UNICEF-in Azərbaycandakı yeni səfiri: “Pandemiyanın 2 ili ərzində qaçırılmış imkanları bərpa etmək üçün uşaqlara kömək edək!” – FOTO
Bu il BMT-nin Uşaq Fondu (UNICEF) özünün 75 illik yubileyini qeyd edir.
Təşkilat uzaq 1946-cı ildə, İkinci Dünya müharibəsi başa çatdıqdan sonra yaradılıb. Həmin vaxt əsas məqsəd həyatı və gələcəyi təhlükə altında olan uşaqlara yardım etmək idi. Fəaliyyətinin 75-ci ilində UNICEF daha bir qlobal böhranla - COVID-19 pandemiyası ilə üzləşib.
UNICEF-in pandemiya dövründə Azərbaycanda uşaq hüquqlarının müdafiəsinə necə dəstək verməsi, hansı risk, təhlükə və perspektivləri görməsi, təşkilatın iqlim sahəsində iddialı planları, həmçinin məktəbəqədər hazırlıq problemləri və mətbuat etikası məsələləri ilə bağlı UNICEF-in Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Aleks Haykens ilə həmsöhbət olduq.
Aleks Haykens avqust ayında Bakıda fəaliyyətə başlayıb. Niderlandın Utrext Universitetinin məzunu olan Heykens iqlim və təbiət elmləri üzrə mütəxəssisdir. 2020-ci ildən etibarən COVID-19 pandemiyası ilə əlaqədar problemlərlə məşğuldur.
“Azərbaycana gəldiyimə çox şadam. Yeni ölkə ilə tanışlıq hər zaman maraqlı təcrübədir”, - Haykens bildirib. “UNICEF 1993-cü ildən etibarən Azərbaycanda fəaliyyət göstərir. Bu uzun müddət ərzində uşaq hüquqlarının müdafiəsi sahəsində əhəmiyyətli inkişaf əldə olunub, amma qarşıda görüləsi işlər çoxdur”, - o əlavə edib.
Pandemiya və onun uşaqlara təsiri
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin sözlərinə görə, hazırda ölkədə epidemioloji vəziyyət dünyanın digər regionları ilə müqayisədə yaxşıdır. Yoluxma səviyyəsi nisbətən aşağıdır. O hesab edir ki, bu, Azərbaycan hökumətinin öz tərəfdaşları ilə birlikdə pandemiyaya zamanında cavab verməsindən xəbər verir.
“Bu gün pandemiya ilə sağollaşmağın tez olması barədə siqnalı ictimaiyyətə çatdırmaq vacibdir. Diqqətli olmalı və son il yarım ərzində görməyi öyrəşdiyimiz faydalı tədbirləri davam etdirmək lazımdır. Maska taxmalı, tez-tez əllərimizi yumalı, məsafə saxlamalı və vaksinin köməyi ilə qorunmalıyıq”, - Aleks Haykens deyib.
Bütün dünyada insanların pandemiya və məhdudiyyətlərdən yorulduğunu anlayışla qəbul edən səfir bildirib ki, indiki məqamda vəziyyətə nəzarəti əldən vermək onun kəskinləşməsini qaçılmaz edər.
Koronavirusa qarşı vaksinlərin əlçatanlığının təminatı baxımından təcrübəyə malik Aleks Haykens qeyd edib ki, vaksinləmə ilk növbədə əhalinin ən həssas təbəqəsi olan tibb işçilərini, yaşlıları, sağlamlıqla bağlı fərqli xüsusiyyətlərə malik şəxsləri əhatə etməlidir. Azərbaycanda 18 yaşdan yuxarı əhalinin bütün qruplarının peyvəndləndiyini nəzərə alsaq, hazırda peyvəndləmə yaşının edirilməsi və yeniyetmələrin peyvənd olunması aktual addım olar.
“Mənim 17 və 19 yaşlı hər iki qızım tam peyvənd olunub və hətta buster doza da vurdurub. Anlamalıyıq ki, bununla təkcə konkret uşağı deyil, həm də onun ailəsini və bütün cəmiyyəti qorumuş oluruq”, - o bildirib.
Uşaqların təcrid olunması əsas təhlükədir
Qeyd edək ki, pandemiya dövrü ərzində UNICEF uşaqların ev şəraitində təcrid olunmasının mənfi fəsadları məsələsini qlobal səviyyədə qaldırıb və dünya ölkələrinin hökumətlərini məktəbləri bağlamaq kimi tədbirlərə təkrar əl atmamağa çağırıb.
Hazırda Azərbaycanda məktəblər əyani tədris formatına qayıdıb, lakin hibrid format da tətbiq edilməkdədir. Bu formatda yalnız yoluxma halı qeydə alınmış siniflər “məsafədən” tədrisə keçirilir.
