyev: “Televiziya mənim üçün həyat tərzidir”
Azərbaycan mədəniyyətinin təbliğində, mədəni dəyərlərimizin dünya ictimaiyyətinə çatdırılmasında, həmçinin dünya mədəniyyət incilərinin ölkəmizdə təbliğ olunmasında Mədəniyyət kanalının müstəsna rolu var.
Bir-birindən maraqlı, baxımlı verilişləri ilə seçilən kanalın izləyicilərinin sayı günü-gündən artmaqdadır. Kanalın baxımlı olması isə təbii ki, onun peşəkar, yaradıcı, işini sevən kollektivinin gərgin əməyinin nəticəsidir. Son illər kanalda aparılan kadr dəyişikliyi nəticəsində istedadlı gənc kadrlara daha çox etimad göstərilməyə başlanıb. Onlardan biri də 2019-cu ilin oktyabr ayında kanalın direktor müavini təyin edilən Bəhruz Niftəliyevdir.
Qeyd edək ki, Niftəliyev Bəhruz Allahverdi oğlu 8 may 1987-ci ildə Bakı şəhərində, ziyalı ailəsində anadan olub.
Bakı şəhəri, Nəsimi rayonu 35 saylı orta məktəbdə təhsil alıb. 2005-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “Televiziya rejissorluğu” ixtisasına qəbul olub. Tələbəlik illərində fəal gənc kimi “İlyas Əfəndiyev” adına xüsusi təqaüdə layiq görülüb. Universitetin müvafiq ixtisası üzrə bakalavr və magistratura pillələrini fərqlənmə diplomu ilə bitirib. Hazırda ADMİU-nun dissertantıdır. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Məqalə, esse və şeirləri “Azərbaycan”, “525-ci qəzet”, “Ədalət”, “Kaspi”qəzetlərində, “İrəvan” ədəbi almanaxında, “İşıq”, “Ulduz”, Türkiyənin “Telmih” dərgilərində çap olunub. Onlarla elmi məqaləsi yerli və beynəlxalq jurnallarda işıq üzü görüb.
Əmək fəaliyyətinə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də müxbir kimi başlayıb. “Mədəniyyət xəbərləri” redaksiyasında redaktor, baş redaktorun müavini vəzifələrində çalışıb. Hazırda "Mədəniyyət" telekanalının direktor müavinidir.
2019-cu ildə Bakıda keçirlən “II Azərbaycan xalq mahnıları festivalı”nın baş koordinatororu, ölkəmizdə ilk dəfə reallaşan “Azərbaycan vokalçıları festivalı”nın əsas təşkilatçılarından və aparıcılarından biri olub. Mədəniyyət kanalında yayımlanan sosial-psixoloji proqram olan “O” verilişinin müəllif və aparıcısıdır. Tamaşaçılar onu həm də unudulmaz elm , ədəbiyyat və mədəniyyət xadimlərinin həyat və fəaliyyətini araşdıran “Yadigarlar” verilişindən tanıyırlar. Bir sıra yerli və beynəlxalq mükafatların, fəxri fərman və diplomların sahibidir.
Ailəlidir, bir övladı var.
Bəhruz Niftəliyevlə həmsöhbət olub həm özünün aparıcılıq etdiyi və kifayət qədər maqraqla izlənilən verilişlər, həm də Mədəniyyət kanalında tamaşaçıları gözləyən yeniliklər barədə danışdıq.
- Sizin təqdimatınızla “O” verilişi az müddətdir ki, efirə çıxsa da tamaşaçıların böyük rəğbətini qazandı. “O”nu tamaşaçılara sevdirən səbəblər hansılardır?
