Zəfər tariximiz: Laçının işğaldan azad edilməsindən 1 il ötür | 1news.az | Xəbərlər
Cəmiyyət

Zəfər tariximiz: Laçının işğaldan azad edilməsindən 1 il ötür

Babək Cahandarov01:40 - 01 / 12 / 2021
Zəfər tariximiz: Laçının işğaldan azad edilməsindən 1 il ötür

Bu gün Azərbaycan xalqı növbəti Zəfər gününü – 28 il düşmən tapdağı altında qalan Laçın rayonunun işğaldan azad edilməsinin ildönümünü qeyd edir.

Digər şəhər və rayonlarımız kimi Laçın rayonunun da işğaldan azad edilməsi uğrunda şiddətli döyüşlər gedib, igid əsgər və zabitlərimiz bu döyüşlərdə böyük qəhrəmanlıqlar göstəriblər.

Azərbaycan Respublikasında “Laçının azad olunmasına görə” medalı təsis olunub. Prezident İlham Əliyevin sərəncamı ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçular “Laçının azad olunmasına görə” medalı ilə təltif olunub.

Xatırladaq ki, Laçın rayonu 1992-ci il mayın 18-də ermənilər tərəfindən işğal olunmuşdu.

İşğal nəticəsində 64 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olub, 1071 nəfəri bir, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalıb.

Rayonun 65507 nəfər əhalisi öz dədə-baba torpaqlarından qovularaq respublikamızın 59 şəhər və rayonunda məskunlaşmağa məcbur olub.

Düşmənlə döyüşlərdə böyük şücaət və qəhrəmanlıq göstərmiş 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

İşğala qədər rayonda 48 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri fəaliyyət göstərib.

Erməni işğalı nəticəsində 13745 yaşayış evi qarət edilərək yandırılıb, rayon ərazisindəki 54 dünya, 200-dən çox yerli əhəmiyyətli qədim tarixi abidə erməni vandalizminə məruz qalıb, ictimai və şəxsi təsərrüfatlarda olan 25 min başdan çox iri və 200 min başdan çox xırda buynuzlu heyvan qarət olunub.

Ümumilikdə, ilkin hesablamalara görə, işğal nəticəsində Laçın rayonuna 7,1 milyard ABŞ dollarından çox ziyan dəyib.

Məlumat üçün bildirək ki, Laçın tarixi keçmişi zəngin olan bir ərazidir. Laçın abidələri hələ eramızdan əvvəl I–II minilliyə aid edilən Xocavənd rayonundakı Azıx və Cəbrayıl rayonundakı Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər dəyərli və nadir abidələrdəndirlər.

Laçın rayonu 1924-cü ildə təsis edilib. 8 avqust 1930-cu ildə inzibati rayon statusu alıb. Ərazisi 1.84 min km2 olan Laçın rayonu 1 şəhər (Laçın), 1 qəsəbə (Qayğı) və 125 kənddən ibarətdir.

Azərbaycan Respublikasının cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə Ermənistan Respublikası (Qərbi Azərbaycan) ilə həmsərhəddir.

Əhalisinin sayı hazırda 80 mindən artıqdır. İşğaldan əvvəl əhali əsasən heyvandarlıqla məşğul olsa da, əkinçilik, arıçılıq, bağ-bostançılıq da inkişaf etmişdi.

Laçınlı qadınların hazırladığı toxuculuq məhsulları böyük şöhrət qazanmışdı. Burada yundan toxunan at çulu, palaz, kilim, xalça, zili, xurcun, fərməş xüsusi gözəlliyilə seçilib. Təsadüfi deyil ki, dünyada “Qasımuşağı” adı ilə tanınan xalçanın yaranması məhz bu bölgənin adıyla bağlıdır.

Zəngin fauna və floraya malik təbiət muzeyi olan, qiymətli mineral suları ilə tanınan Laçın rayonu ərazisində dünyada ən nadir ağac sayılan qırmızı dəmirağac meşələri, həddindən çox dərman bitkiləri və s. var.

Laçın dedikdə, onu bir dəfə görən insanın gözünün qabağında insanı heyran edən gözəl bir mənzərə canlanır. Mahalın aşağı hissəsində Zəngəzur dağının ətəyində bir-birindən xeyli aralı Artız, Salaq və Mərkiz dağları, onlardan uzaqlarda Xustun, Kəpəz, Keçəldağ silsiləsi uzanır, onlardan o tərəfdə Pirdavan, Qacaran, Kiqin dağları görünür. Zəngəzur dağlarının zirvəsi bəzi yerlərdə dəniz səviyyəsindən 3906 metr yüksəkdir və həmişə qarla örtülüdür.

Laçın rayonu zəngin faydalı qazıntılarla, o cümlədən (3 filiz, 37 qeyri-filiz və inşaat materialları yataqları) civə, vermikulit, kobalt, uran, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları, əlvan və üzlük daşları, sement xammalı və tikinti daşı yataqları ilə zəngindir. Burada sənaye əhəmiyyətli Gilgəzçay, Sarıbulaq, Narzanlı civə, Ahnəzər əlvan daşı, Qarabəyli, Dəlikdaş, Çorman və Narzanlı kimi vermikulit yataqları daha böyük ehtiyatlara malikdir.

Laçın rayonu tarixi və memarlıq quruluşu ilə seçilən abidələrlə və tikililərlə də zəngindir. Rayonda 200-ə yaxın tarix mədəniyyət və memarlıq abidəsi, onlarla kurqan, qala tipli arxeologiya baxımından faydalı olan abidələr, çoxlu sayda qəbirüstü abidələr, stellalar, at və qoç fiqurları, süjetli daşlar var. Rayon ərazisində Ağoğlan məbədi, Cicimli kəndinin türbələri, Həmzə Soltan sarayı, Laçın Tarix və Diyarşünaslıq Muzeyi, Sarı Aşığın xatirə muzeyi və s. kimi tarixi muzeylərlər olub.

2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsi Ali Baş Komandan İlham Əliyevin rəbərliyi ilə müzəffər Ordumuzun şanlı qələbəsi ilə başa çatdı. Ağır məğlubiyyətə uğrayan düşmən təslim olaraq ağ bayraq qaldırmağa məcbur oldu.

10 noyabr 2020-ci ildə Ermənistanın qol çəkdiyi üçtərəfli bəyanatda qeyd edilən Azərbaycan rayonlarının işğaldan azad edilməsi cədvəlinə uyğun olaraq, dekabrın 1-də erməni silahlı birləşmələri Laçın rayonunu tərk etdi. Beləliklə uzun müddət düşmən əsarətində qalan Laçın işğaldan azad edildi.

Hazırda digər işğaldan azad edilmiş rayonlarımız kimi Laçın rayonunda da böyük tikinti-quruculuq işləri aparılır. Qısa müddətdə Laçın bərpa ediləcək və ölkəmizin ən gözəl, çiçəklənən diyarlarından birinə çevriləcək.

B.Cahandarov

Paylaş:
917

Son xəbərlər

Bütün xəbərlər