Aleks Haykensin fikrincə, bu cür hibrid format uşaqların sağlam inkişafı baxımından ideal olmasa da, indiki məqamda ideal kompromis həll yoludur.
“Əminəm ki, bütün uşaqlar məktəbə getməyə üstünlük verirlər. Sübut olunub ki, uşağın məktəbdə əyani iştirakı onun təhsilində daha yaxşı əks olunur, sosial bacarıqlara və bütün tədris prosesinin ardıcıllığına müsbəst təsir göstərir. Bu baxımdan, hibrid format ideal formula olmasa da, vəziyyətdən çıxış yoludur”, - səfir deyib.
Onun fikrincə, bu modelin modernləşdirilməsi və 2 illik pandemiya ərzində qaçırılmış imkanların bərpası üzərində düşünmək lazımdır.
Səfir qeyd edib ki, koronavirus pandemiyasından və məcburi təcriddən ən çox zərər çəkmiş uşaq qrupları əlilliyi olan uşaqlardır.
“Əgər pandemiyadan öncə məhdud imkanları olan uşaqlar rekreasiya mərkəzlərinə, fizioterapiyaya və onlara ünsiyyət imkanı verən müxtəlif dərnəklərə gedə bilirdilərsə, pandemiya dövründə hər yer bağlı olduğundan onsuz da sosial həyata az cəlb olunmuş bu uşaq qrupunun təcridi daha da dərinləşib”, - səfir deyib.
Səfir pandemiya səbəbindən idman sahəsində itirilmiş imkanlardan da söhbət açaraq, Azərbaycanın uşaq paraolimpiya hərəkatında əldə etdiyi yaxşı nailiyyətləri vurğulayıb.
“Bildiyim qədərilə medal qazanmış yetkin paraolimpiyaçılardan ikisi uşaq paraolimpiya hərəkatının yetirməsidir. Varislik prosesi baş verir və bu, əla tendensiyadır”, - o bildirib və əsas diqqəti mövcud nailiyyətləri bərpa etməyə və daha da artırmağa çağırıb.
İdmanla yanaşı Aleks Haykens məhdud fiziki imkanlara malik uşaqlar və gənclər üçün nisbətən yeni inkişaf istiqaməti olan “Abilympics”ə (ingilis dilindəki “Ability” (imkan) və “Olympics” sözlərinin birləşməsindən yaranıb) də diqqət yetirməyə çağırıb.
“Bu hərəkat əlilliyi olan gənclərdə istedad və bacarıqları ortaya çıxarmağı, onlara incəsənət, ustalıq, əl işi və hətta İT kimi ən müxtəlif sahələrdə özlərini göstərməyi qarşıya məqsəd qoyur.
1971-ci ildə Yaponiyada meydana gəlmiş “Abilympics” hərəkatı tədricən digər ölkələrdə də populyarlıq qazanıb. Gələn il bu yarışları ilk dəfə olaraq beynəlxalq səviyyədə keçirmək planlaşdırılır”, - UNICEF-in səfiri deyib.
Yeni fəaliyyət istiqaməti – İqlim
Ötən ilin əvvəli Azərbaycanda növbəti 5 il üçün UNICEF proqramı qəbul edilib. Bu proqramda ana və uşaq sağlamlığı, uşaq qidalanması, erkən uşaqlıq dövründə inkişaf və s. kimi təşkilatın fəaliyyətinin ənənəvi istiqamətləri, həmçinin daha əvvəl təşkilatın gündəliyində olmayan 2 yeni sahə öz əksini tapıb.
Bu sahələr arasında Azərbaycanda uşaqların psixoloji sağlamlığına qayğı sahəsi də vardır ki, bu sahə pandemiya və 2020-ci il payız hərbi əməliyyatlarından sonra xüsusilə aktualdır. Hərbi əməliyyatlar nəticəsində bir çox uşaq ölüm və dağıntılara şahidlik edib, öz yaxınlarını itirib və ya özləri təhlükəli vəziyyətə düşüb. Səfirin sözlərinə görə, sağlam, firavan və uğurlu nəslə malik olmaq üçün hamının bu istiqamətdə səy göstərməsi son dərəcə vacibdir.
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin gündəliyinə düşmüş ikinci mövzu qlobal iqlim dəyişikliyinin fəsadları ilə bağlıdır. Bu sahədə Aleks Haykens böyük təcrübəyə malikdir. O, 2013-cü ildə UNICEF-in Nyu-Yorkda yerləşən baş ofisində məhz İqlim dəyişiklikləri, ətraf mühit və enerji məsələləri üzrə qlobal məsləhətçi qismində fəaliyyətə başlayıb.