- “O” əslində mənim özüməm, mənim düşüncələrimdir, fikirlərimdir, bir növ özümlə söhbətdir. Bu ideya çoxdan var idi. Gerçəkləşdirmək məqamı gəldi və düşündüm ki, “O”nu ekrana çıxardım. Verilişin əsas qayəsində bunlar dayanır: Biz bir dünyanın sakinləriyik, bir səma altında yaşayırıq, bir Günəşin istisinə qızınırıq, soyuğumuz da, istimiz də eynidir. Yəni, irqindən, cinsindən, dini və milli mənsubiyyətindən asılı olmayaraq hamımız insanıq və hamımızın yaşadığı çətin, xoş və yaxud da pis məqamlar var. Hərəmiz bunu bir cür qavrayırıq, bir cür keçirdirik. Kimi bu mübarizələrdə qalib gəlir, kimi də əksinə, məğlub olur. Amma əgər ömür payı sənə verilibsə yaşamağı bacarmalısan. “O” əslində insanlara bunu anladır ki, nə olursa olsun yaşamağa davam etmək, həyatın ətəyindən yapışmaq və nikbin olmaq lazımdır. Ağrılar da, acılar da, hətta faciələr belə sənə səni qatır, səni sən edir, bəlkə də mükəmməl... Sadəcə təslim olmamaq və qalib gəlməyi bacarmaq lazımdır. Oşonun bir sözü var: “Qaliblərin yaraları tez sağalır”. Əslində bütün yaralar sağalır. Bilmirəm bunun məlhəmi zamandır, yoxsa insan özüdür. Amma nə olursa olsun bütün hallarda, məqamlarda yaşamalıyıq. Məsələn, mən intiharlara qarşıyam, uduzduğunu qəbul edib bir küncə çəkilməyə qarşıyam. Şairimiz Rəsul Rza demişkən, mübarizə bu gün də var, yarın da, mən də onun ən ön sıralarında. İnsanları buna səsləyirəm. Yaşamaq gözəldir, duymaq gözəldir, sevmək gözəldir. Mənə görə, dünyanı sevgi xilas edəcək. Çünki ən gözəl gözəllik sevgidir. Sevmək, anlamaq, birgəyaşayış, multikultural dəyərlər, dözümlülük, xalq və millətlərin mədəniyyətinə, dünya görüşünə hörmətlə yanaşmaq kimi məziyyətlər bizi biz edir, həyatımıza rəng qatır.
Mədəniyyət bizi həm birləşdirir, həm də xüsusiyyətlərimizə görə digərlərindən ayırır. Bütün bunların kökündə isə mədəni olmaq dayanır. “O” bizə bu mənəvi keyfiyyətləri aşılayır. İnsanlara insanlığı təqdim və təbliğ edir. Sosial-psixoloji proqramdır. Deyərdim ki, Azərbaycan teleməkanında nadir rastlanan bir layihədir. Çünki biz verilişimizə ancaq məşhur insanları çağırmırıq. Mənim qonağım Xalq artisti də, Xalq rəssamı da, qazi də, fiziki məhdudiyyətli hansısa bir insan da, heç tanımadığınız və ilk dəfə efirdə gördüyünüz bir sima da ola bilər. Onların həyat hekayəsi hərəmizə bir dərs olacaq. Mənə bir az “O”ndan, “O”na münasibətlərindən danışırlar həmsöhbətlərim. Sizin üçün “O” kimdir? sualını verirəm məsələn. Kimin üçünsə “O” özüdür, kimin üçünsə “O” Tanrısı, kimin üçünsə “O” valideyni, kimin üçünsə isə “O” axtarıb hələ tapa bilmədiyidir. Bu sualların fonunda əslində insan beyni, insan mənəviyyatı, insan fəlsəfəsi açılır və cəmiyyətə, insanlara sosial mesajlar veririk: həyat gözəldir, yaşamağa dəyər, hamı çətinliklərlə üzləşir, hamının yaşadığı bir faciə var, gördüyünüz o parlaq simaların əslində pərdəarxası məqamlarında nələr-nələr yaşanır. Ancaq görürsünüzmü, ayaq üstədir. Oğlunu itirən ana, ayağını itirən qazi danışır. Hamı nəsə itirir. Amma buna rəğmən həyat davam edir.
O verilişdə mən heç bir sualı qabaqcadan yazıb müsahibimin qarşısına keçmirəm. Suallar söhbətin özündən yaranır. Müəyyən tezislərimiz, istiqamətimiz var təbii ki... Amma bu işin hardasa 10 % -dir, 90 % -i məhz verilişdə cərəyan edir, qarşı tərəfin hiss və həyəcnları, ötürdüyü enerji məndə suallar yaradır və orda həmin sualları səsləndirirəm. Bəzən sual verilmir, sadəcə söhbət söhbəti gətirir.
