Brüsseldə NATO-Rusiya Şurasının iclası başlayıb
Brüsseldə NATO-Rusiya Şurasının iclası başlayıb.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, iclas NATO Baş Qərargahında keçirilir.
İclasda Avropanın təhlükəsizliyi, Ukrayna və onun ətrafındakı vəziyyət, eyni zamanda, hərbi fəaliyyətlər, şəffaflıq və risklərin aradan qaldırılması müzakirə olunacaq.
Görüşdən sonra NATO-nun Baş katibi Yens Stoltenberq NATO-Rusiya Şurasının sədri qismində mətbuat brifinqi keçirəcək.
Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko və müdafiə nazirinin müavini Aleksandr Fomin 2 ildən sonra ilk dəfə keçirilən NATO-Rusiya Şurasında Moskvanın nümayəndə heyətinə rəhbərlik edir. ABŞ Dövlət katibinin müavini Vendi Şerman da NATO-Rusiya Şurasının iclasında iştirak edir.
İclasın təxminən üç saat davam edəcəyi gözlənilir.
Qeyd edək ki, dialoq platforması olan NATO-Rusiya Şurası 20 il əvvəl yaradılıb, lakin Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq etdikdən sonra platformanın iclasları dayandırılıb. Sonuncu dəfə 2019-cu ilin iyulunda NATO-Rusiya Şurası məhdud çərçivədə toplaşıb.
1news.az