“Son elmi araşdırmalar iqlim dəyişikliklərinin fəsadlarının çox zərərli təsirlərinin aşkar artımından xəbər verir. Söhbət təkcə ekologiyaya təsirdən getmir. Bu, insan həyatına, sağlamlığına, kənd təsərrüfatına, təhsilə təsir deməkdir”, - o bildirib.
Səfirin Azərbaycanın ekologiya və təbii sərvətlər naziri ilə son görüşünün nəticələrinə əsasən tərəflərin inkişaf etdirmək niyyətində olduqları bir neçə mövzu formalaşıb. Ən vacib məsələlərdən biri ictimaiyyətin sosial şəbəkələr vasitəsilə məlumatlılığının artırılması ilə bağlıdır.
“Cəmiyyətdə, gənclər və yeniyetmələr arasında iqlim dəyişikliyinin onlar üçün nə məna kəsb etməsini anlamaq zərurəti mövcuddur. Bu qlobal prosesin artıq bu gün onların həyatına necə təsir etdiyini və bu təsirin gələcəkdə necə artacağını dərk etmək lazımdır”, - Aleks Haykens deyib.
İçməli suya qənaət əsas vəzifə kimi
Şəxsi təcrübəsinə əsasən mövzu ilə tanış olan Aleks Haykens bildirib ki, iqlim məsələsində Azərbaycan üçün ən əsas çağırışlardan biri içməli su çatışmalığı ilə bağlıdır.
“Ölkədə su ehtiyatlarının kəskin azalması müşahidə olunur. Dəniz suyunun içməli su ilə qarışdığı və nəticədə içməli su və suvarma suyu resurslarına çıxış imkanlarının azaldığı zonalar artmaqdadır”, - o deyib.
İnsanların davranış adətlərinin dəyişməsi vacib amildir. “Söhbət təkcə su resurslarına çıxışdan deyil, həm də bu, son dərəcə dəyərli resursdan rasional istifadədən gedir”, - səfir deyib.
“Malik olduğumuz məhdud su ehtiyatlarına qayğı ilə yanaşmaq üzərində ciddi şəkildə düşünməliyik, çünki gələcəkdə bu ehtiyatlar yalnız azalmağa doğru gedəcək”, - Aleks Haykens hesab edir.
İçməli su məsələsi sağlamlıq, xüsusilə də uşaqların həyatının ilk illərində sağlam inkişafı ilə bağlı sıx bağlıdır. Səfir qeyd edib ki, körpələr öz bədən temperaturunu tənzimləyə bilmədiyindən 30-40 dərəcəli yüksək temperatur onlar üçün təhlükəlidir. O əlavə edib ki, bu cür şəraitdə təmiz içməli suyun olmaması vəziyyəti daha da gərginləşdirir.
“Bu səbəbdən səhiyyə sahəsinin nümayəndələri ilə əməkdaşlıq çox vacibdir. Onlar hazırlıqlı olmalı və bu cür təhlükəli tendensiyalara düzgün reaksiya vermək üçün hansı məsləhətləri verməli olduqlarını bilməlidirlər”, - o deyib.
İqlim məsələsi ilə bağlı səfir Yer kürəsində sel, qasırğa, yanğın və s. kimi təbii kataklizmlərin sayının artmasına və bunun da uşaqların təhsilə və sosial xidmətlərə çıxış imkanlarını məhdudlaşdırmasına hazırlıqlı olmağın zəruriliyini qeyd edib.
“Bu səbəbdən artıq bu gün dünya qarşısında sözügedən qlobal dəyişikliklərə reaksiya verilməsi kontekstində müfəssəl proqramın hazırlanması vəzifəsi durur. Bu işə gənclər də cəlb edilməlidir. Yaxın 5 il üçün iqlim məsələsində öz ambisiyalı və böyük vəzifəmi bunda görürəm”, - Aleks Haykens deyib.
Məktəbəqədər təhsil ilə bağlı problemlər
Son bir neçə il ərzində UNICEF uşaqların inkişafında vacib mərhələ hesab olunan məktəbəqədər təhsilin tətbiqi məsələsində Azərbaycana məsləhətlər verib. Azərbaycanda məktəbəqədər hazırlığın əhatə dairəsi tədricən böyüsə də, bu prosesdə problemlər qalmaqdadır.
Valideynlər hazırlıq siniflərində uşaqlarının məktəb proqramına xas məlumatlarla yüklənməsindən narazıdırlar. Bu məsələni şərh edən səfir Aleks Haykens məktəbəqədər hazırlığın əhəmiyyətini unutmamağa çağırıb.