Fürsətdən istifadə edib “O” layihəsinin rejissoru Gülüstan Əkbərə sidq ürəkdən təşəkkür edirəm. Çünki biz həqiqətən də sözün əsl mənasında çiyin-çiyinə işləyirik. O, məni çox yaxşı duyur, hiss edir. Bir-birimizi bir sözdən, bir kəlmədən anlayırıq. Birlikdə “O” verilişinin həm quluyuq, həm də ağası. Yəni, verilişin bütün əziyyətini birlikdə çəkirik. Təşəkkür edirəm ki, məni bu qədər yaxşı duyur, yaxşı hiss edir və yanımdadır. “O” yeni mövsümdə yeni studiyadan efirdə çıxır.
- “Yadigarlar” verilişi də bəyənilərək izlənilir. Azərbaycanın müxtəlif sahələri, xüsusən də elm, ədəbiyyat, mədəniyyət və incəsənət sahələrini təmsil edən görkəmli şəxsiyyətlərinə həsr olunan bu veriliş digər oxşar verilişlərdən nə ilə fərqlənir?
- “Yadigarlar” verilişi artıq televiziya məkanında bir klassikaya çevrilib. Biz bu verilişlə yolumuza İctimai Televiziyadan başlamışıq. Beş il burada yayımlandıqdan sonra Mədəniyyət kanalında davam etdi Bu isə sırf tədqiqat işidir, apardığımız tədqiqatların, araşdırmaların nəticəsində ərsəyə gələn bir proqramdır. Verilişdə elm, ədəbiyyat, mədəniyyət, incəsənət və digər sahələri təmsil edən görkəmli şəxsiyyətlərin varisləri, ailə üzvləri, yaxın dostları həmin şəxsiyyətlər haqqında, onların bilinməyən tərəfləri barədə tamaşaçılara məlumat verirlər. Komanda olaraq arxivlərə baş vurur , yeni faktları tamaşaçılara çatdırmağa çalışırıq. Təkcə tədqiqat yox , həm də müəyyən məqamlarda təhlillər aparılır.
Bu veriliş həm də televiziya məkanında yeni bir tandemdir - ana və oğul tandemi. Verilişi valideyinim, Əməkdar jurnalisti Flora xanım Xəlilzadə ilə birgə təqdim edirik.
Artıq qeyd etdiyim kimi, bu veriliş apardığımız təqdiqat işi, araşdırma nəticəsində yaranan bir verilişdir. Məsələn, hər kəs Azərbaycanın görkəmli şəxsiyyətlərindən olan Molla Pənah Vaqifi daha çox şair, siyasi və ictimai xadim kimi tanıyır. Biz isə verilişimizdə onu həm də memar, astranom kimi təqdim etdik. Yəni, biz “Yadigarlar” verilişində görkəmli şəxsiyyətlərin bilinməyən və yaxud da az bilinən tərəflərini tamaşaçıya çatdırırıq.
“Yadigarlar” verilişi tədqiqat verilişi olduğu üçün arxivlərdən nadir kadrları, məlumatları tapmaq çox çətindir. Bu işdə rejissorumuz Mehriban Hüseynli bizə çox kömək edir. Təranə Bəkirqızı da bu tədqiqatlarda bir müəllif , bir jurnalist kimi bizim yanımızdadır. Fürsətdən istifadə edib onların hər ikisinə təşəkkür edirəm. Birinci xanım, hörmətli Mehriban Əliyevanın yaxşı bir sözü var. Deyir ki, hər bir uğurlu işin, nailiyyətin arxasında eyni fikirli insanlardan ibarət komandanın fəaliyyəti dayanr. Həqiqətən də Mədəniyyət kanalının əməkaşlarının komanda şəklində çalışması, bir-birini duyması, hiss etməsi, dəstək olması layihələrimizin uğuruna gətirib çıxarır.
- Artıq qeyd etdiyiniz kimi, “Yadigarlar” verilişi Azərbaycanın televiziya məkanında ana ilə oğulun birgə apardığı yeganə verilişdir. Ananızla birgə veriliş aparmaq, tərəf müqabili olmaq necə bir hissdir?
