Daşınmaz əmlak bazarında aktivlik azalıb, ancaq qiymətlər ucuzlaşmır – Ekspert səbəbləri açıqladı
Bütün dünyada olduğu kimi Azərbaycanda da daşınmaz əmlaka yatırım etmək doğru hesab edilir.
Koronavirus pandemiyasının tüğyan etməsi bütün dünyada olduğu Azərbaycanda daşınmaz əmlak bazarına təsirsiz ötüşmədi. Ölkəmizdə xüsusi karantin rejimi zamanla yumşaldılır. Bəs görəsən hazırda daşınmaz əmlak bazarında vəziyyət necədir?
Məsələ ilə bağlı 1news.az-a danışan Əmlak Məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, hazırda daşınmaz əmlak bazarında aktivlik müşahidə olunmur.
“Bu, mövsüm üçün xarakterik olmalayan bir haldır. Bu mövsümdə daşınmaz əmlak bazarı daha çox dinamik tendensiya müşahidə olunurdu, indi isə bunun əksini müşahidə edirik. Son dövrlər bazara pul axınları artsa da, ipoteka kreditlərinin həcmində müəyyən azalmalar müşahidə olunur. Eyni zamanda bir sıra istiqamətlər üzrə investisiya qoyuluşlarının həcmində də azamlar var. Buna baxmayaraq qiymətlərdə hərhansı bir azalma qeydə alınmır, əksinə qiymətlərdə nisbi artım var. Düşünürəm ki, bunun iki səbəbi var, bir, hökumət tərəfindən, dövlət tərəfindən əsas diqqət işğaldan azad olunmuş ərazilərdə təmir-bərpa işlərinə yönəlib, ümumiyyətlə dövlət tərəfindən ayrılan vəsaitlərin böyük hissəsi infrastruktur layihələrinin həyata keçirilməsinə, bərpa işlərinə yönəlib. Vəsaitlərin müəyyən hissəsinin bazara qayıtması üçün müəyyən bir müddət lazımdır, bu qısamüddətli bir proses deyil. İkinci əsas məsələ isə, manat üzərində olan neqativ təsirlərlə bağlıdır, bəzi dairələrdə belə bir fikir var ki, ilin sonuna və yaxın növbəti ilin əvvəlinə kimi manatın dəyərdən düşməsi müşahidə olunacaq. Düzdü, bunlar əsaslandırılmamış fikirlərdir, fikrimcə bir qədər də şaiyə xarakterlidir. Buna baxmayaraq, bu fikirlər də bazara müəyyən qədər təsir göstərir”.
R.Osmanlı deyib ki, bəzi seqmentlər öz likvidliyini qoruyub saxlayır.
“Bəzi seqmentlərdə isə likvidlik olduqca aşağıdır və əməliyyatların sayı xeyli dərəcədə azalıb. Məsələn, şəhər mərkəzinə yaxın ərazilərdə təqribən ölçüləri 200-1000 kvadrat metr olan qeyri-yaşayış obyektlərin icasinə tələb artıb, amma həmin əmlakların satışında hansısa aktivlik müşahidə olunmur. Eyni zamanda torpaq sahələrinə tələb böyükdür, amma buna baxmayaraq, təklif məhduddur. Təklif məhdud olduğu üçün müəyyən qədər qiymət artımları müşahidə olunur. O cümlədən də qiyməti ucuz olan mənzillərə tələb yüksəkdir, ancaq təklif yoxdur. Qiymətlərə gəldikdə isə, ayrı-ayrı seqmentlər üzrə şəhər ərazisindən aslı olaraq mərkəzdən kənara doğru genişləndikcə müəyyən formada dəyişir. Şəhər mərkəzində elə yerlər ki, orada mənzin 1 kvadrat metri 5000 manat və daha yuxarı qiymətə təklif olunur. Kənara doğru getdikcə, bu qiymətlər azalmağa meyillənir. Həzi Aslanov metrosu, Əhmədli metrosu, Yeni Yasamal ərazilərində mənzilin 1 kvadrat metri üçün minimum qiymət 850-900 manatdan başlayır”.
Ekspert bildirib ki, ötən il pandemiyanın təsirləri ilə təkcə iqtisadi tendensiya deyil, eyni zamanda inzibati tədbirlər də daşınmaz əmlak bazarına təsir göstərirdi.
“Hökumət bir sıra sahələrin, bazar iştirakçılarının fəaliyyətini məhdudlaşdırmışdı, gediş-gəliş imkanları məhdud idi. Bunlar bazar iştirakçılarının fəaliyyətinə mənfi təsir göstərdi, demək olar ki, alqı-satqı əməliyyatları tamamilə məhdudlaşmışdı. Bu il isə mənzərə bir qədər fərqlidir, alqı-satqı əməliyyatlarının sayında artım müşahidə edilir. Amma bir daha qeyd edirəm ki, mövsüm üçün xarakterik olmayan qeyri-aktiv dövr müşahidə olunur”.