“Əgər Azərbaycanda bir neçə il əvvəlki vəziyyətlə indiki vəziyyəti müqayisə etsək, məktəqədər hazırlıq siniflərinə çıxış imkanlarına malik uşaqların sayında əhəmiyyətli artım göz qabağındadır”, - o bildirib. O əlavə edib ki, bir neçə il əvvəl UNICEF-in dəstəyi ilə ölkədə ilk 50 məktəbəqədər hazırlıq mərkəzi açıldı, daha sonra dövlətin təşəbbüsü, Aİ və Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə bu say artdı.
Bununla belə o qeyd edib ki, yeni tətbiq olunanın keyfiyyətinə nəzarət barədə də unutmaq olmaz. “Unutmayaq ki, məktəbəqədər hazırlıq uşağın oyun və ünsiyyət vasitəsilə inkişaf etdirilməsi deməkdir”, - o deyib.
Səfirin sözlərinə görə, uşaq məktəbəqədər sinfə ona görə gedir ki, öz həmyaşıdları ilə ünsiyyətdə olmağı öyrənsin və onu əhatə edən dünya barədə bir qədər daha çox məlumat əldə etsin. “Məktəbəqədər hazırlıq birmənalı olaraq təhsil demək deyil və hətta biz təhsildən danışsaq belə, söhbət faktlar və rəqəmlərdən getmir”, - o deyib.
Səfir ölkədəki bütün uşaq bağçalarının Təhsil Nazirliyinin tabeliyinə verilməsi haqqında Azərbaycan prezidentinin bu yaxınlarda verilmiş qərarını alqışlayıb. Onun sözlərinə görə, bu, məktəbəqədər hazırlıq prosesinin keyfiyyətinə nəzarət etməyə müsbət təsir göstərməlidir.
Mətbuat etikası
Aleks Haykens yerli mətbuatda uşaqların özünə-qəsd və ya onlara qarşı zorakılıq halları haqqında etikaya sığmayan məlumatların paylaşılması, hadisə qurbanının həddən artıq çox şəxsi məlumatlarının ictimaiyyətə təqdim olunması və bunun uşağı zəif vəziyyətə salması haqqında sualı da cavablandırıb.
“Bu cür vəziyyət təbii ki, məyusedicidir. Uşaq hüquqlarının müdafiəsi haqqında danışarkən məsələlərə kompleks yanaşma vacibdir. İmkan daxilində zorakılığın qarşısını almağa çalışmaq, artıq baş vermiş zorakılıq faktına düzgün reaksiya vermək və hadisə qurbanlarının reabilitasiyasına kömək etmək lazımdır”, - o deyib.
UNICEF səfirinin sözlərinə görə, bu sahənin tənzimlənməsində əsas rolu, şübhəsiz ki, qanunvericilik oynayır. “Hələlik Azərbaycanda bu sahədəki vəziyyəti ətraflı araşdırmaq imkanım olmayıb, lakin bu məsələdə qanunvericiliyik əsas amildir. O, icazə verilən hüdudları dəqiq və aydın şəkildə müəyyən etməlidir”, - o deyib.
Qanunvericiliklə yanaşı ictimaiyyətdə cinayət qurbanlarına qarşı etik yanaşmanı da inkişaf etdirmək vacibdir. Xüsusilə də, əgər söhbət uşaqdan gedirsə.
“Əgər biz, cəmiyyət olaraq, uşaqlarımızı qorumağı qarşıya məqsəd qoyuruqsa, insanlar anlamalıdırlar ki, bu cür hərəkətlər bu məqsədə uyğun deyil”, - Aleks Haykens deyib. O, bu vəzifənin öhdəsindən uğurla gəlmiş digər ölkələrin təcrübəsindən yararlanmağı və tətbiq etməyi məsləhət görüb.
Yeni il arzuları
UNICEF səfiri bildirib ki, 2021-ci il bütün dünyada uşaqlar və onların valideynləri üçün daha bir çətin il kimi yadda qaldı. O, əvvəlki həyata qayıdan uşaqların və valideynlərin kreativ yanaşmasını, həyatdan zövq almaq, oxumaq və inkişaf etmək üçün yeni imkan və üsullar tapmasını alqışlayıb.
“Düşünürəm ki, bu ruh yüksəkliyini özümüzlə 2022-ci ilə daşımalıyıq. Koronavirus pandemiyasının gələn il başa çatacağını gözləmək lazım deyil. Bu səbəbdən hamımıza mövcud imkanlara fokuslanmaqla yeni reallıqlar şəraitində yaşamağı və çətinliklərin bizi dayandırmasına imkan verməməyi arzu edirəm”, - Aleks Haykens deyib.
Mətn: Yelena Ostapenko
Foto: Nadir İbrahimli