- Flora Xəlilzadənin oğlu olmaq, jurnalist ailəsində böyümək hər şeydən öncə məsuliyyətdir. Əslində bu məsuliyyət sənin inkişafına təkan verir. Yəni, sənin artıq çiynində elə bir məsuliyyət olur ki, sən səhv etməməlisən. Bu nüans daha çox inkişaf etməyinə gətirib çıxarır. Fikirləşirsən ki, jurnalistikanı kimsə iş yerində, kimsə də universitetdə öyrənir, mənim isə evdə məktəbim olub.
Mən universitetə artıq hazır tələbə kimi getdim, işə gələndə hazır kadr idim. Çünki jurnalistikanın içində böyümüşdüm. Hər zaman deyirəm ki, Flora xanım mənim həyat və peşə məktəbim, ilk müəllimimdir.
- 2019-cu ildə Mədəniyyət kanalının dierktor müavini təyin olundunuz. Bu cür məsuliyyətli vəzifənin öhdəsindən necə gəlirsiniz? Daha məsul bir vəzifədə çalışmaq çətin deyil ki?
- Mən jurnalistika fəaliyyətimə müxbirlikdən başlamışam. Daha sonra redaktor, baş redaktorun müavini olmuşam, hazırda isə Mədəniyyət kanalının dierktor müavini vəzifəsində çalışıram. Hansı vəzifəni tutmağımdan asılı olmayaraq bayaq dediyim kimi məsuliyyəti öz üzərimdə hiss etmişəm. Bu vəzifəyə təyin olunanda da hansı çətin işlərin öhdəsindən gəlməli olduğumu anlayırdım və qətiyyən bu məni qorxutmurdu. Əksinə, bir az da əzmimi artırırdı. Mənə güvənirlərsə, mənə etimad göstərirlərsə bu etimadı gözləniləndən daha çox doğrultmalıyam. Çünki televiziyanı çox sevirəm, sevdiyim, olmalı olduğum yerdəyəm. İşimi, televiziyaya olan sevgimi, peşəmə olan məsuliyyətimi görüb dəyər verən hər kəsə təşəkkür edirəm.
- Son aylar telekanallarda aparılan kadr islahatlarını necə qiymətləndirirsiniz?
- Zaman ötür, vaxt keçir, dəyişirik, müasirləşməyi, yeni çağırışlara cavab verməyi bacarmalıyıq. Əgər kimlərsə bu çağırışlara cavab verə bilmirsə, artıq geridə qalırsa bu yerdəyişmələr, yeni təyinatlar mütləq şəkildə olmalıdır. Bar verən ağacı heç vaxt kəsmirlər. Əgər ağac quruyursa və yaxud içini qurd yeyirsə artıq onu kəsirsən. İnsanlar da belədir. Əsas odur ki, insan hansı sahədə işləməyindən asılı olmayaraq daim öz üzərində çalışıb, inkişaf etməlidir. Hansı vəzifəni daşımağından asılı olmayaraq vicdanın sənə yol göstərməli, sənə istiqamət verməlidir.
Bəziləri televiziyanın cazibəsinə qapılaraq tanınmaq, şan-şöhrət qazanmaq üçün bura gəlirlər. Amma bunlar ötəri hislərdir. Çünki televiziyaya gəldikdən sonra onun necə əziyyətli bir sahə olduğunu görənlərin çoxu ordan üz döndərir. Sevdiyim sahədir televiziya. Mənim üçün bir növ həyat tərzidir. Hətta məzuniyyətə çıxanda belə televiziyadakı işlərimlə məşğul olurdum. Buna görə də işim nə qədər çətin olsa da yorulmuram, əksinə, gördüyüm işdən zövq alıram.
- Yeni mövsümdə “Mədəniyyət” kanalında tamaşaçıları hansı yeniliklər gözləyir?
