Azərbaycan 2030-cu ilədək 20 yeni nəsil "Airbus" təyyarəsi ala bilər
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov oktyabrın 13-də “Airbus Group”un Şərqi və Şimali Avropada satış üzrə regional direktoru Sergey Nedbaylo ilə görüşüb.
QSC-dən verilən məlumata görə, danışıqlar zamanı tərəflər ikitərəfli təşəbbüslər çərçivəsində çoxillik əməkdaşlığı müzakirə ediblər və şirkətlər arasında qarşılıqlı fəaliyyətin uğurlu təcrübəsini vurğulayıblar.
O cümlədən, AZAL-ın mövcud təyyarə parkının 2030-cu ilə qədər yenilənməsi barədə ilkin razılıq əldə edilib. Belə ki, müəyyən edilən dövrdə “Airbus Group” tərəfindən aviaşirkətə mövcud “Airbus A319” və “Airbus A320” təyyarələri əvəzinə yeni nəsil “Airbus A320neo” və “Airbus A321neo” tipli 20-dək təyyarə təchiz edilə bilər.
Tərəflər əvvəlcədən sözügedən müasir hava gəmilərinin alınmasına dair təkliflər hazırlamaq barədə razılığa gəliblər. Bu təkliflər sonradan “Azərbaycan Hava Yolları” QSC-nin Müşahidə Şurasının və Azərbaycan İnvestisiya Holdinqinin müzakirəsinə təqdim olunacaq.
Görüşdə həmçinin mülki aviasiyanın hazırkı vəziyyəti, pandemiyanın təsiri və koronavirus infeksiyasının mülki aviasiya sahəsinə yayılmasının nəticələri barədə fikir mübadiləsi aparılıb.
1news.az