“Türkiyə bu bölgəyə böyük investisiyalar yatırır” - Deputat

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Azərbaycan Respublikasına rəsmi səfəri görünür hələ də anti-Azərbaycan qüvələrinin ürəyinə “dağ çəkib”.
1news.az-ın məlumatına görə bu səfər elə bir dağ olub ki, müzakirə bitmir ki, bitmir. İki qardaş ölkənin hərtərəfli əməkdaşlığı və ən əsası münasibətlərinin sağlam, möhkəm təməllər üzərində qurulması kimlərisə deyəsən tüstüsüz yandırır. Əks-sədası hələ çox danışılacaq mövzu ilə bağlı Milli Məclisin deputatı Kamilə Əliyevanın da fikrlərini öyrəndik.
1news.az-a danışan millət vəkili bildirdi ki, Ərdoğanın gəlişi bütün Türk dünyası üçün qürurverici hadisə idi.
“Təsəvvür edin ki, hər iki dövlətin başçıları minalardan təmizlənərək 8 aya inşa edilib istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanının açılışını etdilər. Sevindirici haldır ki, Füzuli Beynəlxalq Hava Limanına gələn ilk rəsmi qonaq da məhz qardaş Türkiyə Cumhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan oldu. Hamıya bəllidir ki, Cənab Preizdent Ərdoğanın işğaldan azad olunan ərazlərimizə səfərinin xüsusi əhəmiyyəti var. Bu Ermənistan hakimiyətinə, bu ölkədəki revanşist qruplara, ermənipərəst qüvvələrə, onların havadarlarına bir mesaj idi. Elə bir mesaj idi ki, əgər onlar Qarabağ və Şərqi Zəngəzura bir daha başqa gözlə baxsalar qarşılarında Türkiyəni görəcəklər.
Azərbaycan və Türkiyənin müttəfiqliyi bu il Şuşada imzalanmış Şuşa bəyannaməsində hüquqi sənəd kimi də rəsmiləşdirildi. Deyim ki, Türkiyə prezidentinin bu səfəri Zəngəzur dəhlizinin açılmasının mütləq reallaşacağını bir daha dünyaya bəyan etmiş oldu. Hamı gördü ki, hər iki ölkənin prezidentləri Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur Dəhlizi) təməli qoyulub. Bu avtomobil yolu Zəngilandan başlayaq İstanbula qədər çəkiləcək. Müharibədə olduğu kimi Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərində də Türkiyə Azərbaycanın yanındadır. Quruculuq işlərində çoxsqylı Türkiyə şirkətləri iştirak edir və bu bölgəyə böyük investisiyalar yatırır”.