- Mədəniyyət kanalı Azərbaycanın televiziya məkanında özünəməxsus yeri və çəkisi olan bir kanaldır. Mədəniyyət kanalı digər kanallardan həm də ona görə fərqlənir ki, tamaşaçısı daha diqqətli və tələbkardır. Çünki Mədəniyyət kanalına daha çox mədəniyyət nümayəndələri, ziyalılar, bu sahəyə marağı olan insanlar baxır. Onların da böyük əksəriyyəti televiziyayanın, incəsənətin bütün sahələrinə bələddirlər. Buna görə də biz naşı ola bilmərik. Obrazlı şəkildə desək, bizim tamaşaçılarımz bir növ zərgərdir, deməli Mədəniyyət kanalı da zər olmağı bacarmalıdır.
Kanalın kollektivi hər zaman tamaşaçılar üçün bir-birindən dəyərli, maraqlı verilişlər hazırlamağa can atır. Hətta yayın cırhacırında da biz yeni layihələrlə tamaşaçıların qarşısına çıxdıq. Yəni, biz dayanmadıq. Yeni mövsümə də xüsusi hazırlaşdıq. Köhnə verilişlərimiz belə yeniləndi. Təbii ki, çox maraqlı yeni verilişlər, layihələr də hazırlamışıq. Bu da tamaşaçının zövqünü, mənəviyyatını oxşamaq, zənginləşdirmək üçündür. Verilişlərin adını isə hər zaman sirr saxlayıram. Əgər tamaşaçıya maraqlıdırsa o verilişlərlə rastlaşacaq. İstəyərdim ki, onlar üçün sürpriz olsun.
- Yerli kanallara marağın artması, verilişlərin daha baxımlı olması üçün hansı işlər görülməlidir?
- Yarandığı gündən başlayaraq bütün dövrlərdə televiziyaya baxılıb, baxılır və baxılacaq. İnanın mənə, yerli kanallara baxmıram deyənlərin yüzdə yetmişi əslində baxır. Nəyə baxmaları isə onların öz seçimləridir.
Bəzən belə bir ifadə işlədilir ki, televiziya tamaşaçının arxasınca getməlidir. Qətiyyən bu fikirlə razılaşmıram. Televiziya tamaşaçısını arxasınca aparmalıdır. Məsələn, vacib deyil ki, Mədəniyyət kanalına yüz nəfərin hamısı baxsın. Əlli nəfəri baxsın, amma ordan nəsə götürsün, həm də digər əlli nəfərə yaxşı mənada təsir edə bilsin. Nəticədə Mədəniyət kanalı həmin tamaşaçıları özünə çəkir, onların inkişafına nail olur.
- Yəqin ki, bir çoxları hələ də bilmir ki, siz istedadlı jurnalist, aparıcı olmaqla yanaşı, həm də şairsiniz, gözəl şeirlər yazırsınız...
- Uşaqlıqdan sözlə yoğrulan bir insanam. Kimsə gedib oyuncaqlarla, həyətdə digər uşaqlarla müxtəlif oyunlar oynayırdısa mən kitablarla oynamışam, vaxtımı kitab oxumaqla keçirmişəm. Sözü dərk etmək, anlamaq o qədər xoşuma gəlirdi ki, sonradan bu sözlər qafiyələndi və beləcə şeirlər yazmağa başladım. Şeir yazdığımı uzun müddət hər kəsdən gizlətmişəm.
Bir gün şeir dəftərim aşkar olundu və həm valideyinlərim, həm də məni tanıyan insanlar təfindən çox böyük maraqla qarşılandı. Mətbuatda dəfələrlə çap olunsam da bu günə qədər onları bir kitaba toplamamışam. Çünki şairlikdən və şeirdən həmişə qaçmağa çalışmışam. Amma deyəsən bu marafonda o qalib gəlir. Bu gün yazdıqlarımı görkəmli insanlar bəyənirlərsə, demək yaza bilirəm. Məndən kitab gözləyənlərin sayı günbəgün artırsa deməli daha gecikməməliyəm. Xoş o haldır ki, kimlərinsə dilinə gətirə bilmədiklərini yaza bilirsən və yazdıqlarınla kimlərinsə fikrini, duyğusunu, ağrısını, həyəcanını ifadə edirsən. Həmin şəxs özünü səndə, sənin bir bəndində, ya bir misranda tapırsa bu doğrudan da böyük xoşbəxtlikdir. Demək mən həm də kiminsə mənəvi iztirabını ifadə etməyə kömək olmuşam.
B.Cahandarov